Əlcəzairin Azərbaycandakı səfiri xanım Salima Abdelhak mart ayının sonlarında Azərbaycanın şimal-qərb bölgəsinə səyahət edib. Səfər müddətində xanım səfir Zaqatala və Şəkidə olub.
"İki sahil" xəbər verir ki, səyahətlə bağlı təəssüratlarını AZƏRTAC-la bölüşən səfir həmin bölgələrin sakinlərinin qonaqpərvərliyindən, yaşayış tərzindən, gəzdiyi şəhər və kəndlərin ecazkar flora və faunasından heyrətləndiyini bildirib.
Bakıdan ölkənin şimal-qərb rayonlarına səfər edərkən şahidi olduğu müasir yol infrastrukturu səfiri, sözün əsl mənasında, təəccübləndirib. Rahat yolların və yolboyu ecazkar mənzərələrin onda xoş təəssüratlar doğurduğunu qeyd edən diplomat deyib: “Ölkənizin təbiəti və iqlimi möhtəşəmdir. Səfərimiz bəzən yağış və ya dumanlı hava, bəzən də gözqamaşdırıcı günəşlə müşayiət olundu, üfüqdə görünən ağ örtüyə bürünmüş Böyük Qafqaz isə sanki Alp dağlarını xatırlatdı”.
Zaqatalaya səfəri çərçivəsində səfir dəniz səviyyəsindən 950 metr yüksəklikdə yerləşən, cəmi 25 ailənin yaşadığı Yuxarı Tala kəndində də olub. Kənd sakinlərinin torpağa bağlılığını və təbiətə göstərdikləri qayğını xüsusi vurğulayan Salima Abdelhak təbiətin möhtəşəmliyinin və bitki aləminin müxtəlifliyinin göz oxşadığını bildirib.
Zaqatala şəhəri ilə yaxından tanış olan diplomat burada gördüyü müasir inzibati binaların və təhsil müəssisələrinin, Heydər Əliyev Parkının, digər gözəl mənzərələrin onu sözün yaxşı mənasında təəccübləndirdiyini deyib.
Səfəri çərçivəsində Şəkini də ziyarət edən diplomat onun qədim, füsunkar bir şəhər olduğunu, oradakı evlərin ənənəvi memarlıq üslubu ilə xarakterizə edildiyini bildirib. Həmçinin Şəkini qədim dövrlərdən ipək ticarətinə şahidlik etmiş “şah əsər” adlandırıb.
“Mühüm tarixi ticarət yolları üzərində yerləşən Şəki şəhəri vaxtilə İpək Yolundan istifadə edən tacirləri və səyahətçiləri qəbul edib. Şəhər təkcə ticarət mallarının deyil, həm də düşüncələrin, adətlərin, dinlərin və mədəniyyətlərin mübadiləsi üçün əhəmiyyətli bir mərkəz olub”, – deyə səfir vurğulayıb.
Səyahət zamanı bölgənin yerli mətbəx nümunələrindən də dadan diplomat regionun zəngin süfrə mədəniyyətini, özünəməxsus təamlarını xüsusi qeyd edib, bunun Azərbaycan mətbəxinin dünya miqyasında ön sıralarda olmasını şərtləndirdiyini deyib.
Bölgə sakinlərinin mənəviyyat, qonaqpərvərlik və səxavət kimi mühüm dəyərlərə malik olduqlarını qeyd edən Salima Abdelhak bunun xoşbəxt ailə mühitində özünü göstərirdiyini bildirib.
“Bu səfər mənə Azərbaycanın bir bölgəsini əhalisi ilə birlikdə kəşf etməyə, əlcəzairlilər və azərbaycanlılar arasındakı oxşarlıqları görməyə imkan verdi. Oranın təbiəti mənə bəzi xüsusiyyətlərinə görə Əl-Ouarsenis massivini və Soummam vadisi ilə həmsərhəd təpələri, qonaqpərvərlik və xoş münasibət ənənələri isə mənə ölkəmin dağlıq ərazilərdə yaşayan sakinlərinin qarşılama adətini xatırlatdı. Bunlar bizi bir araya gətirən qardaşlaşma çağırışı olmaqla bərabər, həm də bizi birləşdirən, əməkdaşlığa sövq edən mühüm amillərdir”, – deyə Salima Abdelhak bildirib.