Müstəqil Azərbaycanın əldə etdiyi misilsiz uğurlar ilk növbədə müdrik və qətiyyətli lider amili ilə bağlıdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik təmin olunmuş, dövlətçilik ənənələri möhkəmləndirilmişdir. Onun rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanın müasir və güclü dövlətə çevrilməsində həlledici rol oynamışdır.
1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan hakimiyyətdə olan səriştəsiz qüvvələrin uğursuz fəaliyyəti nəticəsində siyasi böhran vəziyyətinə düşmüşdü. Dövlət institutları və hüquq-mühafizə orqanlarının funksionallığını, vətəndaşların təhlükəsizliyi təmin edilə bilməmişdi. Ölkədə siyasi xaos hökm sürür, mərkəzi hakimiyyətin zəifləməsi getdikcə daha aydın şəkildə hiss olunurdu. İqtisadiyyat çökmüş, inflyasiya nəzarətdən çıxmış, insanların gündəlik ehtiyaclarını ödəmək imkanları məhdudlaşmışdı. Sosial narazılıq kütləvi etirazlara səbəb olur, cəmiyyətdə etimadsızlıq dərinləşirdi. Belə bir şəraitdə silahlı dəstələrin özbaşına fəaliyyət göstərməsi və regionlarda separatçılıq meyillərinin güclənməsi ölkənin parçalanması təhlükəsini artırmışdı.
Bu mürəkkəb və gərgin şəraitdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü daha da geniş vüsət aldı. Qarabağ və onun ətrafındakı rayonlar işğal edildi, nəticədə Azərbaycanın ərazi bütövlüyü pozuldu. İşğal nəticəsində minlərlə insan həyatını itirdi, bir milyondan artıq insan ev-eşiyindən didərgin salınaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində dinc əhalinin hüquqları kobud şəkildə pozuldu, humanitar fəlakət baş verdi. Ölkə daxilində isə silahlı qarşıdurmaların baş verməsi dövlət orqanlarının nəzarəti itirdiyini nümayiş etdirmişdi. Dövlət orqanları aparatının fəaliyyətsizliyi xalq arasında ümidsizlik yaratmış, beləliklə vətəndaşlar gələcəyə inamını itirmişdi.
Belə ağır və taleyüklü bir mərhələdə xalq öz xilaskarını yalnız Ulu Öndər Heydər Əliyevin timsalında görürdü. Cəmiyyətin bütün təbəqələrində Ümummilli Liderin nüfuzu, siyasi təcrübəsi və dövlətçilik bacarığına inam formalaşmışdı. İnsanlar dərk edirdi ki, dərin zəkaya, strateji düşüncəyə və möhkəm iradəyə sahib bir lider ölkəni bu xaosdan xilas edə bilər. Heydər Əliyevin xalqla səmimi münasibəti, problemləri dərindən bilməsi və çıxış yollarını aydın şəkildə görməsi Ona olan etimadı daha da artırırdı. Xalq qurtuluşun Heydər Əliyevin hakimiyyətə qayıdışında olduğunu qətiyyətlə ifadə edirdi.
1993-cü ilin iyununda Naxçıvanda siyasi fəaliyyət göstərən Heydər Əliyev xalqın təkidli tələbi ilə Bakıya dəvət olundu və dahi lider 15 iyun tarixində Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Müasir Azərbaycan tarixində15 İyun - Milli Qurtuluş Günü adlanan bu əlamətdar hadisə ölkəmizin dövlətçilik tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, dövlətçiliyin xilası mümkün oldu. Qısa müddətdə sabitlik bərpa olundu, dövlət idarəetməsi yenidən quruldu, kompleks islahatlara start verildi. Nəticədə 1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkilərində xalqın mütləq əksəriyyəti Ümummilli Liderin lehinə səs verərək ölkənin taleyini etibarlı əllərə tapşırdı.
Həmin dövrdə qarşıda duran əsas vəzifələrdən biri cəbhədəki gərginliyə son qoymaq idi. Heydər Əliyev münaqişənin diplomatik yolla həlli üçün siyasi iradə göstərdi və danışıqlar nəticəsində 1994-cü il mayın 12-də atəşkəs razılaşması imzalandı. Bu razılaşma ilk baxışdan yalnız müharibənin dayandırılması məqsədi daşısa da, əslində dövlət quruculuğu və iqtisadi dirçəliş üçün sabitlik mühiti yaratdı. Atəşkəs gələcəkdə Azərbaycan tərəfinin beynəlxalq arenada mövqelərini gücləndirməsi, hərbi potensialını artırması və diplomatik təşəbbüslər irəli sürməsi üçün strateji fürsətlər təqdim etdi.
Ulu Öndər Heydər Əliyev müstəqil dövlətin güclü orduya malik olmasının vacibliyini vurğulayırdı. Onun rəhbərliyi ilə ölkədə vahid ordu komandanlığı formalaşdırıldı, hərbi təhsil sistemi bərpa edildi. Peşəkar zabit korpusu yaradıldı, orduya çağırış və xidmət sistemi müasirləşdirildi. Bu tədbirlər nəticəsində ordu quruculuğunun təməli qoyuldu, gələcəkdə müasir, intizamlı və döyüş qabiliyyətli Azərbaycan Ordusunun formalaşmasına zəmin yaradıldı. Bu prosesin nəticələri Zəfər yolunun başlanğıcı oldu.
Dahi şəxsiyyət Heydər Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən iqtisadi strategiyanın əsas nailiyyətlərindən biri də 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” oldu. Bu müqavilə Xəzərin zəngin neft ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün beynəlxalq enerji şirkətləri ilə imzalanmış strateji sənəd idi. “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının dirçəlməsində, enerji sektoruna xarici sərmayənin cəlb olunmasında və ölkənin qlobal enerji xəritəsində mühüm mövqe tutmasında əsaslı rol oynadı. Beləliklə, ölkəmizin siyasi müstəqilliyi də möhkəmləndi, yeni nəqliyyat və infrastruktur layihələrinin reallaşmasına imkan yarandı.
Ulu Öndərin təşəbbüsü ilə 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunan Azərbaycan Respublikasının ilk Konstitusiyası hüquqi dövlət quruculuğunun əsasını təşkil etdi. Konstitusiya vətəndaş hüquq və azadlıqlarının təminatçısı oldu, idarəetmədə demokratik dəyərləri təsbit etdi və hüquqi islahatlara möhkəm əsas yaratdı. Yeni Konstitusiya bazasında qanunvericilik aktları təkmilləşdirildi, məhkəmə-hüquq sistemində mütərəqqi dəyişikliklər həyata keçirildi. Hüquqi dövlətin əsas prinsipləri - qanunun aliliyi, hakimiyyət bölgüsü və vətəndaş iştirakçılığı bu sənədin mahiyyətində öz əksini tapdı.
Dahi şəxsiyyət Heydər Əliyev sistemli, uzunmüddətli və strateji xarakterli dövlət quruculuğu siyasəti həyata keçirdi. Onun rəhbərliyi ilə iqtisadiyyat bazar mexanizmlərinə uyğunlaşdırıldı, özəlləşdirmə proqramları qəbul edildi, xarici sərmayə üçün əlverişli şərait yaradıldı. Dövlət orqanlarında struktur islahatları aparıldı, vətəndaş cəmiyyəti institutları inkişaf etməyə başladı.
Ulu Öndərin xarici siyasət kursu milli maraqlara əsaslanan, təhlükəsizliyi və əməkdaşlığı təmin edən çoxşaxəli bir strategiya idi. Heydər Əliyev qarşılıqlı hörmət əsasında tərəfdaşlıq siyasəti yürüdərək Azərbaycanın beynəlxalq münasibətlər sistemində tanınmasını və etibarlı tərəfdaş kimi qəbul olunmasını təmin etdi. Ölkəmiz regional və qlobal məsələlərdə fəal iştirak edərək Cənubi Qafqazda mühüm aktora çevrildi.
Ulu Öndər Heydər Əliyev gələcəyə hesablanmış siyasi kurs müəyyən etmiş, ölkənin inkişaf trayektoriyasını düzgün formalaşdırmışdı. Onun siyasi irsi, müstəqillik və dövlətçilik fəlsəfəsi bu gün də aktualdır. Bu strateji kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan möhtəşəm nailiyyətlər qazanaraq tərəqqi yolunda inkişafını inamla davam etdirdi. Qüdrətli – davamlı iqtisadi inkişafa, mühüm hərbi potensiala və yüksək beynəlxalq nüfuza malik Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanaraq torpaqlarımızı işğaldan azad etdi. 2023-cü ildə şanlı ordumuzun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam təmin olundu.
15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının yaddaşında yalnız bir tarixi hadisə deyil, həm də dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsi kimi mühüm önəm kəbs edir. Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası, dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri nəticəsində Azərbaycan tənəzzüldən çıxaraq müstəqil və güclü dövlətə çevrilib. Bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi nəticəsində Azərbaycan bu gün nəinki regionda, bütövlükdə dünyada nüfuzlu aktor kimi mövqeyini möhkəmləndirib. Xalq-iqtidar birliyi sayəsində milli maraqlar təmin olunur və dövlətin suverenliyi qətiyyətlə qorunur.
Heç şübhəsiz, Heydər Əliyev yolu müstəqil, qalib və qüdrətli Azərbaycana yeni qələbələr bəxş edəcək - qarşıdakı dönəm də ölkəmizin davamlı uğurları və milli gücünün daha da artması ilə əlamətdar olacaqdır. Ulu Öndərin əbədiyaşar ideyalarına sadiq qalaraq məqsədyönlü siyasət həyata keçirən, xalqın inam və etimadını layiqincə doğruldan və ata vəsiyyətini şərəflə yerinə yetirən Qalib Lider – Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı daha parlaq gələcəyə aparacaq, xalqımıza yeni möhtəşəm uğurlar qazandıracaqdır.
Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı