04 mart 2021 21:25
2203

Siyasi partiyaların YAP-a birləşməsi yeni siyasi proseslərin ilk işartısıdır- ŞƏRH

Xəbər verildiyi kimi, Azərbaycanda fəaliyyət göstərən partiyalar - Milli Qurtuluş Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası və Azərbaycan Demokratik Sahibkarlar Partiyası Yeni Azərbaycan Partiyasına qoşulmaq haqda qərar qəbul ediblər. 
Qeyd edək ki, bu barədə partiyaların keçirdikləri onlayn qurultaylarda qərar verilib. 
Milli Qurtuluş Partiyasının (MQP) V qurultayında partiya başqanı Vüqar Oruc partiyanın fəaliyyətinə xitam verilməsi və kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına qoşulması təşəbbüsü ilə çıxış edib və məsələ gündəliyə salınıb. Məsələ səsə qoyulub və partiya üzvləri yekdilliklə Milli Qurtuluş Partiyasının kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına qoşulması ilə bağlı qərar qəbul ediblər.

Azərbaycan Xalq Demokratik Partiyası da Yeni Azərbaycan Partiyasına (YAP) qoşulur. Partiyanın sədri Rafiq Turabxanın sözlərinə görə, dünən partiyanın videokonfrans formatında keçirilən qurultayında bununla bağlı qərar qəbul edilib.
Həmçinin, Azərbaycan Demokratik Sahibkarlar Partiyası da YAP-a qoşulmaq üçün müraciət edib. Partiyanın sədri Qasım Qasımov məlumatı təsdiqləyib. Onun sözlərinə görə, bu barədə qərar martın 2-də partiyanın videokonfrans formatında keçirilmiş qurultayında qəbul edilib.
Məlumatda qeyd olunub ki, Yurddaş və Milli Qurtuluş partiyaları da YAP-a qoşulmaq qərarı verib.

"Əslində siyasi münasibətlərin formalaşması prosesinin birinci mərhələsindəyik. Bu mərhələ siyasi partiyaların yeni  münasibətlər sistemində  rolunu və əhəmiyyətini  önə çıxaracaq bir təşəbbüsdür."

Bu fikirləri "İki sahil"ə açıqlamasında Azərbaycan  Milli İstiqlal Partiyasının sədri  ( AMİP) Arzuxan Əlizadə söyləyib.

Partiya sədri vurğulayıb ki, 44 günlük  Vətən müharibəsi dövründə siyasi partiyalar yüksək şüur nümayiş etdirdilər:" Bu barədə ölkə rəhbəri Prezident İlham Əliyev öz fikirlərini cəmiyyətə çatdırdı. Açığı Xalq-Ordu-Dövlət-Ali Baş Komandanla   elə bir vəhdət yarada bildik ki,   bu birlik Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. İndi yeni mərhələyə qədəm qoymuşuq. Siyasi islahatlar həyata keçirməklə dövlətimizi daha da gücləndirməliyik."
 
Həmsöhbətimiz  əlavə edib ki, bu gün 5 siyasi partiyanın YAP-a  birləşmə ilə bağlı qəbul etdikləri qərar yeni siyasi proseslərin ilk işartısıdır: "Azərbaycanda 64 siyasi partiyanın mövcudluğunu siyasi idarəçilikdə keyfiyyət göstəcicisi  kimi dəyərləndirmək çox çətindir. Aşağı- yuxarı ideoloji təsnifatına görə demək olar ki, partiyaların əksəriyyəti bir-birini təkrarlayır. Ona görə bu gün partiyaların bu addımlarını normal qəbul edirik. Bizim ölkə üçün normalda 10-15 siyasi partiyaların olması və bu partiyaların dövlətə və cəmiyyətə  müsbət mənada təsir mexanizmlərinin olmasını daha məqbul hesab edirəm. Əksər partiyaların nizamnamə və məramnamələri bir-birini  təkrarladığı üçün  bu birləşmələrin dövlətimizə faydalı olacağını düşünürəm. Bu islahatları elə aparmalıyıq ki, necə ki, Vətən müharibəsində bütün dünyanı heyrətləndirdik,  qələbənin davamını da  ən yüksək formada siyasi islahatlarla davam etdirməliyik və əminəm ki, bu prosesi də uğurla başa çatdıracağıq."

Yaqut Ağaşahqızı, "İki sahil"