28 fevral 2021 15:52
961

Abram İxiilov: Azərbaycan elə bir ölkədir ki, burda yaşayan hər kəs onu öz Vətəni bilir

Azərbaycan elə bir ölkədir ki, burda yaşayan hər kəs onu öz Vətəni bilir və Azərbaycan uğrunda hər cür fədakarlığı etməyə hazırdır. 

"İki sahil" xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Moskvadakı “Alef” Gənclər Təşkilatının sədri Abram İxiilov deyib.

O, bildirib ki, Dünya Azərbaycan və yəhudi xalqının dostluğunu anlamaq istəyirsə Qubaya, Qırmızı qəsəbəyə baş çəksin. Yüz illərdir eyni torpaqlarda dostluq və qardaşlıq şəraitində yaşayan azərbaycanlılar və dağ yəhudiləri şad gündə də, dar gündə də həmişə bir yerdə olublar: “Bir ölkədə tolerantlıq, birgəyaşayış, dialoq, qarşılıqlı hörmət prinsipləri əsas götürülürsə, heç şübhəsiz, orada heç bir problem olmayacaq və o ölkə sülhün, sabitliyin qarantı kimi çıxış edə biləcək. Bizim doğma Vətənimiz olan Azərbaycan məhz belə ölkələrdəndir. Orda müxtəlif dini, etnik kimliklərə sahib insanlar əsrlərdir birgə yaşayırlar və onlar arasında hələ indiyə kimi bir-birinə güldən ağır söz deyən olmayıb. Məhz elə bu səbəbdəndir ki, bu gün dünyanın bir çox ölkələrində Azərbaycanın multikultural dəyərləri ali təhsil ocaqlarında tədris olunur. Qeyd edilir ki, Azərbaycanda bütün dini, milli kimliklərə sayğı var, diqqət və qayğı var. Mən də hər zaman olduğum bütün tədbirlərdə qeyd edirəm ki, Azərbaycanda multikultural dəyərləri gözləri ilə görmək istəyənlər buyurub Qubaya, mənim doğulduğum Qırmızı qəsəbəyə gəlsinlər. Ora gələnlər öz gözləri ilə görəcəklər ki, Azərbaycanda yaşayan dağ yəhudiləri necə diqqət və qayğı ilə əhatə olunublar. Əminəm ki, bu səfər həmin qəsəbəni görməyən insanlarda fərqli duyğular yaradacaq və onlarda Azərbaycanımız haqqında dolğun təsəvvürün formalaşmasına kömək edəcək”.