12 may 2026 23:58
96

Şəhidlər ölmürlər...

Astaranın Təngərüd kəndində boya-başa çatan Nurlan Əhliman oğlu Fərəməzov tariximizin şanlı səhifəsi olan İkinci Qarabağ müharibəsində yağıya qarşı son damla qanına qədər döyüşərək 28 yaşında şəhidlik zirvəsinə ucalıb. Qəlbi Vətən sevgisi ilə döyünən, doğma yurdun düşmən işğalında qalmasına dözə bilməyən Nurlan orta məktəbi bitirib hərbiçi olmağa qərar verib. Ali təhsilli həkim kimi xidmətə başlayıb. Erməni dığalardan qisas almaq onun başlıca məqsədi olub. 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsində təcavüzkar düşmənə özünü göstərə bilib.

Vətənpərvərliyin ən ali məqamına yetişən Nurlan bu dünyadan vaxtsız getsə də, bizlərdən ötrü canından keçdiyi üçün hər zaman, hər yerdə böyük ehtiramla, sevgi və məhəbbətlə xatırlanır.

Bu günlərdə isə ölümsüzlüyə qovuşan qəhrəman Vətən sevdalısının doğum günü münasibətilə Astara rayon Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev və bir qrup mədəniyyət işçisi onun ailəsi ilə görüş keçiriblər.

Əvvəlcə şəhidin məzarı ziyarət olunub, önünə gül dəstələri düzüblər. Ziyarət zamanı mədəniyyət işçiləri Nurlan Fərəməzovun keçdiyi şərəfli həyat yolundan, müharibə meydanda göstərdiyi misilsiz hünərindən qürurla söhbət açıblar.

Daha sonra şəhidin ailəsi ziyarət olunub. Görüş zamanı şəhidin valideynləri ilə səmimi söhbət aparılıb, onun xatirəsinə yaradılmış guşəyə baxış keçirilib. Burada nümayiş olunan şəxsi əşyaları və döyüş yoluna dair materiallarla tanış olublar.

Onu da bildirək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən Nurlan Fərəməzov ölümündən sonra "Vətən uğrunda" , "İgidliyə görə" , Füzulinin və Cəbrayılın azadlığı uğrunda medallarına layiq görülüb.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü