Azərbaycanın işğaldan azad edilmiş ərazilərin əhəmiyyətindən bəhs edərkən bölgənin ölkə iqtisadiyyatına verəcəyi töhfə də mühüm rol oynayır. Bu isə həmin ərazilərin iqtisadi potensialı ilə bağlı olmaqla gələcək fəaliyyəti müəyyənləşdirməyə imkan verir.
Artıq azad edilmiş ərazilərin hansı iqtisadi imkanlara malik olması açıqlanıb. Buraya kənd təsərrüfatı, o cümlədən heyvandarlıq və bitkiçilik, turizm, mədən sənayesi və digər sahələr aid edilir. Aydın məsələdir ki, bölgədə əkinəyararlı və ötüş sahələrin xeyli ərazini əhatə etməsi kənd təsərrüfatı ilə bağlı perspektivlər yaradır. Ayrıca, işğaldan əvvəlki dövrdə bu ərazi kənd təsərrüfatı sahəsində ölkə iqtisadiyyatına mühüm töhfə verib. Mədənçilik sənayesinə gəlincə, ərazinin təbii resurslarla zəngin olması bu sahədə fəaliyyətə imkan verir.
Bəs turizm necə, bu sahədə potensialı necə qiymətləndirmək olar?
İşğaldan azad edilmiş ərazilərdə müalicəvi suların olması buranın müalicəvi turizm baxımından böyük imkanlara malik olmasından xəbər verir. Təsadüfi deyil ki, vaxtilə həmin ərazilərdəki sanatoriyalar buraya müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların üz tutduqları müalicəvi məkanlardan olub. Digər tərəflərdən dünyanın ən qədim insan məskənlərindən birinin - Azıx mağarası və digər tarixi abidələr işğaldan azad edilmiş ərazilərin turizm baxımından cəlbediciliyini artırır. Bu mənada işğaldan azad edilmiş ərazilərdə turizmin digər sahələrlə müqayisədə daha böyük imkanlara malik olmasını iddia edən ekspertlər də var.
Belə ekspertlərdən biri olan iqtisadçı Rövşən Ağayev bildirir ki, azad olunmuş bölgələrdə təbii ehtiyatlar var, lakin həmin ehtiyatların iqtisadiyyatımız üçün yüksək həcmdə əlavə dəyər yaradacağı ilə bağlı gözləntilər real hesablamalara əsaslanmır: “Bir real fakt deyim, aydın olsun. Hazırda Azərbaycanda təbii ehtiyatlara əsaslanan mədən sənayesinin yaratdığı əlavə dəyərin 95 faizini neft-qaz sektoru təmin edir. Qiymətli və digər növ metalların yaratdığı əlavə dəyərin illik həcmi heç 100 milyon manatı da keçmir. Yəni mövcud ümumi daxili məhsulun 0,12 faizi qədər. Kəlbəcər və Zəngilan qiymətli metal istismarı baxımından Gədəbəy və Daşkəsənin mədən sənayesindən daha böyük potensiala malik olsa belə, bu, yeni iqtisadi dövriyyəyə qoşulmuş ərazilərimizin sahəsi və əhalisi baxımından yenə də böyük məbləğ deyil”.
Ekspertin fikrincə, azad olunmuş bölgələrin ən böyük potensialı əgər doğru təşkil edilərsə, turizmlə bağlı olacaq: “Tibbi turizm üçün unikal imkanlar var. Eyni dərəcədə tarixi və istirahət turizmi üçün də. Çəkinmədən deyirəm ki, bu bölgələrin turizm gəlirləri indiyədək bütün Azərbaycanın əldə etdiyi turizm qazancından çox ola bilər - söhbət ən azı 1,5 milyard dollardan gedir”.
Digər iqtisadçı Elman Sadıqov da hesab edir ki, işğaldan azad olunan ərazilərdə əsas diqqət yönəldilməli sahələrdə biri turizmdir. Onun sözlərinə görə, bu sahədə Türkiyənin təcrübəsini rahatlıqla tətbiq etmək mümkündür.
Turizm üzrə ekspert Ceyhun Aşurov isə Kəlbəcər və Laçın rayonlarının SSRİ dövründə turizm bölgəsi kimi tanınmasını əsas gətirərək onlar yenidən Azərbaycanın turizm simasına çevriləcəyini düşünür. Ekspert bildirib ki, təkcə Kəlbəcərə o vaxtlar müttəfiq respublikalardan ildə 50 min turist gəlirdi. Bu rayonun ərazisi dəniz səviyyəsindən 2 000 metr yüksəklikdə, Tərtər çayının vadisində, Kiçik Qafqaz dağlarında yerləşir, zəngin flora və faunaya, müalicəvi əhəmiyyətli termal sulara (İsti Su), tarixi abidələrə malikdir. “Məsələn, xalq arasında “Xotavəng” və yaxud “Xudavəng”, yəni “Tanrı məbədi” adlandırılan monastır kompleksi Kəlbəcərdə yerləşir. Bu obyekt Qafqaz Albaniyası dağıldıqdan sonra (IX əsrdə) Qarabağın dağlıq hissəsində yaranmış Xaçın Alban knyazlığının dini mərkəzi olub. Yəni rayon həm təbii imkanlarına, həm də tarixinə görə daim turistlərin maraq dairəsində olub və bundan sonra yenə də olacaq. Həmçinin Laçın rayonunun da turizm potensialı böyükdür. Bura qədim tunc dövrünə aid olan kurqanlarla zəngindir və turistlər üçün cəlbedicidir", - deyə o, qeyd edib.
C.Aşurovun bu ərazilərdə turizmlə bağlı görülməli işlərlə bağlı təkliflə də çıxış edir. Onun sözlərinə görə, Kəlbəcər və Laçında həm iri turizm obyektləri yaradılmasını təşviq etmək, həm də kənd turizmini inkişaf etdirmək olar: "Gələcəkdə orada məskunlaşacaq əhali üçün kənd turizminin inkişafı çox vacibdir, onların gəlirlərinin formalaşmasına və artmasına xidmət edə bilər. Həmçinin yerli və xarici iş adamları iri turizm obyektləri tikməyə sövq edilməlidir. İnvestisiya axınını təmin etmək üçün iş adamları vergidən azad ediə bilər. Artıq Türkiyəli sahibkarlar Qarabağ bölgəsinə maraq göstərdiklərini ifadə ediblər".
Onun da qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş ərazilər ölkə əhalisi üçün də böyük əhəmiyyət kəsb edir. Bu baxımdan onların bu marağı daxili turizmin inkişafına səbəb ola bilər. Söhbət həm də ondan gedir ki, hazırda daxili turizm sahəsində imkanların məhdud olması qiymət və keyfiyyət müstəvisində rəqabətə şərait yaratmır. Bu isə daha yüksək qiymətə daha aşağı səviyyəli xidmətə gətirib çıxarır ki, bu da daxili turizmin inkişafını əngəlləyir. Nəticədə insanlar seçimi daha çox xarici ölkələr olur. Hesab etmək olar ki, işğaldan azad edilmiş ərazilərdə böyük və müasir turizm infrastrukturunun qurulması ilə ölkədaxili turizmin imkanları genişlənə, bununla da rəqabətə şərait yarana bilər.
Bununla belə, artıq ölkə xaricində işğaldan azad edilmiş ərazilərin turizm imkanlarının təbliğinə başlanılıb. Belə ki, dekabr ayının 9-10-da Azərbaycan Turizm Bürosu (ATB) tərəfindən Cənubi Asiya ölkələrinin iştirak etdiyi “Travel Meet Asia 2020” və Özbəkistanın turizm şirkətlərinin qatıldığı “Tour Expo Tourism Fair” adlı virtual tədbirlərdə Qarabağ və onun turizm imkanları təbliğ edilib. Tədbirlər çərçivəsində keçirilmiş görüş və vebinarlarda iştirakçılara Azərbaycanın, xüsusilə işğaldan azad edilmiş ərazilərin turizm imkanları haqda məlumat verilib. Virtual görüşlərdə Azərbaycanda müalicəvi turizm məhsullarına maraq ifadə olunub, həmçinin birgə turların təşkilinin zəruliyi qeyd edilib.
Bundan başqa, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Gulf Travel Show” sərgisində işğalçılardan azad edilmiş Qarabağ bölgəsinin turizm potensialı haqda və müvafiq tədbirlərdən sonra bölgənin yeni turizm destinasiyaları sırasına daxil ediləcəyi barədə məlumat verilib. Azərbaycan Turizm Bürosu, həmçinin Londonda keçirilən dünyanın tanınmış turizm sərgilərindən olan Dünya Səyahət Bazarı sərgisində (“WTM London-2020”) iştirak edib. Virtual görüşlər çərçivəsində iştirakçılar Dağlıq Qarabağ və ətraf rayonların turizm potensialı barədə məlumatlandırılıblar.
Bir sözlə, hazırda dünyada ölkələrində, o cümlədən Azərbaycanda turizm sektoru fəaliyyətsiz olsa da, yerli turizm potensialının təbliği təbliği davam etdirilir. Artıq Azərbaycanın turizm potensialına işğaldan azad edilmiş ərazilər də aiddir, baxmayaraq ki, həmin ərazilərdə hələ ki, turizm infrastruktunun yaradılmasına başlanılmayıb. Lakin belə görünür ki, yaxın zamanlarda bu istiqamətdə də fəaliyyətə başlanılacaq.
Ceyhun Piriyev, “İki sahil”