18 mart 2021 14:55
1239

Moda aləminə yeni nəfəs gətirən Maykl Cekson

Rəngarəng karyerası və mübahisəli, anlaşılmaz şəxsi həyatı ilə Maykl Cekson uzun illər ərzində pop mədəniyyətinin bir hissəsi olub. Bu illər ərzində onun geyimləri və xüsusi olaraq hazırlanan səhnə kostyumları da diqqətdən kənarda qalmayıb. Pop-kralı hələ sağlığında moda dünyasına yeni nəfəs gətirən  və ölümündən sonra belə öz aktuallığını saxlayan müğənnilərdən biri olub.

Onun zəngin qarderobunun ayrılmaz hissəsini militari stilində pencək və jaketlər, ağ köynəklər, klassik və ya boş biçimli ağ və qara şalvarlar təşkil edirdi. O, tez-tez dəri gödəkcələr, bleyzerlər, yaxası mərkəzdən açıq olan ağ futbolkalar geyinirdi. Maykl Ceksonun dizaynerləri onun geyimlərini naxışlar, lələklər və metal elementlərilə bəzəyirdilər. Səhnə kostyumları isə pop-kralın xoreoqrafiyasını ideal şəkildə vurğulamalı idi. Maraqlıdır ki, konsert ərzində ifaçı 2,5 kq-a qədər çəki itirirdi. Bu səbəbdən dərzilər onun geyimlərini hər növbəti dəstin ölçüsünün əvvəlkindən kiçik olması qaydası ilə tikirdilər. Geyimdə onun sevimli rəngləri qara, ağ, qırmızı, qızılı, göy və sarı çalarlar idi.

Karyerası ərzində Maykl Cekson ancaq «Florsheim» markasının ayaqqabılarına üstünlük verib.Dizaynerlər onun ayaqqabılarını strazlar, rubinlər və metalla bəzəyirdilər. Maykl dəbə həm də ağ corabları gətirib. Bu aksesuar onun qarderobuna 70-ci illərin sonunda daxil olub. Müğənninin bu rəngi seçməsinə səbəb heç kimin qara ayaqqabı və şalvarlarla ağ corablar geyinməməsi, həm də onların rəqs zamanı işığı tutması və hərəkətləri vurğulaması idi. 80-ci illərdə Ceksonun kostyumerləri sadə idman corablarını ortadan kəsərək, parçaya "Swarovski" strazları və ya rubinlər tikirdilər. Bəzən bir cüt corabın çəkisi bir kiloqrama yaxın ola bilərdi.

Maykl Ceksonun obrazının digər bir hissəsini Ray-Ban eynək-aviatorlar, şlyapalar, böyük metal kəmərlər və bilərziklər təşkil edib. Stil ikonasının qarderobunun vacib detalı bir ələ geyindiyi əlcəklər idi. Əksər hallarda, Maykl Cekson "Swarovski" kristalları ilə bəzədilmiş ağ rəngli əlcəklərə üstünlük verirdi.

1982-ci ildə «Beat It» mahnısına çəkilən videoklipdə Cekson parlaq qırmızı dekorativ zəncirbəndli dəri gödəkcədə göründü və bu geyim bütöv bir onilliyin trendinə çevrildi. Beləliklə də 80-ci illərdə gənclərin qarderobuna dəri, ipək, lyurekslə parlaq idman gödəkcələri daxil oldu.İfaçının stilisti Maykl Buş Ceksonla həyatının son gününə qədər çalışıb. Maykl Cekson stilinin elementləri qarderobumuzu bir mövsüm olsa belə, tərk etmir. Məsələn, Beyons, Rihanna, Viktoriya Bekhem kimi ulduzlar, o cümlədən, Balmain dizaynerləri və sadəcə moda həvəskarlarının geyimlərində bu stil hələ də aktualdır.

Samirə Tağıyeva, "İki sahil"