Beynəlxalq maliyyə təşkilatlarının hesabatlarında reytinqi yüksələn ölkəmiz istənilən meyarlar üzrə qabaqcıl yerlərdə qərarlaşır. İqtisadiyatın şaxələndirilməsi və ixracyönümlü iqtisadiyyatın formalaşması, dərinləşən hərtərəfli islahatların davam etdirilməsi istiqamətində atılan addımlar, reallığı əks etdirən layihələrin tətbiqi nəticəsində qazanılan uğurlar maliyyə təşkilatlarının hesabatlarında dəyərləndirilir
Dünya dövlətlərini «silkələyən» iqtisadi böhranlar dövründə belə inkişaf edən, dinamikliyini saxlayan Azərbaycanla bağlı beynəlxalq maliyyə təşkilatlarının hesabatlarında yer alan müsbət proqnozlar ölkəmizə marağı artırır. Dünyada Azərbaycan haqqında formalaşan və zamanla daha böyük rəqəmlərlə ifadə olunan inkişaf tempi Prezident İlham Əliyevin özünü doğruldan və xalq tərəfindən qəbul olunan siyasətinin beynəlxalq səviyyədə dəstəklənməsidir. Nüfuzlu maliyyə təşkilatlarının hesabatlarında qeyd olunduğu kimi, dünyada ən islahatçı ölkə kimi tanınan Azərbaycan iqtisadi böhran illərində belə iqtisadi inkişafı ilə təkcə MDB dövlətlərini deyil, Avropa ölkələrini də arxada qoyur. Ölkədə mövcud olan əlverişli, münbit biznes mühitinin formalaşması Azərbaycana sərmayə yatıranların sayını da artırır. «Baxın, indi Azərbaycana xaricdən nə qədər investisiyalar qoyulur. Ondan sonra hansı hazırlıq işləri aparılmalı idi? Əlbəttə, iqtisadi hazırlıq. İqtisadi hazırlıq olmadan heç nəyi etmək mümkün deyil. Ermənistandan fərqli olaraq, Azərbaycana heç kim kömək etmirdi. Biz hər şeyi öz hesabımıza əldə etmişik. Ermənistan kimi heç vaxt gedib qapı-qapı gəzməmişik, özümüzü alçaltmamışıq, yalvarmamışıq, heç kimdən yardım istəməmişik. Ona görə iqtisadi müstəqillik həm hazırlıq baxımından, həm siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərt idi. Buna da nail olduq. Bu gün istənilən meyar üzrə, istənilən parametr üzrə heç kimdən asılı deyilik, iqtisadi sahədə ən qabaqcıl yerlərdəyik - istər xarici borc baxımından, istər iqtisadi artım baxımından və adambaşına düşən valyuta ehtiyatları baxımından» söyləyən Prezident İlham Əliyevin vurğuladığ kimi istənilən meyar üzrə qabaqcıl yerlərdə dayanan Azərbaycandakı şəffaflıq və ədalət prinsiplərinə sadiqlik mötəbər təşkilatlar tərəfindən aparılan təhllilərdə müsbət dəyərləndirilir, nümunə göstərilir. Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 18-19 faizini təşkil edir. Valyuta ehtiyatlarımız xarici borcumuzdan 5-6 dəfə çoxdur. Respublikada mövcud olan daxili sabitliyin nəticəsidir ki, «Doing Business”» hesabatında ölkəmiz yuxarı pillələrdə yer alır. «Biz bu il təqribən 400-500 milyon dollarlıq ancaq xarici investisiyaları bərpaolunan enerji növlərinə gətirmişik. Artıq bir müqavilə bağlanıb, bir müqavilə də bu ay, ya gələn ay bağlanacaq. Onlar özləri bunu təklif etmişdilər. Yeddi aparıcı şirkət bu layihələr uğrunda mübarizə aparırdı. Onlardan ikisi bizə ən sərf edən təkliflər irəli sürdü. Onlar 440 meqavat gücündə günəş və külək elektrik stansiyalarını öz vəsaiti hesabına inşa edəcək» söyləyən, daxili resurslardan istifadəni başlıca amil adlandıran dövlət başçımız İlham Əliyevin vurğuladığı kimi beynəlxalq standartlara uyğun yüksək texnologiyalara əsaslanan müştərək müəssisələrin açılması, müasir standartlara uyğun istehsal proseslərinin ölkəmizdə tətbiqi, qlobal layihələrin həyata keçirilməsi və daxili sabitlik inkişafımızın əsas şərtlərindəndir. Azərbaycanın təşəbbüsü ilə reallaşan qlobal layihələr dünyanın enerji və nəqliyyat xəritələrini dəyişdiyi kimi, ölkəmizin iqtisadi inkişafının də göstəricisidir. Pandemiyanın və Vətən müharibəsinin yaratdığı çətinliklərə baxmayaraq iqtisadi uğurlarını davam etdirən Azərbaycanın inkişaf modeli beynəlxalq maliyyə təşkilatlarının hesabatlarında yüksək reytinqə layiq görülür. COVID-19 pandemiyası ilə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən olmaqla, Türk Şurası və Qoşulmama Hərəkatının sədri kimi də humanizmi ilə fərqlənən, BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsinin təşəbbüskarı olan, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar ianə ayıran, dünyanın 30-dan artıq ölkəsinə humanitar və maliyyə yardımı göstərən Azərbaycan peyvəndləmə prosesinə başlayan ilk ölkələrdəndir. «Biz vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında qeyri-bərabər və ədalətsiz şəkildə bölünməsini pisləyirik. Bəzi ölkələr özlərinin ehtiyacları ilə müqayisədə bir neçə dəfə çox həcmdə vaksin alır. Aydındır ki, belə olduğu təqdirdə, bəzi ölkələrə peyvənd çatmayacaq» söyləyən Prezident İlham Əliyev ədalət prinsiplərinə sadiqliyini diqqətə çatdırıb. Ölkəmizin ildən-ilə möhkəmlənən maliyyə imkanları nəticəsində salınan şəhərciklər, hər il şəhid ailələri və Qarabağ müharibəsi veteranları üçün inşa olunan mənzillər, fərdi yaşayış evləri ilə bağlı işlər davam etməkdədir. Beynəlxalq maliyyə təşkilatlarının son günlərdə açıqladığı hesabatlarda ölkəmizlə bağlı sevindirici rəqəmlər siyasi müstəqillik qədər mühüm əhəmiyyətə malik iqtisadi müstəqilliyin əhəmiyyətini təsdiqləyir.
Azərbaycan 2020-ci il üzrə İqtisadi Azadlıq İndeksində göstəricilərini yaxşılaşdırmış beş Avropa ölkələri arasında birinci yeri tutub. «Heritaqe Foundition»un hesabatına əsasən, Azərbaycan ötən il biznes, investisiya azadlığı və maliyə rifahı sahəsində yüksək qiymətlər sayəsində 16 pillə yüksəlib. Ölkəmiz iqtisadi azadlıq qiymətləndirilməsinə görə 69,3 indekslə 180 ölkə arasında 44-cü yerdə qərarlaşıb. Biznes azadlığı, investisiya azadlığı və maliyyə rifahı gösəricisində 45 Avropa ölkəsi arasında 25-ci yerdə dayanan Azərbaycanın indeksi 3,9 xal artıb.
İqtisadiyatın şaxələndirilməsi və ixracyönümlü iqtisadiyyatın formalaşması, dərinləşən hərtərəfli islahatların davam etdirilməsi istiqamətində atılan addımlar, reallığı əks etdirən layihələrin tətbiqi nəticəsində qazanılan uğurlar digər maliyyə təşkilatlarının hesabatlarında da dəyərləndirilir. Dünya Bankı Azərbaycanı 190 ölkə arasında iqtisadyyatın rəqabət qabiliyyətinə görə 28-ci yerə layiq görüb. Ölkəmiz 10 islahatçı ölkədən biridir. Biznesin əlçatanlığına görə Azərbaycan dünya miqyasında ikinci yerdədir. Beynəlxalq Valyuta Fondunun (BVF) ölkəmizin iqtisadiyyatı ilə bağlı hesabatında qeyd olunur ki, hazırda Azərbaycan iqtisadiyyatının builki artımı, oktyabrda proqnozlaşdırdığı kimi, 2% səviyyəsində olacaq. BVF-un Azərbaycan üzrə missiyasının rəhbəri Natalia Tamirisa Azərbaycanda 2021-ci ildə inflyasiyanın 3,1% səviyyəsində olacağını də müsbət nəticə adlandırır. Missiyanın rəhbəri onu da qeyd edib ki, cari il üzrə yenilənmiş proqnozlar aprel ayında BVF-nin «World Economic Outlook» adlı hesabatında açıqlanacaq. Xatırladaq ki, «S&P Global Ratings» reytinq agentliyi bu il Azərbaycanda ÜDM-in 2,1%, Dünya Bankı – 1,9%, BMT – 2%, «Moody's Investors Service» isə 4% artacağını proqnozlaşdırır.
Dünyanın ən böyük beyin mərkəzlərindən olan İrs Fondunun «İqtisadi Azadlıq İndeksi- 2021» hesabatında ölkəmizlə bağlı rəqəmlər də sevindiricidir. Hesabatda qeyd olunur ki, Azərbaycan «İqtisadi Azadlıq» indeksi üzrə 6 pillə irəliləyib, 172 ölkə arasında 38-ci yerdə qərarlaşaraq dünya üzrə orta göstəricidən yuxarı, Avropa ölkələri səviyyəsində nəticə göstərib. Respublikamız Avropa regionunda 45 ölkə arasında isə 23-cü yerdə qərarlaşıb. Ölkəmiz Polşa, İspaniya, Sloveniya, İtaliya kimi inkişaf etmiş ölkələri qabaqlayıb. İqtisadi azadlıqların və ölkədəki iqtisadi siyasətin liberallığı baxımından nə qədər qanunamüvafiq olduğunu göstərən hesabatın təhlilləri elmi dairələrlə yanaşı, investorlar, siyasi dairələr, beyin mərkəzləri tərəfindən də qəbul olunur.
Bu cür möhkəm iqtisadi təmələ əsaslanan ölkəmizdə «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» adlı sənəddən irəli gələn vəzifələrin yerinə yetiriləcəyinə şübhə yoxdur. Qarşıdakı on ildə həyatımızın bütün sahələrinə bələdçilik edəcək sənəddə qüdrətli dövlət, yüksək rifah naminə müəyyənləşdirilən, elmi cəhətdən təhlil edilən vəzifələr ölkəmizin qüdrətini daha da artıracaq. Bu prioritetlər Azərbaycanın iqtisadi süverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə, qüdrətli dövlətə çevrilməsinə etibarlı zəmanətdir. Birləşmiş Millətlər Təşkilatının «Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik»”dən qaynaqlanan Milli Prioritetlərdə dayanıqlı məskunlaşma, iqtisadi fəaliyyətə reinteqrasiya məsələlərinin təminatı üçün bütün prosedurlar müəyyənləşdirilib. İşğaldan azad edilmiş ərazilərin təbii ehtiyatlarından səmərəli istifadə etməklə bölgələrin sosial-iqtisadi inkişafını təmin edəcək layihələr, genişmiqyaslı yenidənqurma və quruculuq işləri əksini tapıb. Bu prosesdə zəruri stimullara əsaslanan özəl təşəbbüslərin hərtərəfli təşviqi, eləcə də dövlət-özəl bölmə tərəfdaşlığının inkişafının vacib amil kimi diqqətdə saxlanılması Qarabağa Böyük Qaydışın başlıca məqsədlərindəndir. Erməni vəhşiləri tərəfindən dağıdılmış, viran qoyulmuş evlərin, meşələrin bərpası, yenisi ilə əvəz olunması ilə «yaşıl enerji» məkanına nail olunması indiki və gələcək nəsillərin sağlamlığı, tələbatının ödənilməsi baxımından daha zəruridir. Çıxışlarında azad olunmuş ərazilərin «yaşıl enerji”» zonasına çevriləcəyini dəfələrlə bildirən Prezident İlham Əliyevin nəzərdə tutduğu layihələrdən olan «ağıllı şəhər”» və «ağıllı kənd»” konsepsiyalarının reallaşdırılması üçün maliyyə mənbələri mövcuddur. Hazırkı pandemiya şəraitində, dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə pilot layihə olan bu təşəbbüs bir daha dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir.
«Bizim böyük planlarımız var. Biz bərpa işlərinə start verdik. Çalışacağıq ki, minalardan təmizləmə işləri qısa müddət ərzində başa çatsın, dəymiş ziyanın qiymətləndirilməsi aparılsın və bununla paralel olaraq, artıq infrastruktur layihələrinə start verildi. Bu gün Horadizdə Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməl daşı qoyuldu. Bu dəmir yolunun çox böyük strateji əhəmiyyəti var. İlk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Digər tərəfdən, bu dəmir yolu Naxçıvana gedəcək. Noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var. Artıq bu işlərə start verildi. Bizim təşəbbüsümüzlə həyata keçirilən bu layihə, əminəm ki, icra ediləcək. Uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, bizim həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz həyata keçiriləcək.»
Xuraman İsmayılqızı, «İki sahil»