20 fevral 2021 13:37
1155

Rəşad Nəbiyev Türkiyədə bir sıra görüşlər keçirib

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Türkiyədə səfərdə olub.

“İki sahil” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində Rəşad Nəbiyev Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu ilə görüşüb. Görüş zamanı nəqliyyat, kibertəhlükəsizlik və rabitə sahələrində qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Müvafiq sahələr üzrə əməkdaşlığın daha da genişləndiriləcəyinə əminlik bildirilib.

Həmçinin Rəşad Nəbiyevlə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank arasında görüş keçirilib. Görüşdə İKT, innovasiyalar üzrə əməkdaşlıq məsələləri və qardaş ölkənin uğurlu təcrübəsinin Azərbaycanda tətbiqi müzakirə predmeti olub.

Azərbaycanlı nazir Türkiyənin rəqəmli transformasiya ofisinin rəhbəri Ali Taha Koçla da görüş baş tutub. Görüş zamanı süni intellekt, böyük həcmli məlumatlar və “Hökumət buludu” mövzusunda gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Müştərək layihələrin icrası və təcrübə mübadiləsi barədə razılığa gəlinib.

Eyni zamanda, R.Nəbiyev Türkiyənin İnformasiya və Kommunikasiya Texnologiyaları Qurumunu ziyarət edib. Nazir Türkiyənin telekommunikasiya və poçt xidmətləri, tənzimləmə qaydaları və təcrübəsi ilə tanış olub.