“Vətən Müharibəsi Qəhrəmanı”, kapitan Ramazan Hudulovun “İki sahil”ə müsahibəsi
Ötən ilin sentyabrında başlayan və Azərbaycanın parlaq Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi bir çox özəllikləri ilə tarixin yaddaşlarına həkk olundu. Şəhid, qazi və digər iştirakçıları ilə dünya azərbaycanlıların nə qədər cəsur, igid, vətənpərvər, qəhrəman xalq olduğunun şahidi oldu. Təbii ki, hərbçilərimizin döyüş meydanlarında göstərdikləri şücaət və qəhrəmanlıq heç bir milli mənsubiyyət fərqi qoyulmadan dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. Belə igid oğullardan biri də Balakən rayonundan milliyyətcə avar olan Hudulov Ramazan İzzət oğludur.
Hudulov Ramazan İzzət oğlu 1994-cü ildə Balakən rayonunun Qaysa kəndində dünyaya gəlib. Meşəşambul kənd orta məktəbini bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2016-cı ildə məktəbi bitirərək Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə zabit kimi xidmətə başlayıb.
Ali hərbi məktəbdə oxuyan zaman yalnız bir amalım var idi, o da...
Ramazan bildirdi ki, onun hərbi sahəyə marağı uşaq ikən başlayıb: “Mən uşaq olarkən telekanallarda tez-tez I Qarabağ müharibəsi zamanı ermənilərin etdikləri vəhşiliklərə, Xocalıda xalqımıza qarşı törədilən cinayətlərə baxırdım. O zamandan içimdə ermənilərdən qisas almaq, torpaqlarımızı işğaldan azad etmək hissi var idi. Məni hərbçi olmağa sövq edən də məhz soydaşlarımıza qarşı edilən vəhşiliklər idi. Ermənilər heç bir fərq qoymadan qadın, qız, uşaq, yaşlı, körpə, xəstə demədən soydaşlarımıza olmazın işgəncələr veriblər, insanlarımızın bir qismi o zaman keçilməz meşələri yalın ayaqla, günlərlə ac-susuz qət edərək canlarını qurtara bilib. Biz orta məktəbdə də, hərbi məktəbdə də Vətən sevgisi ilə böyüdülüb kadr kimi hazırlanmışıq. Həm ali hərbi məktəbdə oxuyan zaman, həm də xidmət müddətində yalnız bir amalım, məqsədin var idi, o da Qarabağın düşmən işğalından azad olunması. Sevindirici haldır ki, indi həm Qarabağ azad olundu, həm də mən bu müharibədə ən fəal iştirak edən şəxslərdən biri oldum. Çox sağ olsun ki, cənab Ali Baş Komandanımız İlham Əliyev Silahlı Qüvvələrə hücüm əmri verərək bizə bu şəraiti yaratdı.
Ard-arda iki minomyot atdılar, birincisindən yayındım, sonra ikincini atdılar
Müharibənin başlanacağını əvvəlcədən bilmirdik, sentyabrın 27-si səhər saatlarında düşmənin növbəti hərbi təxribatından sonra aviasiya qüvvələrimiz havaya qalxaraq təmas xəttini keçdi və erməni mövqelərini vurmağa başladı. Artıq müharibənin başladığı aydın idi. Əmr verilən zaman mən Xocavənd istiqamətindən döyüşlərə başladım və bir neçə düşmən postunu tez bir zamanda işğaldan azad etdik. Sonradan isə Füzuli istiqamətində döyüşləri davam etdirdik. Füzuli rayonunun Dövlətyarlı kəndində yüngül yara aldım, amma bu, döyüşləri davam etdirməyimə maneə yaratmadı. Ard-arda iki minomyot atdılar, birincisindən yayındım, sonra ikincini atdılar, iki mertlik məsafəmə düşdü. Bel nahiyyəmdən 4 qəlpə yarası aldım. Sağ olsun həkimlərimiz tez müdaxilə edərək yaralarımı bağladılar və döyüş əməliyyatımıza davam etdik. Əsgərlərimin yanında olmaq istədiyim üçün xəstəxanaya getməkdən imtina etdim.
20 kilometrə qədər yolu piyada qət etdikdən sonra Daşaltı kəndinə yaxın yerdə qərarlaşdıq
Sonra bizə Şuşa istiqamətində irəliləmək əmri verildi. Müəyyən qədər məsafəni texnikalarla getdik, sonra isə piyada hərəkət etdik. 50 nəfərlik bölüklə dağ, dərə və sıx meşəliklərlə 20 kilometrə qədər yolu piyada qət etdikdən sonra Daşaltı kəndinə yaxın yerdə qərarlaşdıq. Səhərə yaxın hücum əmri verilmişdi. Hücuma başlayan zaman tabor komandirimiz qol nahiyəsindən ağır yaralanaraq xəstəxanaya yerləşdirildi. Belə olan vəziyyətdə mən tabor komandirini əvəz etməyə başladım, məsuliyyətim daha da artdı. Birinci Qarabağ müharibəsindən də məlumdur ki, Daşaltı çətin ərazi olub, orada ağır döyüş əməliyyatları gedib. Buna görə də biz əvvəlcədən dəqiq plan hazırlamışdıq, lakin buna baxmayaraq hər şeyi gözə alaraq Daşaltıya getmişdik. Məlum idi ki, orada bizi çox sürprizlər gözləyəcəkdi. İlk olaraq plana əsasən dövrələmə üsulu ildə ətraf yüksəklikləri ələ keçirdik. Piyada getdiyimiz üçün ağır silahlarımız yox idi, yalnız qumbaraatan və artilleriyanın dəstəyi var idi. Bir müddət döyüşəndən sonra düşmənin xeyli sayda itkisi oldu, qalan hissəsi isə qaçmağa başladı.
Evlərdə isti yeməklər var idi, görünür mülki əhali oradan son anda çıxmışdı
Artıq hava qaralanda kəndə girməyə başladıq. 27 nəfərlik qrupla iləriləyərkən minalanmış sahəyə girdik, 5 şəhidimiz, 13 nəfər isə yaralımız oldu, hücum ləngidi. Yaralı və şəhidləri təxliyə etdikdən sonra yenidən Daşaltı kəndinə yol aldıq. Düşmənin ağlına belə gəlməzdi ki, biz Daşaltını belə tezliklə ala bilərik. Kənd təmizlənəndən sonra evlərdə isti yeməklər var idi, görünür mülki əhali oradan son anda çıxmışdı. Çox əmin idilər ki, oranı ala bilməyəcəyik, lakin nə qədər səhv düşündüklərini anlamış oldular.
Vəziyyəti tam nəzarətə götürdükdən sonra yuxarı komandanlığa məruzə etdim
Daşaltı alınandan sonra artıq hədəf Şuşa idi. Əməliyyata rəhbərlik edən şəxs səhər tapşırıq verdi ki, Şuşanın alınması üçün Laçına gedən yol tutulmalı, düşmənin Qarabağa gələn təminatı dayandırılmalıdır. O da əlavə edildi ki, dəhlizə kim birinci çatıb oranı düşməndən azad edərsə həmin şəxsə “Vətən Müharibəsi Qəhrəmanı” adı veriləcək. Təbii ki, hər bir şəxs üçün bu ad qürurvericidir. Bundan sonra bir çox bölmələrimiz müxtəlif istiqamətlərdən irəliləməyə başladı. Laçın dəhlizində mövqe quran düşmən bütün birliklərimizin adi yoldan gələcəyini gözləyirdi, buna görə də, mənim rəhbərlik etdiyim qrup qayalıqlardan keçərək düşməni arxa tərəfdən mühasirəyə aldıq. Xeyli sayda texnikaları, tankları var idi, hamısını zərərsizləşdirdik, canlı qüvvələri də ağır itki verərək qaçmağa başladılar, səhər saat 8-də başladığımız əməliyyat axşam saat 6-da uğurla başa çatmışdı. Vəziyyəti tam nəzarətə götürdükdən sonra yuxarı komandanlığa məruzə etdim. Məni təbrik edərək bildirdilər ki, artıq “Vətən Müharibəsi Qəhrəmanı”san.
Xüsusi təyinatlı əsgərlərimiz 350 nəfəri pusquya salaraq məhv etdi
Bundan sonra Şuşanın azad olunması üçün heç bir maneə qalmamışdı, yalnız mühasirədə olan düşməni məhv etməli idik. Biz Laçın yolunu və Daşqaltını azad edən zaman xüsusi təyinatlı əsgərlərin bir neçə bölüyü də Şuşaətrafı mövqeləri, əsas yüksəklikləri ələ keçirmişdi. Hücum başladı. Xüsusi təyinatlılar əvvəl girdi, Şuşa tez bir zamanda alındı. Sonra biz də girdik. Biz şəhərdə mövqe qurduqdan sonra ermənilər bir neçə dəfə əks-həmlə etdilər, lakin hər dəfə ağır məğlubiyyətə uğradılar. Xankəndi istiqamətindən 350 nəfərə yaxın əlavə qüvvə göndərilmişdi. Xüsusi təyinatlı əsgərlərimiz onları pusquya salaraq zərərsizləşdirdilər. Bir neçə belə həmlələr oldu, lakin hər dəfə ermənilər ağır məğlubiyyətlə qarşılaşdılar. Artıq Azərbaycan əsgəri, Azərbaycan xalqı Şuşada əbədi olaraq möhkəmlənəcək. Hazırda əziz Şuşada təmir-bərpa işləri həyata keçirilir, yol çəkilir, infrastruktur yenilənir, inşallah, tezliklə insanların yerləşdirilməsi prosesi də başlayacaq.
Mən bir daha şəhid anaları qarşısında baş əyir, qazilərə tezliklə şəfa tapmalarını diləyirəm. Cənab Ali Baş Komandan İlham Əliyevə dərin təşəkkür edirəm ki, bizlər üçün belə bir şərait yaratdı və Azərbaycan Ordusu 30 illik Qarabağ problemini həll etdi, dünya Azərbaycanın nəyə qadir olduğunu gördü”.
Taleh Bağırov, “İki sahil”