04 mart 2021 08:00
1999

Aktyorlar və rollar

MEHDİ MƏMMƏDOVUN XEYİR-DUASI VƏ YA LƏNKƏRANIN DƏDƏ QORQUDU

       Haqqında söhbət açmaq istədiyimiz Allahverən Babayev Lənkəran Dövlət Dram Treatının aktyorudur. Otuz beşinci ildir ki, bu sənət ocağında çalışır. Teatrda Allahverən Babayevi kollektiv üzvləri qısaca “Alı”, yaxud da “Lənkəranın Dədə Qorqudu” çağırırlar. Bu yaxınlarda 60 yaşı tamam olmuş aktyorla görüşüb onunla birlikdə keçdiyi sənət yoluna nəzər salmağa çalışdıq.

      -Alı, yubileyini necə keçirdin? Yəqin ki, pandemiya səbəbindən planlarının müəyyən hissəsini təxirə salmalı oldun?

      - Elədir ki, var. Koronavirus, elə düşünürəm ki,  təkcə mənim deyil, əksər insanların həyatının nizamını dəyişib. Artıq bir ildən çoxdur ki, səylərimiz hamılıqla bu gözəgörünməz düşmənlə mübarizəyə cəlb olunub. Halbuki namərd qonşularımızla haqq-hesabımızı çürütməyə bizə cəmi 44 gün kifayət etdi. Sözün açığı, adamda heç yubiley əhval-ruhiyyəsi də yoxdur. Yaxınlarımın təkidi ilə ev şəraitində yığışıb kiçik bir məclis keçirdik. Əslində bizim teatrın yubiley tədbirlərinin keçirilməsində özünəməxsus adətləri var. Ötən dövrlərdə bizdə hər bir işçiyə xüsusi diqqət göstərilib, xidmətləri lazımınca dəyərləndirilib. İnşallah, tezliklə pandemiyaya qalib gəlsək, çox güman ki, elə mənim də yubileyimin teatr səviyyəsində qeyd olunması gerçəkləşə bilər.

          -Dağlar diyarı Lerikdə dünyaya göz açmısan. Anadan olduğun Monidigah kəndi rayon mərkəzindən xeyli uzaqda yerləşir. Bəs necə oldu ki, teatr sənətinə həvəs göstərdin?

          -Bizim kənddə “Lokdo” adında bir xalq kollektivi var. Onun çıxışlarında saysız-hesabsız teatr elementləri cəmləşib.Mənə də müəyyən müddət bu ansamblın tərkibində çıxış etmək müyəssər olub.  Onu da deyim ki, bu gün də məşhur olan “Lakdo” rəqs ansamblı SSRİ dönəmində bütün Azərbaycanda tanınmaqla yanaşı, Kuba Demokratik Respublikasında və bir çox xarici ölkələrdə səfərlərdə olub. Sonralar Biləsuvarda yaşayan qardaşımın yanına köçərək buradakı mədəniyyət evində çalışdım. Kənd uşaqları ilə birpərdəli komediyaları, vodevilləri səhnələşdirib oynayırdıq. Beləcə ürəyimdə aktyor olmaq həvəsi çiçək aşdı...

          -Bəs tələbəlik illərini necə xatırlayırsan? Gərək ki, görkəmli teatr xadimi Mehdi Məmmədovun kursunda təhsil almısan?

           -Dörd il birgə oxuduğumuz tələbə dostlarımla bu gün də əlaqə saxlayır, bir-birimizin xeyir-şərində iştirak edirik. Tələbə dostlarımın arasında indi respublikada kifəyət qədər nüfuz-hörmət sahibi qazananları çoxdur. O ki, qaldı rəhmətlik Mehdi Məmmədova, onun ağayanə duruşu, səlist danışıq tərzi heç vaxt gözümün önündən çəkilmir. Bizim hər birimizə əsl ata məhəbbəti ilə yanaşırdı. Məhz onun xeyir-duası ilə Lənkəran teatrına gəldim. Yeri gəlmişkən digər ustadım - rəhmətlik Həsən Əblucun da adını çəkməsəm, nankorluq olar. O kişinin mənim üstümdə haqqı-sanı çoxdur. Allahdan hər iki sənətkara rəhmət diləyirəm.

            -Alı, bəs səni Lənkəran teatında necə qarşıladılar? Yaşlı sənətçilərdən hər hansı bir qayğı görə bildinmi?

             -Lənkəran teatrında məni öz doğma balaları kimi qarşıladılar. Teatrın o vaxtkı direktoru, Əməkdar artist, rəhmətlik Elşad Zeynalov, dünyasını dəyişmiş digər rejissor və aktyorlardan Baba Rzayev, Əli Salahlı, Hacırza Əliyev, Rəhim Talışinski, Kamil Nəcəfov, Eynəli Nurullayev, eləcə də hazırda bir yerdə  çalışdığımız Xalq artistləri Böyükxanım Əliyeva, Qabil Quliyev və digərləri məni hər cür qayğı ilə əhatə etdilər. Məhz onlardan əxz etdiyim təcrübə iş prosesində dayağım oldu. Bu insanlardan görüb-götürdüklərim elə bu gün də imdadıma çatır.

            -Lənkəran teatrının səhnəsində ilk dəfə hansı tamaşada oynadığını xatırlayirsanmı?

            -Əlbəttə! İnsan ömrünün elə anları var ki, onu son nəfəsədək unutmaq mümkün deyil.  Mənim də ilk dəfə professional səhnədə Cahan Əfruzun “Qanqın böyük dalğası” tamaşasında Şorot rolunda çıxışım həmişəlik hafizəmə həkk olunub. Bu rol həcminə görə çox da böyük olmasa, hər halda öhdəsindən gəlməyi bacardım. İlk uğurum teatrın baş rejissoru Baba Rzayevin nəzərindən yayınmamışdı. Sonrakı iş proseslərində o, məni daha çətin rollarda sınamağa qərar versə də, Allaha şükür ki, onun etimadını doğrulda bildim.

           -Alı, qədim yunan dramaturqu və filosofu Sofoklun “Şah Edip” tamaşasında ifa etdiyin Tiresi rolu barədə də tamaşaçılardan ürəkdolusu sözlər eşitmişəm...

           -“Şah Edip”i rəhmətlik Baba Rzayev tamaşaya qoymuşdu. O vaxt tamaşa haqqında  istər mətbuat səhifələrində, istərsə də dil-ağızda müxtəlif fikirlər səslənirdi. Tamaşanı bəyənənlər də vardı, tənqidi fikir söyləyənlər də. Hər halda Lənkəran teatrının repertuarına belə bir monumental tamaşanın daxil edilməsi böyük hadisə idi. İfa etdiyim Tiresi xarakterinə görə dərin psixoloji obrazdır. Bu adam öncəgörən idi. Şah Edipi qarşıdakı kataklizmalardan xəbərdar edirdi. Təsadüfi deyildi ki, Şah Edip onun haqqında deyirdi:”Bu kor gözüaçıq insanlardan daha yaxşı görür”. Tresinin ifası zamanı mən qəhrəmanımı daha çox zəngin düşüncəyə və biliyə məxsus filosof kimi   xarakterizə etməyə çalışırdım. Zahirən özümü sakit aparmağa cəhd göstərsəm də, imkan düşəndə  Edipin nöqsan cəhətlərini  onun üzünə vurmaqdan da çəkinmirdim. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, “Şah Edip” tamaşasında  Tiresi roluna görə 2009-cu ildə Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən ilin ən yaxşı aktyoru mükafatına layiq görülmüşəm.

          -Baba Rzayevin “Məhəbbət və ölüm” tamaşası da teatr cameəsində səs-küyə səbəb olmuşdu. İfa etdiyin Dədə Qorqud obrazı ilə məşhurlaşdın. Elə indi də çoxları  səni “Lənkəranın Dədə Qorqudu” çağırır.  

        -Məlumat üçün bildirim ki, 2007-ci ildə Baba Rzayev “Dədə Qorqud” dastanından "Dəli Domrul" boyunu seçərək onun əsasında "Məhəbbət və ölüm" əsərini qələmə almış, epik səpkili bu səhnə əsərində cərəyan edən hadisələrə orijinal mövqedən yanaşmaqla, Dəli Domrulu xeyriyyəçilik ideyası uğrunda çärpışan və özündə çoxlu müsbət əxlaqi keyfiyyətləri təlqin edən bir qəhrəman kimi təqdim etmişdi. Rejissor Dədə Qorqud obrazını mənə təklif edəndə, inanın ki, sevincimdən özümə yer tapa bilmirdim. Çünki çoxdankı arzum reallığa çevrilmişdi. Hələ tələbəlik illərində səhnə danışığı müəllimim olmuş respublikanın əməkdar artisti, mərhum Həsən Əbluc Dədə Qorqud rolunu Akademik Milli Dram Teatrının səhnəsində oynayarkən, elə oradaca içimdə bir arzu oyanmışdı ki, kaş nə vaxtsa tale yaradıcılığıma bu rolu çıxaraydı. Xoşbəxtlikdən Allah bu rolu teatrımızda oynamağı mənə qismət etdi. Bu tamaşa ilə truppamız  2008-ci ildə Turkiyənin Konya şəhərində keçirilən “Bir nəfəs, min səs” turkdilli ölkələrin teatr festivalında, eləcə də bir sıra nüfuzlu sənət yarışmalarında iştirak edib. Günü bu gün də  İcra Hakimiyyətinin hər il keçirdiyi Novriz bayramı şənliklərində “Dədə Qorqud” rolunda çıxış edərək xalqımızdan xeyir-duamı əsirgəmirəm.
      -Alı, daha hansı rolların barədə danışmaq istərdin? 

      -Sözün düzü, rollarımın hamısı mənə əzizdir. Çünki onların hər birinin ərsəyə gəlməsindən ötrü gərgin əmək sərf etmiş, yuxusuz gecələr keçirmişəm. Hafizəmdə  iz qoyan rollar az deyil. Kamran Nəzirlinin “Şeytan işıqı”nda  mustəntiq,  N.B Vəzirovun “ Lənkəran xanın vəziri” əsərində xan, Vaqif Səmədoğlunun  “Mamoy kişinin yuxuları”nda Tatar Temir,  Arif Mədətovun “Sezarın qətli ”ində Siseron,  İ. Əfəndiyevin  “Qəribə oğlan”ında  Otar,  Hüseynbala Mirələmovun “Pənah xan Cavanşir” tamaşasında Cavanşir bəy,  Hafiz Mirzənin “Ay lolo və ya moskvalı gəlin”ində Sahə müvəkkili və onlarla digərləri bu sıradandir.

        Bundan əlavə bir neçə teleseriala da çəkilmişəm.

        -Son illər teatrınızın sorağı tez-tez xarici səfərlərdən gəlir...

        -Bəli, düz qeyd etdiniz. Bilirsiniz, teatrımızın direktoru Tofiq Heydərov işgüzar insandır. Qonşu İran, Gürcüstan, Türkiyə və digər xarici ölkələrlə mədəni əlaqələr qurmağı bacarır. Artıq 8 ilə yaxındır ki, İran İslam Respublikasının teatrları ilə əlaqələr qurmuşuq. İranlı rejissorlar səhnəmizdə tamaşalar hazırlayıblar. Biz də öz növbəmizdə bu tamaşaları İrana həm qstrol səfərinə, həm də Beynəlxalq teatr festivallarına çıxarmışıq.

             Bu yaxınlarda İrandan yeni dəvət almışıq. Martın 21-dən 26-a kimi qonşu ölkədə Novruz bayramı ilə əlaqədar “Novruz adətləri” adlı onlayn teatr festivalının keçirilməsi nəzərdə tutulub. Bizi teatrımız da festivala dəvət olunub. İndi bu tədbirə hazırlaşırıq. Mən Dədə Qorqud rolunda çıxış edəcəyəm.

           Məlumat üçün onu da bildirim ki, Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Sərəncamına əsasən 2021-ci il dahi şairimiz Nizami Gəncəvinin 880 illik yubileyi şərəfinə “Nizami Gəncəvi ili” elan olunub. Bununla bağlı Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə “Sənsiz” adlı bədii qiraət müsabiqəsinin keçirilməsi qərara alınıb.

        Müsabiqənin keçiriliməsində əsas məqsəd milli mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaq, bədii qiraətə olan marağı artırmaq və yeni yaradıcılıq axtarışlarına şərait yaratmaqdır.

        Teatrımızın da bir qrup aktyoru aprelin 30-da Bakıda Aktyor evində reallaşacaq bu sənət yarışmasında  potensial imkanlarını sınamaq qərarına gəlib. Mən özüm Nizaminin qəzəlləri üzərində çalışıram.

          -Allahverən müəllim, sizə və sənət dostlarınıza uğurlar diləyirik. Yubileyiniz mübarək!

                 -Çox sağ olun!

                                                                           Müsahibəni apardı:

                                                                            Ağaddin BABAYEV,

                                                                       yazıçı-publisist, teatrşünas.

                                                                                      Lənkəran.