10 fevral 2021 17:57
2488

Erkən nikahlar cəmiyyətimiz üçün hansı fəsadlar törədir? ARAŞDIRMA

Son günlərin əsas müzakirə mövzularından biri də erkən nikahlar və onların gələcəkdə yaradacağı faciələrdir. Əfsuslar olsun ki, hələ də bu faciələrə ciddi yanaşmayan ailələr var ki, illərdir davam edən bu dəhşətli “tendensiyanı” davam etdirməkdən çəkinmirlər. Bəs, erkən nikahlar və onların fəsadları haqqında mütəxəssislər nə düşünürlər?

“İki sahil” bu mövzu ilə bağlı araşdırmasını təqdim edir:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, Azərbaycan Respublikasının BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin (CEDAW) nümayəndəsi Elgün Səfərov  “İki sahil”ə açıqlamasında   bildirib ki,  son illərdə Azərbaycanda erkən  nikahların sayı 10 dəfə azalıb.Erkən nikahların sayı 2012-ci ilə qədər ildə 3500-4000-ə çatırdısa, indi 350-400 arasındadır.Bundan əlavə, əvvəllər bu cür evliliklərdən doğulan uşaqların sayı 4000-5000 idisə, bu gün onların sayı 2000-dən çox deyil. Bu sahədə cinayət qanunvericiliyində dəyişikliklər edilmişdir. Bilirsiniz ki, uşaq nikahlarına məcburetməyə görə 4000 min manatadək cərimə və  4 ilə qədər azadlıqdan məhrumetmə tətbiq edilir. Təhsil sistemində, ümumiyyətlə, cəmiyyətdə maarifləndirmə işləri aparılır. Qız uşaqlarına dəstək göstərilməsi, ata-qız münasibətləri ilə bağlı  və digər istiqamətlər üzrə BMT konvensiyalarının bəndlərinə uyğun  mexanizmlər çərçivəsində dediyimiz kimi, Azərbaycanda  bu say azalmada qeydiyyata alınıb.Əsas məqsəd də səbəb də gender streotiplərinin aradan qaldırılmasıdır.

Bu məsələ uşaq "qaynar xət"ləri məsələsini aktuallaşdırır

Həmsöhbətimiz qeyd edib ki, erkən nikah məcburiyyətinə məruz qalan qız uşaqları  “860 qaynar xətt”inə müraciət etməlidirlər. Bakı ərazisindən birbaşa 860, mobil nömrələrdən və ölkənin regionlarından isə 012 860 yığmaqla qaynar xətlə əlaqə saxlamaq mümkündür. Qaynar xəttə müraciət etmiş şəxslər genderəsaslı zorakılıq və məişət zorakılığı, eləcə də müvafiq dəstək xidmətləri ilə bağlı məlumatlar ala, zəruri hallarda təmənnasız psixoloji konsultasiya ilə təmin oluna bilərlər. Psixoloji travmalarla bağlı həm Dövlət Komitəsi həm  digər dövlət qurumları , həm Dövlət Komitəsinin mərkəzi aparatı tərəfindən həm də ki, regionlarda bizim ailə və uşaqlara dəstək mərkəzləri vasitəsilə tam ödənişsiz  psixoloji dəstək göstərilir. Bu mövzuda təkcə valideynlər deyil, eyni zamanda, övladların da maarifləndirilməsi çox vacibdir.Eyni zamanda, Daxili İşlər Nazirliyinin Qaynar xəttinə də müraciət oluna bilər.

Sözügedən mövzunun sosial tərəflərinə nəzər yetirdikdə isə problemin yaranmasının əsas səbəbləri üzə çıxır.

Sosial Tədqiqatlar Mərkəzinin departament rəhbəri Ayşəm Balayeva qəzetimizə açıqlamasında söyləyib ki,  qız uşağını böyütməyin çətin olması, gələcəkdə ailə qurub evi tərk edəcəyinə görə ona kapital qoymağın faydasız olması “düşüncəsi” nəticədə onların erkən nikahına gətirib çıxarır. Bununla da bəzi valideynlər  məsuliyyətdən xilas olduqlarını düşünürlər. Övladlarını erkən nikaha məcbur edən bir çox valideynlərin digər əsaslandırmaları qıza qarşı baş verə biləcək hər hansı neqativ  hallardan onu qorumaqdır. Amma, nəticə daha faciəvi olur. Məktəb yaşlı bir uşaq üçün əlbəttə ki, ailə qurmaq, yeni ailəyə köçmək yad bir anlayışdır.Uşaq birdən-birə məktəbdən, həmyaşıdlarından, öz uşaq həyatından məcburi ayrılaraq ailə həyatına atıldığı üçün yeni vəziyyətə adaptasiya olunmaq çox çətin olur. Özünün qayğıya ehtiyacı olduğu halda, digərlərinin qayğısına qalması, yeni mühit, yeni öhdəliklər uşaq-gəlinlərdə psixoloji gərginlik yaradır. Bu da onun üçün gələcəkdə daha böyük problemlərin yaranmasına səbəb olur. Uşaq öz mühitindən, dərslərindən, dostlarından ayrılmaq istəməsə belə, valideynlər buna məhəl qoymurlar. Bəzi hallarda valideynlərinə qarşı etiraz edən, fikirlərini açıq bildirən uşaqların təəssüf ki, ata-anaları tərəfindən fiziki zorakılığa məruz qalması halları olur.  Valideynlər erkən nikahın mənfi tərəflərini də düşünməlidirlər, xüsusən də burada mənfi nümunələrə baxmalıdırlar.

 A.Balayeva əlavə edib ki, bu məsələ nəticə etibarilə bütövlükdə cəmiyyət üçün çox ciddi problemdir. Bunun nəticəsində təhsilsiz qadınların sayı , zorakılıq halları artır, məişət zorakılığı  zəminində qətllər törədilir, boşanmaların sayı çoxalır, uşaqlar stress şəraitində böyüyürlər. Həmçinin belə hallar pis nümunədir. Çünki bu hallar baş verdikcə bəzi insanlar bunu normal hal kimi qəbul edib öz övladlarına qarşı da tətbiq edirlər. Bu məsələdə cəmiyyətin hər üzvünün üzərinə məsuliyyət düşür. Əlbəttə ki, burada əsas məsələ valideynlərin həm qız, həm oğlan uşaqlarını maarifləndirməsidir. Oğlan uşaqlarının kiçik yaşlardan maarifləndirilməsi onların gələcəkdə öz şəxsi həyatlarında bu hala yol verməmələrinə səbəb ola bilər. Digər məsələ məktəb rəhbərlərinin, müəllimlərin erkən nikahların qarşısının alınmasında rolunun artırılmasıdır. Həmçinin erkən nikaha qarşı ictimai qınaq olmalıdır. Erkən nikahın potensial iştirakçıları ola biləcək hər kəs bu işə qarşı olsa, bu hallar azalar. Belə ki, nikahın kəsilməsində iştirak edən din xadimi, toy mərasiminin keçirilməsini təşkil edən məkan sahibi, ora qonaq kimi dəvət olunacaq insanlar bu məsələyə etiraz etsə, ictimai qınaq yaranacaq və bu təşəbbüslə çıxış edən insanlar səhvlərini dərk edib uşaqların erkən nikaha cəlb olunmasından vaz keçəcəklər. Bu məsələdə icmanın, icma idarəçilərinin də üzərində böyük məsuliyyət var. Belə hallarla bağlı ilkin məlumat alan kimi müdaxilə edilsə, erkən nikahın qarşısını almaq olar. 

"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva qeyd edib ki, erkən nikahın yol açdığı fəsadları psixoloji aspektdən dəyərləndirərkən bir çox halları nəzərə almaq lazımdır: “Erkən nikah - ailə anlayışı və həyatı hələ kifayət qədər dərk etməmiş, psixoloji cəhətdən ailə quracaq qədər formalaşmamış yeniyetmələr ilə bağlanan nikahdır. Erkən nikah faciədir, erkən nikah acı sonluqdur. Hələ bu nikahlardan dünyaya gələn uşaqlar hansı travmaları yaşayır, bu da məsələnin ciddi sual doğuran başqa bir tərəfidir. Yəni, ailə həyatına həm maddi, həm də mənəvi-psixoloji hazırlıq olmadan uğurlu nikahdan danışmaq doğru olmaz. Erkən nikahlarda ən çox təsadüf edilənlər obsessiv-kompulsiv pozuntu əlamətləri, depressiya, təşviş pozuntuları və buna paralel baş verən panik ataklardır. Erkən nikahın səbəb olduğu Obsessiv-Kompulsiv pozuntunun meydana çıxmasına zəmin yaradan əsas səbəb tərəflərdən birinin cinsi akta hələ hazır olmaması və ya özünü bu aktın baş verməsi üçün hazır hiss etməməsidir. Sözügedən hallar adətən qadınlarda daha sıx müşahidə olunur. Bəzən erkən nikah zamanı tərəflərin bir-birlərini tanımağa kifayət qədər vaxtı olmur. Bu da öz növbəsində gələcəkdə tərəflər arasında ünsiyyət azlığı, ailədaxili rolların düzgün mənimsənilməməsi, yeni mühitə adaptasiya oluna bilməmək, konfliktli situasiyaların yaranması, şiddət, dolayı və ya birbaşa yönəlmiş verbal aqressiya və s. kimi neqativ hallara yol açır. Nəticə etibarilə tərəflərdən biri, bəzən isə hər ikisində depressiv əlamətlər təzahür edir.
Erkən nikah zamanı müəyyən problemlərin vaxtaşırı müzakirə olunmaması və aqressiyanın daxildə toplanması, tərəflərdə şüuraltı olaraq neqativ düşüncələrin toplanmasına səbəb olur. Uzun müddət bəhsi gedən neqativ düşüncələr şüur altında toplanır və nəticədə panik ataklar formasında  özünü biruzə verir.

Psixoloq əlavə edib ki, maddi çətinlik yaşayan valideyn el arasında “Qız yükü, duz yükü” deyilən ağırlıqdan xilas olur.  Həm də qızları yemək-içmək qayğısı çəkməyəcək. Valideyn bir növ övladı üzərində olan borcunu yerinə yetirmiş hesab edir, bundan sonra məsuliyyət daha ərin üzərindədir. Varlı kişini “gəlincik”lə evlənməyə vadar edən nədir? Burada onların özləri üçün haqlı bildikləri bir çox səbəb olur. Lakin gənc qız nə düşünür, onun həyatı necə olacaq, atası yaşında olan bir adamla necə bir yastığa baş qoyacaq, bunu fikirləşən yoxdur. Nəticə etibarilə sözügedən üçlüyün heç biri istədiyi mənəvi-psixoloji rahatlığı tapmayacaq. Valideyn də, övlad da, "yaşlı aşiq" də hər biri ayrı-ayrılıqda fərqli psixoloji travmalar alacaq. Ən çox zərər çəkən isə təbii ki, yeniyetmə olacaq.Bir çox ailələrdə qadınlara, qızlara söz haqqı verilmir, onlar hər zaman əzilən tərəf olurlar. Öz hüququnu bilməyən, haqqını müdafiə etməyən ana təbii ki, qız övladını da mütiliyə öyrədəcək. Unutmayaq ki, oğul və qızı böyüdən, tərbiyə edən ailədir. Yəni, ilkin mərhələdə bünövrə ailədə qoyulur. Sonrakı mərhələlərdə təbii ki, bağça, məktəb və cəmiyyətin rolu gəlir. Uşaqlar təhsildən uzaqlaşdırılmamalı, onların hüquq və azadlıqları əlindən alınmamalıdır. Erkən nikahları yaradan əsas amillərdən biri də savadsızlıqdan doğan nadanlıq və cəhalətdir.

Yaqut Ağaşahqızı, "İki sahil"