18 mart 2021 01:57
1395

Biz azad edilmiş torpaqlara nəvaziş, məhəbbət, və könül xoşluğu gətirməliyik - Nuriyyə Hüseynova

Bu gün heç bir sözlə ifadə edilməyəcək xoşbəxt anlar yaşayırıq. Xalqımızın, dövlətimizin birliyi, cənab Prezidentə inam bizim qələbəmiz ilə nəticələndi. Məhz bunun nəticəsidir ki, Ermənistan tərəfindən 30 il işğal altında qalan torpaqlarımızı 44 gün ərzində işğaldan azad etdik. Böyük Qələbənin əldə olunmasında Azərbaycanın mədəniyyət məbədi və incisi olan, Qarabağın simvolu sayılan Şuşanın işğaldan azad olunması mühüm önəm kəsb etdi. Şuşanın azad olunması Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi.  Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq. Ölkə rəhbəri artıq Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib və bu da şəhərin gələcəyi ilə əlaqədar məqsədyönlü planlara əsaslanır. «Bərpadan sonra Şuşada həyat qaynamalıdır. İnsanlar qayıdandan sonra Şuşanın çox zəngin mədəni həyatı olmalıdır. Həm ölkə daxilindəki tədbirlər, eyni zamanda, bir çox beynəlxalq tədbirlər - festivallar, müsabiqələr, qastrollar orada keçirilməlidir. Yəni Şuşa nəinki Azərbaycanın, əminəm ki, bölgənin mədəniyyət paytaxtı adına layiq olacaqdır», - deyir Prezident İlham Əliyev. Eyni zamanda, Türk Şurasının nümayəndə heyətinin Azərbaycan Prezidenti ilə görüşü əsnasında Türk Şurasının Baş katibi Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi təklifi ilə çıxış edib. Bütün bunlar təkcə Azərbaycan xalqının deyil, ümumən, türk, müsəlman dünyasının Şuşa şəhərinə olan böyük sevgi və marağından irəli gəlir.»

Bu fikirləri tanınmış xanəndə, respublikanın Əməkdar artisti Nuriyyə Hüseynova İkisahil.TV-yə müsahibəsində bildirib.

N.Hüseynova qeyd edib ki, Azərbaycan Prezidentinin, birinci xanım Mehriban xanım Əliyevanın və qızları Leyla Əliyevanın Şuşaya səfərlərii, ora qalib kimi daxil olmaları Zəfərimizin, öz haqlarımıza, milli dəyərlərimizə sahib çıxmaq əzmimizin, qurub-yaratmaq eşqimizin təcəssümünə çevrildi. Prezident İlham Əliyev möcüzə kimi görünənləri reallığa çevirdi. Şuşa bundan sonra bütün rəmzləri ilə birgə həm də xalqımızın milli birliyinin, bu birlikdən başlanan gələcək gözəl günlərimizin şəhəri olacaq.  XVIII əsrin II yarısından Şuşa musiqi mərkəzinə çevrilmiş və Azərbaycan musiqisinin yüksəlişinə səbəb olmuşdur. Öz məlahətli səsləri və böyük sənətləri ilə bütün Yaxın Şərqdə məşhur olan xanəndələrdən Hacı Hüsü, Məşədi İsi, Keştazlı Həşim, Əbdülbaği Zülalov (Bülbülcan), Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev, Keçəçioğlu Məhəmməd, Segah İslam, Zabul Qasım, Malıbəyli Həmid, Musa Şuşinski, Məcid Behbudov, Mütəllim Mütəllimov və bir çox başqaları Şuşanın yetirdiyi məşhur sənətkarlardır. Nəhayət, Azərbaycan peşəkar musiqisinin banisi, dahi bəstəkar Üzeyir bəy Hacıbəyli Şuşanın dünya şöhrətli yetirmələrindəndir.

N.Hüseynova diqqətə çatdırıb ki, muğam sənəti Azərbaycan xalqının qədim mədəniyyətinin böyük bir hissəsini təşkil edir. Yaşı xalqımızın ömrü qədər uzun olan muğamlarımıza Azərbaycan dövləti böyük qayğı ilə yanaşır, bu sənətin qorunması üçün təqdirəlayiq işlər görür. Sözsüz ki, bu sahədə Heydər Əliyev Fondunun əməyi danılmazdır. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO - nun və İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın muğama bəslədiyi böyük sevgi və qayğı bu sənətin inkişafına güclü təkan verir, onu yeni inkişaf yollarına çıxarır.

N.Hüseynova əlavə edib ki, görüşümüz Novruz bayramı ərəfəsindədir. Azərbaycan xalqı üçün Novruz bayramı ən gözəl bayramlardan biridir. Novruz şənlikləri təkcə Azərbaycanda deyil, soydaşlarımızın yaşadıqları ən müxtəlif xarici ölkələrdə geniş qeyd edilir. Bu bayram azərbaycanlıları Vətənə, ata-baba yurdları Azərbaycana, milli köklərə daha sıx bağlayır. Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin layiqli siyasi davamçısı kimi milli-mənəvi dəyərlərin, mütərəqqi adət-ənənələrin cəmiyyətdə daha möhkəm əsaslarla qorunmasına, xalqın milli bayramı olan Novruzun yüksək səviyyədə qeyd olunmasına çalışır. Çox xoşbəxtəm ki, artıq arzularımız çin oldu. Hər zaman arzuladığımız torpaqlarımız artıq azaddır. 30 illik yurd həsrətimiz, ürəklərimizdəki Qarabağ nisgili sona çatdı, yüz minlərlə məcburi köçkün qəribçilikdən qurtuldu.  Şükürlər olsun ki, biz də sanki o torpaqlarla birlikdə azadlığımıza qovuşduq. Biz qələbəyə layiq millət olduğumuzu müharibə dövründə olduğu qədər də postmüharibə dövründə nümayiş etdirməliyik. Biz azad edilmiş torpaqlara nəvaziş, məhəbbət, və könül xoşluğu gətirməliyik.

Şəmsiyyə Əliqızı, «İki sahil»