04 mart 2021 21:25
927

Gənclərə göstərilən etimad bizə stimul verir

Gənclər hər bir cəmiyyətin ən aparıcı və fəal hissəsidir. Gənclik yenilikdir, inkişafdır, ümiddir. Bu gün ölkəmizdə vətənpərvər, savadlı, intellektual gənclər ordusu formalaşıb. Həmin gənclər cəmiyyətimizin müxtəlif sferalarında öz fəaliyyətləri ilə ölkəmizin gələcəyi naminə, daha güclü Azərbaycan naminə çalışırlar.

Sözsüz ki, müstəqil Azərbaycanın gənclər siyasətinin formalaşmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri var. Ulu Öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra  sağlam düşüncəli gənc nəslin yetişdirilməsini dövlətimizin və cəmiyyətimizin mühüm vəzifəsi hesab edirdi. Ulu Öndərin səsləndirdiyi bu fikirlər gənclərimiz üçün önəmli mesaj idi: “Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik”.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclər siyasəti yeni mərhələyə qədəm qoyub. Hal-hazırda ölkəmizdə dövlət gənclər siyasəti sahəsində böyük işlər, genişmiqyaslı tədbirlər, çoxsaylı layihələr, Dövlət proqramları həyata keçirilir. Ölkə başçısının həyata keçirdiyi siyasi kursu dəstəkləyən minlərlə gənc müxtəlif təşkilat və birliklərdə fəaliyyət göstərərək dövlətə və dövlətçiliyə öz töhfələrini verməklə məşğuldurlar. Gənclərin respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında fəal iştirak etmələri, siyasi idarəçilik sisteminə cəlb edilmələri, yüksək dövlət vəzifələrinə təyin olunmaları daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Dövlətimizin başçısının “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” sözləri biz gənclər üçün böyük stimuldur.

YAP Yasamal rayon təşkilatının gəncləri dövlətimizin gənclərlə bağlı həyata keçirdiyi siyasəti yüksək qiymətləndirir və bundan sonra da xalqımıza, millətimizə, dövlətimizə ləyaqətlə, vicdanla, sədaqətlə xidmət edəcək və bizə göstərilən etimadı öz əməli fəaliyyətimizlə layiqincə doğrultmağa çalışacağıq!

Rəşadət Xalıqov,

YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin Şura üzvü