29 yanvar 2021 15:23
1585

Ümumi orta məktəbdən tam orta məktəbə

Buna təhsilə göstərilən qayğı sayəsində nail olunub 

Təhsilin inkişafı Azərbaycanda prioritet istiqamətlərdən biridir. Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O milli məqsədlər, mənafelər əsasında qurulmalıdır”. Ötən əsrin 90-cı illərində Azərbaycan təhsili Ulu Öndərin bu müddəalarına əsaslanan islahatlar nəticəsində əsl inkişaf mərhələsinə qədəm qoydu. Ulu Öndərin yolunu uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyev də təhsilin inkişafına böyük qayğı ilə yanaşır, yeni məktəb binalarının tikilməsi, yeni tədris korpuslarının istifadəyə verilməsi gələcəyimiz olan gənclərin daha yüksək səviyyədə təhsil almalarına zəmin yaradır. 

Ölkəmizin bütün bölgələrini əhatə edən təhsil islahatları muxtar respublikamızda da uğurla həyata keçirilib. Belə ki, 1995-ci ildən etibarən bu sahədə böyük nailiyyətlər əldə olunub. Muxtar respublikamızın ən ucqar yerlərində, vaxtilə əlçatmaz hesab edilən dağ kəndlərində belə, məktəb binaları yenidən qurulur, onların maddi-texniki bazası möhkəmləndirilir. Son 20 ildən artıq bir dövrdə muxtar respublikamızda həyata keçirilən quruculuq tədbirləri içərisində yeni məktəb binalarının tikilməsi və onların yenidən qurulması mühüm əhəmiyyət kəsb edir. Təkcə bir faktı qeyd edək ki, bugünədək 200-dən çox təhsil müəssisəsi müasir tələblərə uyğun tikilərək və ya yenidən qurularaq istifadəyə verilib, onlar müasir avadanlıqlarla təmin edilib.

Yenidən qurularaq istifadəyə verilən məktəblərdən biri də 2020-ci ildə istifadəyə verilən Şərur rayonunun Qarabürc kənd ümumi məktəbidir. Məktəbdə şagirdlərin ən yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri məktəbin açılışında demişdir: “Pedaqoji kollektivin formalaşması, yaradılan şərait imkan verir ki, növbəti tədris ilində Qarabürc kənd ümumi orta məktəbi tam orta məktəbə çevrilsin. Bunun üçün lazımi tədbirlər görüləcək. Müəllimlərin üzərinə düşən vəzifə isə yaradılanlardan istifadə etməklə tədrisin səviyyəsini yüksəltmək, vətənpərvər gənclərin yetişdirilməsinə diqqəti artırmaqdır”. 

Qarşıya qoyulan tapşırığa əsasən, “Şərur rayonunun Qarabürc kənd orta məktəbinin tam orta məktəbə çevrilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2021-ci il tarixli Qərarı qəbul edilmişdir. Adıçəkilən Qərarla daha bir kənd ümumi məktəbi tam orta məktəbə çevrilmişdir. Bu təhsil müəssisəsinin ümumi məktəbdən tam orta məktəbə çevrilməsi isə muxtar respublikada təhsilin inkişafına göstərilən növbəti qayğıdır. Məktəbin direktoru Zülfüqar Məmmədovla söhbət zamanı o bildirdi ki, 120 şagird yerlik 3 mərtəbədən ibarət olan təhsil ocağında fizika, kimya və biologiya laboratoriyaları, şahmat kabinəsi, kompüter, müəllimlər və psixoloq otaqları, kitabxana və idman zalı ötən ilin noyabr ayında müəllim və şagirdlərin istifadəsinə verilib. Məktəbdə ilk dəfə olaraq yaradılan STEAM kabinəsində elektron lövhə,  2 kompüter, 3D printer quraşdırılmış, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları qoyulmuşdur. Həmin kabinədə şagirdlərin əl işləri nümayiş etdirilir. Ali Məclis Sədrinin tapşırığına əsasən, Qarabürc kənd ümumi məktəbinin tam orta məktəbə çevrilməsi kollektivimizin sevincini birə- beşə artırıb. Biz də çalışacağıq ki, yaradılan şəraitə, göstərilən qayğıya əməli işimizlə cavab verək. 

Qarabürc tam orta məktəbinin bir neçə müəllimi də göstərilən qayğıdan ağızdolusu danışdılar: 

Mustafa Qafarov, Azərbaycan dili, ədəbiyyatı müəllimi:-Muxtar diyarımızda təhsilimizə göstərilən qayğı, təhsil işçilərinə verilən dəyər ən yüksək səviyyədədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə bilik və bacarıqları qiymətləndirilmiş müəllimlərin əməkhaqlarının artırılması bu sahəyə göstərilən qayğının əyani ifadəsidir. Bu, biz müəllimlərin məsuliyyətini daha da artırıb. Bildiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs tərəfindən müəllimlərin işə qəbulu ilə əlaqədar imtahanlar həyata keçirilir. Bu isə təhsil müəssisələrinin müəllim kadrları ilə təmin edilməsində əvvəllər yol verilmiş nöqsanların aradan qaldırılmasına, pedaqoji kadr kimi fəaliyyət göstərməyin daha şəffaf şəkildə həyata keçirilməsinə stimul olmuşdur. Yeni texnologiya və əyani vəsaitlərlə təmin olunan müasir təhsil ocaqlarımız şagirdlərin elmin sirlərinə daha dərindən yiyələnmələrinə, onların hərtərəfli bilik əldə etmələrinə imkan verir. Biz təhsil işçiləri də yaradılan şərait, göstərilən qayğı müqabilində daha yaxşı çalışmalı, gələcəyimiz üçün savadlı kadrların yetişdirilməsində əlimizdən gələni əsirgəməməliyik. 

Yaqut İbrahimova, ibtidai sinif müəllimi:-1990-cı ildə blokada vəziyyətinə salınmış Naxçıvanda təhsilin vəziyyəti ürəkaçan deyildi.

İndi muxtar respublikamızın ən ucqar kəndlərində, rayon mərkəzlərində, şəhərlərimizdə müasir məktəblər göz oxşayır ki, həmin təhsil ocaqlarından biri də Qarabürc tam orta məktəbidir. Qürur hissi ilə deyə bilərik ki, bu gün nəinki həmin məktəbdən, həmin kənddən belə əsər-əlamət qalmayıb. Avtomobil yolumuz yenidən qurulub, kənd və kənd mərkəzləri istifadəyə verilib. 

Kəndimizin müasirləşən kəndlər sırasına qoşulması, salınan rahat yol, müəllim və şagirdlərin istifadəsinə verilən müasir məktəb binası bizi daha da yaxşı işləməyə ruhlandırır, yüksək təhsilli, vətənpərvər gənclər yetişdirməyə çalışırıq. Çünki bu günün hərtərəfli yetişdirilmiş gənci müstəqil dövlətimizin gələcəyi, ölkəmizi inkişaf etdirənlər olacaqlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Bu gün dünyada o ölkələr inkişaf edərək irəli gedirlər ki, orada təhsilə daha çox sərmayə qoyulur. Çünki təhsilə qoyulan sərmayə xalqların və ölkələrin gələcəyinə qoyulan sərmayədir. Vətənpərvər gənclik isə o gələcəyin ən etibarlı təminatçısıdır. Əgər ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə yetişən gənclik müstəqil Azərbaycanın bugünkü inkişafını təmin etmişdirsə, bu gün yetişən gənclik də bu inkişafın gələcəkdə davamının təminatçıları olacaqdır”. 

Nuray Əsgərova