29 may 2018 14:36
1220

İbrahimbəyov xain əməlləri ilə özünü alçaltmaqda davam edir

Təəssüflər olsun ki, bir çox hallarda ziyalı və ziyalılıq statuslarından konkret siyasi maraqların təmin olunması üçün ideoloji vasitə qismində istifadə edilir. İllər öncə “Rosbalt”a müsahibəsində Azərbaycan tərəfindən Dağlıq Qarabağa qarşı ədalətsiz münasibətdən şikayətlənən bu ərazinin guya Azərbaycandan daha çox Ermənistana aid olması barədə əsassız fikirlər bildirən R.İbrahimbəyov bu gün də “Qafqaz üçlüyü” filmi ilə Azərbaycan xalqını vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, erməniləri isə alicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim edib. Filmin ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissoru Eldar Şengelaya və oğlu Fuad İbrahimbəyovdur. Filmin çəkilişində bir nəfər də olsun azərbaycanlı iştirak etməyib (nəzərə alsaq ki, Rüstəm İbrahimbəyov və oğlu çoxdan öz əsl azərbaycanlı kimliklərini itiriblər).

Milli Məclisin deputatı Tahir Rzayev “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, 70 il “qınına” çəkilərək” bütün ictimai proseslərdən kənarda qalaraq, sadəcə öz biznesini idarə edən R.İbrahimbəyovun adı 2008-ci ildən sonra ölkə ictimaiyyəti tərəfindən daha çox duyulmağa başlandı. O dövrə qədər əksəriyyətin gözündə hansısa filmin ssenarisini yazan, Moskvadakı bəzi dostlarının dəstəyi ilə Rusiyada müəyyən filmlərin çəkilişinə cəlb olunan Rüstəm İbrahimbəyovun 2008-ci ildə rus mətbuatına müsahibəsində Azərbaycan xalqının ünvanına səsləndirdiyi təhqiramiz ifadələr və ermənilərə bəslədiyi gizli rəğbətin aşkara çıxmasından sonra “şöhrəti” artdı. Hələ yüzəlli il bundan əvvəl Qafqaza səfər edən avropalılar Azərbaycan xalqını bu regionda ən humanist, qonaqpərvər, sülhsevər xalq olaraq göstəriblər. Bu gün isə Rüstəm İbrahimbəyov, Əkrəm Naibov kimi nankorlar çörəyini yeyib, suyunu içdiklərləri, hamıdan çox səfasını çəkdikləri Vətəninə qarşı xain mövqe tutaraq, tarixi keçmişimizə qara yaxmaq yolunu tutmuşlar. Bütün milli dəyərləri ayaqlar altına ataraq, xəstə təxəyyülünü bir daha nümayiş etdirən, erməni təəssübkeşi Rüstəm İbrahimbəyov “Qafqaz üçlüyü” filmi ilə düşmənə məhəbbətini ortaya qoyaraq  ictimaiyyətin kəskin tənqidinə hədəf olub. Həqiqətə sökənməyən, millətini aşağılayan Rüstəm İbrahimbəyov xain əməlləri ilə özünü alçaltmaqda davam edir. Bu filmlə bir daha sübut etdi ki, o, istənilən məqamda Azərbaycanın milli dövlətçiliyinin əleyhinə fikirlər səsləndirməklə, bilavasitə, erməni lobbisinin nökərlərindən biri kimi çıxış edə bilər. Bu rüsvayçı fərdin daha öncələr də erməni qaniçənləri ilə sıx təmasda olması deməyə əsas yaradır ki, əslində, onun belə bir davranışları arxasında məhz erməni və Azərbaycanda marağı olan ermənipərəst siyasi dairələr dayanıb. Azərbaycan xalqı onu bütün dünyada biabır etməyə, alçaltmağa cəhd edənlərə, milli və mədəni dəyərlərimizi tapdalayanlara layiq olduğu cavabı hər zaman verib, bundan sonra da verəcəkdir.

T.Rzayev qeyd etdi ki, əsrlər boyu azərbaycanlılara işgəncələr verən, azərbaycanlıların ərazilərinə iddialar edib, Xocalı kimi böyük bir soyqırımı törədənləri, uşaqları, qadınları, qocaları güllələyən, yandıran, öldürən, olmazın işgəncələr verən, Qərbi Azərbaycanda yaşayan 250 minlik həmvətənlərimizi oradan ayaqyalın, başıaçıq didərgin salan bir topluma, Azərbaycan yazıçısının belə bir məhəbbəti dəhşət doğurur. R.İbrahimbəyovun bu ikrah hissi doğuran filmini Ə.Naibovun mənəviyyatsız təxəyyülünün davamı kimi qiymətləndirirəm. Bunlar düşmən dəyirmanına su tökməkdir. Bu film  ilə R.İbrahimbəyov xalqın, bir milyondan çox qaçqın və məcburi köçkünün heysiyyatı ilə oynayıb. Bu çirkin əməlin isə bəraəti ola bilməz. Dağlıq Qarabağ münaqişəsi başlanandan bəri heç vaxt Azərbaycanın maraqlarına uyğun bircə kəlmə belə əhəmiyyətli bir söz söyləməyən milli satqın danışanda da yalnız Azərbaycandan getmiş ermənilərin xiffətini çəkib.

Milli Məclisin deputatı bildirdi ki, rüsvayçı İbrahimbəyov yəqin unudub ki, ermənilərdən fərqli olaraq, azərbaycanlılar heç vaxt erməni xalqına qarşı 31 Mart Bakı soyqırımı, Quba, Şamaxı, Zəngəzur qırğınları, eləcə də, əsrin faciəsi kimi qiymətləndirilən Xocalı soyqırımını törətməyib.  Eləcə də ermənipərəst kinematoqraf anlamalıdır ki, ermənilərin Zori Balayanı, Silva Kaputikyanı, akademik Aqanbekyanı, Ter-Petrosyanı, Köçəryanı, Sarkisyanı, eləcə də başqa-başqa digər millətçi nasistləri, həmçinin rusiyalı şovinistləri olan Mixail və Raisa Qorbaçovları, Andrey Saxarovları, Yelena Bonnerləri, Qalina Staravoytovaları, Henrix Borovikləri 1987-ci ildən başlayaraq “Qarabağ Ermənistana birləşdirilməlidir” deyə bəyanatlar səsləndirəndə, məhz “Azərbaycan xalqına düşmən olmayan” erməni xalqı Yerevanın Teatr Meydanına toplaşıb, “Mi-at-sum!”, “Ka-ra-bax!”, kimi şüarlar səsləndirirdilər. Əgər erməni xalqı da azərbaycanlılar kimi baş verənlərin qurbanlarıdırsa, o zaman nəyə görə kütləvi mitinqlərdə iştirak edib, “Türksüz Ermənistan” plakartlarını başları üzərinə qaldırırdılar? Bunları görməyən kinorejissora necə azərbaycanlı demək olar?

Rüstəm İbrahimbəyov illər öncə verdiyi müsahibəsi və “Qafqaz üçlüyü” filmi ilə  Azərbaycanla bağlı olmadığını, Azərbaycan xalqının dərdlərini yaşamadığını, Azərbaycan vətəndaşının Qarabağın işğal faktı ilə bağlı çəkdiyi əzab-əziyyəti görmədiyini əyani şəkildə, çılpaqlığı ilə ortaya qoyur.

Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağ reallıqlarının, ermənilərin xalqımızın başına gətirdikləri faciələrin təbliğatının dünya miqyasında sürətlə vüsət aldığı bir məqamda Rüstəm İbrahimbəyov, Əkrəm Naibov kimilərin  xəyanətkarlığı bir sifarişdir. Bəzi qüvvələr R.İbrahimbəyov, Əkrəm Naibov kimilərin  xəyanətkarlığından istifadə edərək Azərbaycana zərbə vurmağa, dünyada xalqımızın qəddar obrazını yaratmağa çalışır. İradəsinə hakim, vicdanına əsir olmağı bacarmadığı üçün şərəfini erməni ideoloqlarının bazarında hərraca qoyan yazıçı Rüstəm İbrahimbəyov unudur ki, əxlaq və  şərəf insanın ən böyük sərvətidir.

Şəmsiyyə Əliqızı, “İki sahil”