08 may 2026 19:47
94

Noel nağıl danışır

İllər boyu Makron hökumətinin və senatının Azərbaycana qarşı qərəzli siyasəti dəyişməz olaraq qalıb. Bu günlərdə Fransanın xarici işlər naziri Jan Noel Baro tərəfindən irəli sürülən iddialar və sərsəm fikirlər bunu bir daha açıq göstərir.

Azərbaycana qarşı hazırda heç nə edə bilməsə də, “Avropa Siyasi Birliyi”nin İrəvanda keçirilən 8-ci sammitində Fransa Prezidenti Emmanuel Makronun daha bir ədəbaz jest edərək  həddən artıq canfəşanlıq göstərməsi, guya Ermənistan baş naziri Nikol Paşinyanla yaxın münasibətdə olmasını nümayiş etdirməsi, birgə “konsert tədbiri” təşkil etməsi onun erməni ictimaiyyətimin sevgisini qazanmaq üçün əlindən gələni etdiyini göstərir. Bu, bir tərəfdən Marseldəki 700 min erməninin səsini qazanmağa çalışması, digər tərəfdən Cənubi Qafqazda pozucu siyasətini Ermənistan vasitəsi ilə həyata keçirməyə cəhd etməsidir. Ancaq baş nazir Nikol Paşinyan anlayır ki, Fransanın avantürist addımlarına və sarsaqlıqlarına meydan versə, ölkənin gələcəyi təhlükəli ola bilər. Türkiyə və Azərbaycan kimi böyük güclərin əhatəsində olan Ermənistan baş vermiş lap yaxın olaylardan və acı tarixdən dərsini almış olmalıdır. Ermənistanın  Fransanın yersiz təşviqinə getməyi onun zərərinə başa gələ bilər. Nikol Paşinyan Makronun İrəvana gəlməsindən və sammitdən özünün seçki kampaniyası üçün istifadə edib. Paşinyan Avropa liderlərini yaxın dostu kimi göstərməyə çalışır, ancaq Jan Noel Baronun son bəyanatı göstərir ki, Fransanın Cənubi Qafqazla bağlı siyasəti heç də yaxşı olmaya bilər. Ona görə də nə qədər ki, güclü Azərbaycan, güclü Türkiyə var, Fransanın regional siyasətdə imkanları məhduddur. Şərqi Aralıq hövzəsində isə Fransanın Türkiyəyə qarşı aqressiv, hərbi-militarist siyasəti açıq təhdiddir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) fransalı nazirin qərəzli fikirlərinə qəti etirazını bildirir, onun ölkəmizin daxili işlərinə qarışmasını kəskinliklə pisləyir.

Bu, son günlərdə Fransanın xarici işlər naziri Jan Noel Baronun XİN-in Fransa Senatında Azərbaycan əleyhinə səsləndirdiyi iddialara dair şərhində bildirilir. Qeyd olunur ki, naziri tərəfindən Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsi ilə bağlı “Dağlıq Qarabağ” və digər bu kimi ifadələrin istifadəsi qəbuledilməzdir. Noel özünü o qədər yekəxana aparır ki, bölgəmizin adını ermənicə tələffüz edir və ağzına gələni danışır. Bir sözlə, Noel nağıl danışır. Ancaq yaxşı olardı ki, Noel əvvəlcə barəsində nağıl danışdığı bölgənin adını düzgün ifadə etsin, özünü zırrama yerinə qoymasın, səviyyəsini bu qədər aşağı salmasın. Nəyi bacarmasa da, heç olmasa tutduğu yüksək vəzifəsinə hörmət etsin.

Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həyata keçirdiyi haqq-ədalət müharibəsindən sonra bölgədə davamlı sülh üçün şərait yarandığı bir zamanda Fransa tərəfinin Azərbaycanın öz əraziləri üzərində suverenliyini sual altına qoyan, mədəni və dini irsin qorunmasını şübhə altına alan bu kimi təhrikçi açıqlamalar kövrək sülhə zərbədir.

Vallah, bu fransız müsyöləri özlərini gülünc yerinə qoyublar. Noelin iddialarından belə çıxır ki, biz işğal illərində separatçıların ərazilərimizdə inşa etdikləri tikililəri sökəndə Makrondan və ya Noeldən icazə almalıyıq. Erməni quldur dəstələri bizim ziyarətgahlarımızı, qəbristanlıqlarımızı, tarixi abidələrimizi dağıdanda və təhqir edəndə Noelin dili niyə batmışdı? Fransa Senatı Xocalı soyqırımını niyə tanımadı? Nəhayət, Noel və noellər özlərini sivil insanlar kimi aparmağı öyrənməlidirlər. Qaniçən səlibçi babalarının onlara qoyub getdikləri zorbalıqdan, vəhşiliklərdən əl çəkməli, özlərini XII əsrin deyil, XXI əsrin sivil insanı kimi tərbiyə etməlidirlər.

Vəli İlyasov, “İki sahil”