03 mart 2021 22:43
830

Xocalı soyqırımı ilə əlaqədar aksiya

Azərbaycan-İtaliya Gənclər Assosiasiyası (AİGA) və Azərbaycan-İtaliya Birliyinin birgə təşkilatçılığı ilə Roma şəhərində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən "İki sahil"ə bildiriblər ki, “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində təşkil olunan aksiya Popola meydanında keçirilib. Altı saat davam edən aksiya zamanı Xocalı soyqırımının qurbanı olmuş uşaqların QR-kodlarla hazırlanmış maketləri nümayiş olunub. QR-kod bağlanmış 100 qərənfil meydanda olan və Xocalı soyqırımı barədə məlumat almaq istəyən şəhər sakinlərinə paylanıb. Meydanda quraşdırılmış böyük monitorda italyan dilində Xocalı hadisələrini əks etdirən videomateriallar nümayiş olunub. Monitorun aşağı hissəsində “Qarabağ Azərbaycandır!” şüarı yerləşdirilib. Bundan başqa, yerli sakinlər İtaliya parlamentinin Xocalıya ədalətli münasibət göstərməsi məsələsində xalqımızı dəstəkləyən addım atıblar. Meydanda 100 nəfərdən çox italyan Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsi məsələsinin İtaliya parlamentində gündəmə gətirilməsi ilə bağlı parlamentarilərə ünvanlanmış sənədə imza atıb. 

Eyni zamanda, İtaliyada yaşayan azərbaycanlılar “Twitter” sosial media platforması üzərindən italyan və ingilis dillərində Xocalı soyqırımı ilə bağlı məlumatlar paylaşaraq, Azərbaycanın haqq səsini yerli və dünya ictimaiyyətinə çatdırmağa çalışıblar.