Hazırda Azərbaycanın Qarabağ bölgəsində hərbi xidmətini davam etdirən Ermənistan vətəndaşı olan əsgərlərin valideynləri İrəvanda hökumət binasının qarşısında aksiya keçirirlər.
“İki sahil” erməni mediasına istinadla xəbər verir ki, valideynlər Ermənistan rəhbərliyindən övladlarının məcburi hərbi xidmətinin vaxtından əvvəl yekunlaşdırılması və Qarabağdan çıxarılmasını tələb edirlər. Ermənistan baş naziri Nikol Paşinyan artıq iki etirazçını qəbul edib. “Tələblərimizi ötən ilin noyabrında da təqdim etmişdik. Amma onları nəzərə alan yoxdur. Övladlarımızın bu yaxınlara qədər müharibənin olduğu yerdə xidmət etməyə davam etməsi ən azından haqsızlıqdır”- deyə aksiya iştirakşılarından Tereza Qriqoryan jurnalistlərə deyib.
Tereza Qriqoryan deyib ki, Qarabağda xidmət keçən oğullarının tezliklə tibbi yardım göstərilməklə ordudan tərxis olunmasını tələb edirlər. Müharibəni görən uşaqlar, xüsusən də mövcud şəraitdə xidmətə davam etmək iqtidarında deyillər. Etiraz aksiyasının iştirakçısı xatırladıb ki, əsgər valideynləri bu məsələni Paşinyanla görüşlərdə artıq iki dəfə qaldırıblar. Onun sözlərinə görə, baş nazir döyüşlərdə iştirak edən hərbi qulluqçuların xidmət müddətinin azaldılması məsələsinin hökumətin gündəmində olduğunu qeyd edib. Qadının sözlərinə görə, bəzi hərbi hissələr elektrik və su yalnız indi verilməyə başlanıb.
Xatırladaq ki, bu aksiyaya pralel olaraq hökumət binasının yaxınlığında müharibədə itkin düşən hərbçilərin valideynlərinin etiraz aksiyası keçirilir.