23 fevral 2021 12:45
1001

Həkim: Əhalinin böyük hissəsinin vaksinasiyası ilə yoluxma zəncirini qıra bilərik- ŞƏRH

Həkim-infeksionist Vüsalə Yaşar: Peyvənddən sonra ineksiya yerində olan ağrı, şişkinlik və yaxud da 48 saat keçmədən davam edən subfebril hərarət  bütün peyvəndlərdə  görülə bilən normal bir reaksiyadır

 

COVID-19-a qarşı aparılan mübarizənin, görülən profilaktik tədbirlərin əsas istiqamətini infeksiya əleyhinə peyvəndlərin tapılması və istifadə olunması təşkil edir. Peyvənd orqanizmi inkfeksiyalardan qoruyur,  immunitetin artmasına kömək edir. Vaksinasiya prosesinə dünyanın aparıcı ölkələrində start verilib. Azərbaycanda da yanvarın 18-dən Çinin SinoVac  şirkətinin istehsal etdiyi CoronoVAC vaksininin tətbiqinə başlanılıb. 

Bəs, COVID-19 əleyhinə vaksinlər haqqında daha nələri bilməliyik?

“Azərbaycanda vaksinasiya prosesi sürətli şəkildə davam edir. İlk öncə tibb işçilərinin vaksinasiya oldu. Demək olarki, böyük qrup tibb işçiləri vaksinasiyaya cəlb olundu. Vaksinasiya inaktiv vaksin olan SinoVac  vaksinləri vasitəsilə həyata keçirilir. Xüsusi risk qrupunda olan və xroniki xəstəlikli insanlar mütləq vaksinasiya olunmalıdır.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında həkim-infeksionist Vüsalə Yaşar söyləyib.

İnfeksionist qeyd edib ki, əhalinin bütün təbəqələrinin zamanı gəldikdə vaksinasiya olunmasını tövsiyə edirik. Bu, bizim ailə üzvlərimizə də aiddir, digər insanlara da. Xüsusilə də, yanaşı xəstəlikləri olan insanlar hansılar ki, daha çox bu sualı verirlər ki, yanaşı xəstəliklə mən vaksinasiya olunmayım. Tam əksinə, yanaşı xroniki xəstəliyiniz varsa, ilk növbədə siz vaksinasiya olunmalısınız. Çünki tam sağlam insan COVID-19-u da yüngül, xroniki xəstəliyi olanlar isə ağır keçirir. Ona görə də onların vaksinasiyası digər qrupdan daha çox önəmlidir.

"Müvəqqəti olaraq kimlərə vaksin vurulması məsləhət deyil" sualına mütəxəssis bu cür cavab verdi:  “Hər hansı xəstəliyin kəskin dövründəyiksə,  qızdırma və yaxud başqa simptomlar varsa, xroniki  xəstəlik  kəskinləşibsə müvəqqəti olaraq  vaksinasiya olunmuruq. Həmin dönəmi atlatdıqdan sonra vaksinasiyaya cəlb olunmaq mütləq lazımdır. Eyni zamanda, onkoloji müalicə alan xəstələr müalicə dönəmində vaksinasiya olunmurlar və yaxud da immunsuppressiv müalicə alanlar yəni, immun sistemi zəiflədən dərmanlar qəbul edən şəxslər həmin dönəmdə vaksinasiya olunmurlar. Ondan sonrakı ara dönəmlərdə isə vaksinasiya olunmaları vacibdir. 18 yaşa qədər olanlar, hamilə və südverən  analar hələlik  vaksinasiyaya cəlb olunmur. Bu isə əks-göstərişlərə görə deyil, hələlik  kifayət qədər araşdırma olmamasına görədir".

Vaksinasiyadan sonra baş ağrısı, yorulma, özünü narahat hiss etmə normaldır

Həmsöhbətimiz vaksinin yan təsirləri haqqında da məlumat verib: “İndiyə qədər biz bir çox inaktiv peyvənd istifadə edirdik. Bildiyiniz kimi körpələrimiz doğulduğu an doğum evində onların hamısına hepatit B əleyhinə peyvənd vurulur. İstifadə olunan vaksin inaktivdir, necə ki , hepatit B əleyhinə indiyə qədər istifadə edirdik. İnaktiv olması bu vaksinin yan təsirlərinin daha az olması, daha az əks-göstərişlərin olması deməkdir. Virusun modelini biz immun sistemimizə tanıdırıq. İmmun sistemi onu gördükdən sonra virusa qarşı silahlarını hazırlayır. Növbəti dəfə həmin virusla qarşılaşdıqda orqanizm artıq hazır vəziyyətdə olur. İlk olaraq onu qeyd edim ki, vaksinasiyaya getdiyimiz zaman həyəcan və qorxunun olmasına ehtiyac yoxdur. Kim ki, daha gərgindir, daha çox qorxaraq gedir. Vaksinasiyadan sonra baş ağrısı, yorulma, özünü narahat hiss etmə normaldır. Digər məsələ isə  peyvənddən sonra olan ineksiya yerində ağrı, şişkinlik və yaxud da 48 saat keçmədən davam edən subfebril hərarət bütün peyvəndlərdə  görülə bilən normal bir reaksiyadır . Yəni, buna da yan təsir demək olmaz.”

Vaksin olunsaq da qaydalara ciddi əməl etməliyik

Vüsalə Yaşar vaksinlərin qoruyuculuğundan da söz açdı: ”İlk ineksiya vurulduqdan sonra ortalama 28 gün sonra ikinci ineksiya vurulur. Ondan da 28 gün sonra biz artıq  qoruyuculuqdan danışa bilərik. Bu, təxminən birinci iynədən 56 gün sonra olur, amma tam qoruyuculuq olmaya da bilər. Bizim immun sistemimizin verdiyi cavabdan asılı olaraq 60-90 faiz  qoruyuculuq gözlənilir. Bu qoruyuculuğun olması bizim  üçün COVID-19 pandemiyası dönəmində çox ciddi  və yüksək bir rəqəmdir. İstənilən halda ikinci ineksiyadan sonrakı 28 günü də gözləyib, immun sistemi formalaşdığını düşünsək belə, yenə də müdafiə və mübarizə qaydalarına ciddi əməl etməliyik. Çünki həmin dönəmdə immun sistemi formalaşana qədər  yoluxma ehtimalım var.  Eyni zamanda, immun sistemindən asılı olaraq antitellər yaranmaya da bilər. Və ya çox aşağı titrdə yarana bilər".

Mütəxəssis vurğulayıb ki, pandemiyadan qurtulmağımızın tək açarı vaksinasiyadır. Ona görə də hər birimiz tez bir zamanda vaksinasiya prosesinin başlamasını gözləyirdik. Bu dəqiqə tək amalımız əhalinin böyük hissəsinin vaksinasiya olunmasıdır ki, biz yalnız bu yolla yoluxma zəncirini qıra bilərik. Əks halda, bu problemlə hələ uzun illər mübarizə aparmalı olacağıq. Tərəzinin bir gözünə COVID-19 və onun ağırlaşmalarını, digər gözünə isə  peyvənd  və onun mümkün ola biləcək çox cüzi yan təsirlərini qoysaq, əlbəttə, hansı ağır gələr deyə sual verməyə ehtiyac qalmır.

Yaqut Ağaşahqızı, "İki sahil"