04 mart 2021 16:25
1008

Fərdi məlumatların “qara bazarı”nın yaratdlğı təhlükələr müəyyən edilib

AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev və institutun şöbə müdiri Rasim Mahmudovun həmmüəllifi olduqları “Fərdi məlumatların “qara bazarı”nın xüsusiyyətləri və yaratdığı problemlər” adlı məqalə Rusiyanın nüfuzlu “Информационное общество” (“İnformasiya cəmiyyəti”) jurnalında dərc olunub.

"İki sahil" xəbər verir ki, məqalədə göstərilir ki, strateji əhəmiyyətinə görə "XXI əsrin valyutası" adlandırılan böyük verilənlər öz dəyərinə görə neft ehtiyatları ilə müqayisə edilir. Dünyada innovativ təşəbbüslərin, informasiya və bilik iqtisadiyyatının əsasında böyük verilənlərin analitikası dayanır. Böyük verilənlərin əsasını isə fərdi məlumatlar təşkil edir.

Tədqiqat işində qeyd edilir ki, fərdi məlumatların dəyəri və əhəmiyyəti artdıqca, ona olan tələbat da yüksəlir. Fərdi məlumatların istifadəsi ilə bağlı qanuni məsuliyyət normaları və məhdudiyyətlər mövcud olduğundan, onlardan qanunsuz biznes və cinayət məqsədləri üçün istifadəyə olan tələbat bu sahədə "qara bazar"ın formalaşmasına gətirib çıxarmışdır.

Məqalədə fərdi məlumatların “qara bazar”ının mahiyyəti, xüsusiyyətləri araşdırılır. “Qara bazar”da alqı-satqı obyekti olan məlumat və xidmət növləri, texnologiyalar və onların qiymət siyasəti şərh olunur, həmçinin “qara bazar”da əldə edilən fərdi məlumatların hansı məqsədlər üçün istifadə edildiyi müəyyənləşdirilir. Eyni zamanda, bu cür məlumatların qeyri-qanuni əldə edilməsi və satılmasının şəxsi, korporativ və milli maraqlar baxımından yaratdığı təhlükələr müəyyənləşdirir və “qara bazar”la mübarizə yolları göstərilir.