28 fevral 2021 14:01
704

Şəhid ailələrinə və Qazilərimizə dövlət qayğısı

Bildiyiniz kimi fevral ayının 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak etmişdir.  

Azərbaycan dövlətinin prioritet vəzifələrindən biri də şəhid ailələrinə və qazilərə qayğı göstərməkdir. Bu məqsədlə Ramanı kompleksində 30 doqquzmərtəbəli  bina tikilmişdir. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilmişdir.

Ramanı qəsəbəsindəki şəhərcikdə olan binaların hamısı müasir səviyyədə, yüksək keyfiyyətlə tikilmişdir. Uşaq bağçası, 1200 yerlik məktəb inşa edilmiş, yəni yaşayış üçün burada bütün imkanlar yaradılmışdır. Müharibədən cəmi üç ay yarım keçməsinə baxmayaraq, artıq  şəhid ailələri və müharibə əlilləri üçün artıq belə gözəl yaşayış kompleksi, şəhərcik inşa olunaraq, təqdim edilmişdir.

Cari ilin yanvarında Dövlət başçısı tərəfindən imzalanmış Sərəncamla təsdiq olunan proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzillə və fərdi evlə təmin ediləcəkdir. Ehtiyacı olan bütün qazilərə dövlət tərəfindən lazımi köməklik göstəriləcəkdir.

Qazilərə tibbi yardım əsaslı təmirdən sonra açılmış Şağan qəsəbəsindəki reabilitasiya mərkəzində də göstəriləcəkdir. Orada hər il minlərlə qazi müalicə alacaq, reabilitasiyadan keçəcək və sağlamlığını bərpa edəcəkdir. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün artıq ən müasir protezlər sifariş edilmişdir. 300-dən çox qazimiz bu protezlərlə təmin olunacaqdır. Ayaqlarını itirmiş qazilərimizin artıq bir neçəsi bu protezlərlə təmin edilmiş və onlar normal həyata dönə bilmişlər.

Ölkəmiz öz sosial siyasətinin strateji prioritetlərinə sadiqdir. Dövlət bu günə qədər 9200-ə yaxın şəhid ailəsi və müharibə əlilini mənzillərlə təmin etmişdir. Ötən il 1572 mənzil verilmiş, bu il isə 3 minə yaxın mənzil veriləcəkdir.

Birinci Qarabağ müharibəsi zamanı ölkənin rəhbərliyində duran qüvvələrin səriştəsizliyi və istəksizliyi qələbənin əldə olunmasını mümkünsüz etmişdir. Həmin illərdə  Azərbaycanın başında olan insanlar lazımi tədbirlər görə bilməmişdilər. Xüsusilə AXC-Müsavat cütlüyünün dövründə Şuşanın, Laçının, Kəlbəcərin düşmənə verilməsi böyük xəyanət idi və faktiki olaraq müharibənin sonrakı gedişatını şərtləndirdi. Çünki Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaradılmışdı və ondan sonra digər torpaqların işğalı üçün ermənilərin çox böyük üstünlüyü yaranmışdı. Təəssüf ki, Azərbaycan otuz ilə yaxın müddət ərzində işğal altında qaldı. Münaqişə heç cürə həll oluna bilmədi.

Rəsmi İrəvanın yürütdüyü siyasət münaqişənin sülh yolu ilə həll olunmasını mümkünsüz etdi. Ermənistan rəhbərliyinin davranışı, təxribat xarakterli çıxışları, addımları bizi və beynəlxalq ictimaiyyəti əmin etmişdir ki, bu müharibənin sülh yolu ilə həlli mümkün deyil. Halbuki bu məsələ ilə məşğul olan Minsk qrupuna həmsədrlik edən ölkələrin yüksək vəzifəli rəsmi nümayəndələri daim təkrarlayırdılar ki, münaqişənin hərbi həlli yoxdur. Amma biz görürdük ki, münaqişənin sülh yolu ilə həlli yoxdur. Çünki əks-təqdirdə 30 il ərzində bu məsələ həll olunardı. Deməli, buna maraq yoxdur, yaxud da ki, belə nə hərb, nə sülh vəziyyəti kimlərisə qane edirdi.

Bizim müharibəmiz azadlıq müharibəsi olduğuna görə ədalətli müharibə idi. Ermənistan isə işğalçılıq müharibəsi aparırdı. Haqq-ədalət bizim tərəfimizdə olduğununa görə bizim hərbçilərimiz sevə-sevə şəhidlik zirvəsinə ucalaraq, Vətən qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirmişlər. Minlərlə hərbçimiz yüksək dövlət orden və medalları ilə təltif edilmişdir. Onların qəhrəmanlığı, şücaəti, fədakarlığı hər bir azərbaycanlı gənc üçün örnək olmalıdır.

Azərbaycan qələbənin əldə olunması üçün illər ərzində böyük hazırlıq işləri görərık, bütün gücünü səfərbər etdi. Uzun illər ərzində aparılan ağıllı və ardıcıl siyasət əsasında həm beynəlxalq müstəvidə, həm iqtisadi sahədə, həm qonşu ölkələrlə münasibətlərdə, həm regional layihələrin icrasında, həm də ordu quruculuğunun təkmilləşdirilməsi üçün böyük işlər görüldü.

Eyni zamanda, gənc, vətənpərvər və Vətəni hər şeydən çox sevən nəsil yetişdirildi. Vətənpərvərlik ruhunda, dövlətə sədaqət ruhunda yetişmiş Azərbaycan gəncləri torpaqlarımızı işğalçılardan azad etdilər. İşğal edilmiş torpaqlarda heç vaxt olmayan, amma əslən o torpaqlardan olan gənclər torpaqları uğrunda aslan kimi vuruşurdular. Bütün Azərbaycan xalqı, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşərək düşməni məğlub edib və torpaqlarımızı işğaldan azad etdilər. Bu, tarixi hadisədir. Son iki yüz il ərzində Azərbaycan tarixində buna oxşar parlaq bir qələbə olmamışdır. Azərbaycan bütün dünyaya öz gücünü göstərdi.

Azərbaycan məsuliyyətli bir ölkədir. Azərbaycan ordusu erməniləri öz torpağımızdan qovub, düz sərhədə qədər gəldi, lakin sərhədin o tərəfinə keçmədi. Bizi buna təhrik etmək istəyirdilər. Əgər ordumuz Ermənistan ərazisinə keçsəydi vəziyyət başqa cür ola bilərdi. Bizi, əslində təxribata təhrik edirdilər. Ermənistandan atılan raketlər Gəncə, Bərdə, Tərtər, Goranboy, Naftalan, Ağdam, Füzuli kimi rayonlarımızın dağılmasına gətirib çıxarmışdır. Onların atdığı raketlərin biri Xızıya qədər gəlib çatmışdır. Ona görə də, bu cür təxribat planlarına baxmayaraq düzgün an və düzgün məqam seçilərək, düzgün addımlar atıldı.

Zaman göstərdi ki, Ali Baş Komandan İlham Əliyev qarşı tərəfin bütün hiyləgər addımlarını vaxtında gördü və düzgün nəticə çıxardı. Qarabağda başladılan quruculuq işləri dəqiq düşünülmüş və uzaqgörən siyasət əsasında həyata keçirilir. İnanırıq ki, Müzəffər Ali Baş komandan bu mərhələni də zəfərlə başa vuracaqdır.

Məhz Azərbaycan respuyblikasının prezidenti İlham Əliyevin attıdığı düşünülmüş siyasi addımlar Ermənistanda böhrana səbəb oldu. Ermənistanda böhran getdikcə dərinləşir. Orada böhran hökm sürür, iqtisadiyyat tənəzzülə uğrayıb, keçmiş və indiki dövlət başçıları bir-birilərini qarşılıqlı ittiham edirlər, bir-birilərini didirlər. Onlar bir-birilərini günahlandırırlar və Ermənistanda kütləvi həbslər baş verir.

Aytən Süleymanova

Azərbaycan Kooperasiya Universitetinin tələbəsi, Nərimanov Rayonunun gənc fəalı