05 aprel 2021 16:19
1334

Qazi: Yoldaşlarımızdan biri onun dağılmış orqanlarını ağlaya-ağlaya yerdən yığdı - FOTO/VİDEO

Düşmənin başını dəmir yumruqla əzdiyimiz Vətən müharibəsində qələbəni bizlərə yaşadan cəsur hərbçilərimiz haqda nə qədər yazsaq onların misilsiz xidmətlərinin yanında sözsüz ki, az olacaq. Amma biz jurnalistlərin də borcu o cəsur döyüşçüləri tez-tez xatırlamaq, sevincli-kədərli döyüş yolunu xalqımıza çatdırmaqdır. 

“İki sahil” qəzetinin əməkdaşları respublikamızın bir neçə rayonundan olan şəhid ailəsi və qazilərlə görüşərək onların döyüş hekayəsini sizlərə təqdim ediblər. Növbəti belə görüşümüz isə Murovdağ istiqamətində gedən döyüşlərin iştirakçısı, erməniləri lərzəyə salan “qarapaltarlılar”ın kəşfiyyatçısı Qarayev Elməddin Telman oğlu ilə oldu. 

1995-ci ildə Ağdaş rayonunun Yuxarı Nemətabad kəndində dünyaya göz açan Elməddin kənd orta məktəbini bitirdikdən sonra 2013-cü ildə Naxçıvan Muxtar Respublikasının Daxili Qoşunlarında həqiqi hərbi xidmətə yollanıb. 2014-cü ildə xidmətdən qayıdaraq kənd təsərrüfatı ilə məşğul olsa da hərbi sahəyə, kəşfiyyata olan marağı onu rahat buraxmayıb. 2017-ci ildə xüsusi kurs keçən Elməddin təyinatla cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissədə kəşfiyyatçı hərbçi kimi xidmətə başlayıb. 

Artıq üç günə yaxın idi ki, onlar ac-susuz qalmışdılar

“Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunan Elməddin Qarayev bildirdi ki, müharibə başlanmamışdan dörd ay öncə müəyyən ərazidə təlimlərdə olublar: “Sentyabrın 27-də Murovdağ istiqamətində kəşfiyyat hərəkətinə başladıq. İstehkamçı Orxan Xıdıroxun köməkliyi ilə kəşfiyyat cığırı açılaraq düşmən arxasına keçid edildi, sonra biz də oraya getdik. Texnika ilə hərəkət etmək mümkün deyildi, yağış yağırdı, bir gecə dayanmadan dağlarla yol getdik. Keçid açıldıqdan sonra qızğın döyüş başladı. Xüsusi təyinatlılar və kəşfiyyat bölüyü 32-ci və 34-cü yüksəkliyi işğaldan azad etdi. Xüsusi təyinatlı gizir Verdiyev Natiq Əlimurad oğlu posta bayraq sancaraq azan oxudu. Yaxında düşmənin 27-ci postu var idi, hansı ki, orada çox güclü istehkam qurmuşdular. Postu saxlama ərəfəsində düşmən həmin mövqedən 120 mərmilik mina atmağa başladı. Natiq Verdiyev bədəninə tuş gələn mərmi nəticəsində yerindəcə şəhid oldu. O, bizim ilk şəhidimiz idi. Kəşfiyyat bölüyündən də Saleh Fətullayev, Məhəmməd Ləzgiyev, Ümid Kərimov, Yunus Vahidov isə ağır yaralandılar. Biz postların olduğu dağın ətəyindəki çayın vadisinə gedib gözləyirdik. Artıq üç günə yaxın idi ki, onlar ac-susuz qalmışdılar. Ora həm ərzaq aparmalı, həm də onları ərazidən çıxarmalı idik. Ərazi dumanlı olduğu üçün erməni postunun aşağı hissəsindən keçib gedə bildik. Təyinatlıların yanına çatmağa az qalmışdı ki, duman dağıldı, ermənilər 27-ci postdan atəş açmağa başladılar. Artıq təxliyə riskli olduğu üçün planı dəyişməli olduq. Biz vadidə toplaşma yerinə getdik. Xüsusi təyinatlılar da ikili, üçlü qurp halında müxtəlif yollarla ora gəldilər. Hamımız çox yorğun idik, bir neçə saat istirahətdən sonra yenidən tapşırıq verildi.

Ora çətin yerdə idi, qayıtmama ehtimalımız çox yüksək idi

99-cu postun önündəki başqa bir postu almalı idik. Həmin ərazi çox çətin yerdə idi, qayıtmamaq ehtimalımız çox yüksək idi. Bizdən öncə oraya başqa bölük hücum etsə də, xeyli itki verərək geri çəkilmişdilər. Gecə saat bir radələrində 30-40 nəfərlik qurpla düşmən tərəfə keçid etdik, xeyli getmişdik, lakin sonradan yerimiz aşkar olundu. Əmr gəldi ki, geri qayıdın. Biz də postun ərazisinə girəndə orada üç əsgər qoymuşduq ki, düşmən arxamızdan gəlsə tədbirli olaq. İstehkamçı Orxan Xıdırov qarşıda həqiqətən də pusqu olduğunu müəyyən etdi. Ərazidən səssizcə çıxası olduq, o anda arxadan, hansı ki, üç əsgərin olduğu istiqamətdən atışma səsi eşitdik, hadisə yerinə çatanda gördük ki, tibb məntəqəsinin maşını da oradadır. Əvvəl heç nə başa düşmədik. Sonradan bildik ki, üç əsgər onların olduğu posta tərəf piyadaların döyüş maşınının gəldiyini görüb, ön işıqları da sönülü imiş. Orada atışma olub, əsgərlərimiz maşını vuraraq, necə deyərlər, külünü göyə sovurub. Sonra onlarla birlikdə taplanma yerinə getdik. 
Hər kəs şokda idi: axı necə ola bilərdi ki, erməni postundan bizə aid maşın gəlsin?!
Komandirimiz Zaur Rüstəmov dedi ki, ehtimal edilir ki, sizin vurduğunuz maşın ordumuza aid imiş, içində də “N” saylı hərbi hissənin qərargah rəisi olub. Hər kəs şokda idi axı necə ola bilərdi ki, erməni postundan bizə aid olan maşın gəlsin?! O gecəni yata bilmədik, əgər deyildiyi kimi olsa çox pis olacaqdıq. O an maşını vuran əsgər Məmmədovun yerində heç birimiz olmaq istəməzdik. Səhər tezdən komandir gəldi. Nə deyəcəyini həyəcanla gözləyirdik. Əsgər Məmmədovun qarşısında duraraq bir neçə saniyə səssizcə ona baxdı. Sonra dedi: “Əsgər, səni təbrik edirəm, hadisə araşdırıldı, vurduğun erməni maşını olub, ölənlər də ermənilərdir”. O anda çox sevindik, bir-birimizi təbrik etdik. 

Minamyot ayaqlarımın arasına düşdü, şoka düşməmək üçün özümə baxmırdım

Təbriklərdən sonra növbəti tapşırıq gəldi, Suqovuşana getməli olduq. Dörd “URAL” minərək yola düşdük. Təyin olunan yerə çatanda hər kəs maşından düşdü, mən isə kaska və qoruyucu jileti geyinmək üçün maşında qaldım. Jileti geyinib, kaskanı başıma qoymuşdum ki, minamyot mərmisi maşının tən ortasına, qarşıma düşdü. Dalğa və qəlpə zərbələrinin təsirindən arxa oturacaqlara çırpıldım. Hər yer toz-dumana büründü, bədənim, üzüm qan içində idi, maşın alışıb yandı. bürünmüşdü. Minamyot ayaqlarımın arasına düşmüşdü, şoka düşməmək üçün özümə baxmırdım. Az qalırdı ki, ağrıdan özümdən gedim. Bilirdim ki, düşmən ikincini də atacaq. Ona görə də birtəhər özümü maşından aşağıya atdım, dəhşət idi. Yoldaşlarımın çoxusu yaralanmışdı, kömək edin, deyib qışqırırdılar. Sonradan bildim ki, bir neçəsi elə yerindəcə şəhid olub.

Kimsə əlimdən tutdu, səslərindən bildim ki...

O vəziyyətdə 10 metr sürünə bildim, gözlərimi aça bilmirdim, həm də özümə baxmaq, nə vəziyyətdə olduğumu görmək istəmirdim, yalnız göyə baxırdım. Elə bilirdim qurşaqdan aşağı tərəfim yoxdur, ağrının təsirindən bilmirdim nə edim. Sonra hiss etdim ki, kimlərsə əlimdən tutdu. Səslərindən bildim ki, kurs yoldaşlarım Tahir Nəsirli və Elman Səfərov köməyə gəliblər. Məni şillələyərək özümdən getməyə qoymurdular. Deyirdilər sənin qızın var, onun üçün yaşamalısan, qoyma qızın atasız qalsın. Daha iki yoldaş da yardıma gəldi, dörd nəfər məni bir kilometrə qədər piyada apararaq hərbi hissənin tibb məntəqəsinə çatdırdılar. İlkin tibbi yardımdan sonra isə “Ambulans”la Naftalandakı xəstəxanaya gətirildim. Ertəsi gün özümə gələndə isə Gəncədə idim. Hansı ki, o gecə ermənilər Gəncədə dinc əhalini bombalamışdılar. Daha sonra Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasına təxliyə olundum. Orada professor İlham Əhmədov və Fikrət Əhmədov üç dəfə məni əməliyyat etdilər. Onlara və digər həkim və tibb heyətinə çox, çox təşəkkür edirəm. Təkcə mənə yox, bütün yaralılara yaxşı baxırdılar, qayğımızı, nazımızı çəkirdilər. Hazırda müalicəm davam edir”.

Orada baş verənləri istəsən unuda biməzsən

“URAL” maşınının vurulması zamanı baş verənləri heç bir zaman unutmayacağını deyən kəşfiyyatçı qazi söhbətini davam etdirdi: “Maşının vurulduğu zaman 3-4 nəfər şəhid oldu, bir neçə nəfər isə ağır yaralandı. Yevlax rayonundan Cavid Təhməzov adında hərbçi yoldaşım var idi. Onunla 4 il bir yerdə işləmişik. Xəstəxanada olarkən bildim ki, Təhməzov da yanıb. Çox cəsur, qorxmaz yoldaşlarımız şəhid oldular. Ramin Abbasov var idi. Müharibədən əvvəl komandirə deyirdi ki, niyə müharibə başlamır ki, gedib torpaqları azad edək, biz nə üçün xidmət edirik? O, tank mərmisi ilə vurularaq şəhid olub, yoldaşlarımızdan biri onun dağılmış orqanlarını ağlaya-ağlaya yerdən yığıb. Balakəndən Elməddin Şindiyev var idi. Toyundan üç gün sonra şəhid oldu. Bizimlə birgə işləyirdi. Sentyabrın 26-da toyu olmuşdu, məlum vəziyyətə görə toyuna gedə bilmədik. Müharibə başlayan günü ona zəng edib döyüşə çağırdılar. Minamyot hər iki ayağını üzmüşdü, tibb məntəqəsinə aparılarkən yolda qan itkisindən şəhid olmuşdu. O şəhidləri, orada baş verənləri heç bir zaman unutmaq olmaz, istəsən də unuda biməzsən, ömürlük gözümüzün qarşısında var-gəl edəcək o anlar. 

Şəhidlərin ailələri bizlərə əmanətdir

Allah bütün şəhidlərə rəhmət eləsin, onların anaları bizim anamız, bacıları bizim bacılarımızdır, ailələri bizlərə əmanətdir, yaralılara da tezliklə şəfa tapmalıarını diləyirəm. Qəzetiniz vasitəsi ilə bütün xalqımıza, Ali Baş Komandan cənab Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Müharibə dövründə cənab Prezidentimizin dəstəyi, televiziyadakı qətiyyətli çıxışları, xalqımızın əsgərlərə maddi-mənəvi yardımı bizim üçün böyük bir stimul idi. Məhz btün bunların sayəsində rəşadətli ordumuz zəfərdən-zəfərə inamla irəliləyərək mədəniyyət beşiyi Şuşaya üçrəngli bayrağımızı sancdı. Eyni zamanda, mən Milli Məclisin Ağdaş rayonundan seçilmiş deputatı Cavid Osmanova, köməkçisi Rəhman müəllimə də köməklikləri üçün təşəkkür edirəm”.
Taleh Bağırov, “ İki sahil”