24 fevral 2021 12:33
1314

“Azəriqaz” İB: Biz iş başındayıq, probleminiz varsa, bizi dərhal məlumatlandırın!

Fevral ayının 23-də gecə saat 23:00-da “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev “Facebook” sosial şəbəkəsindəki şəxsi səhifəsindən canlı yayım təşkil edib.

"İki sahil" xəbər verir ki, baş direktor havaların kəskin dəyişməsi ilə bağlı qaz təchizatında hər hansı bir problem yaranıbsa, bunu, abonentlərdən özü dinləmək istəyib. Təqribən 40 dəqiqə davam edən yayım zamanı respublikanın ayrı-ayrı yaşayış məntəqələrindən müxtəlif səpkili müraciətlər səsləndirilib. Ruslan Əliyevlə bağlantıya 7 minə yaxın “Facebook” izləyicisi qoşulub. 703 rəy yazılıb. Statistik təhlil göstərir ki, bir çox abonent qazın təzyiqindən razı idi. Bəzi yerlərdə isə xırda problemlər müşahidə olunurdu. Canlı yayıma Birliyin bütün əlaqədar strukturlarının rəsmi şəxsləri də qoşulmuşdu. Onlar abonentlərin qarşılaşdıqları çətinliklər barədə yazılan şərhləri dərhal qeydiyyata alaraq, əlaqə nömrələrini istəyirdilər.

Bu gün də səhər saatlarında abonentlərə “Facebook” sosial şəbəkəsi üzərindən müraciət olunub ki, qaz təchizatına dair yarana biləcək çətin durum barədə “Azəriqaz” İB-ni dərhal məlumatlandırsınlar. Çağrı Mərkəzi: 104/185. Whatsapp nömrəsi: 077 3 104 104.