07 aprel 2021 17:18
903

İşğaldan azad edilmiş bölgələrdə vətəndaşlarımızın layiqli yaşayışı təmin olunacaq

Texnoloji innovasiyanın tətbiqi istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji kimi sahələrin inkişafını sürətləndirəcək

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbə vuraraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoydu, xalqımızın ən böyük zəfərini qazanaraq böyük qələbəyə imza atdı”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) sədri Arzuxan Əlizadə deyib.

A.Əlizadə bildirib ki, 30 ilə yaxın işğalda olmuş və artıq azad etdiyimiz ərazilərimizdə ilkin olaraq minalardan təmizlənmə işləri çox ciddi şəkildə həyata keçirilməlidir: “Lakin mənfur düşmən minaladığı ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina edir. Təbii ki,  bu addım azərbaycanlıların öz torpaqlarına qayıdışını maksimum uzatmaq məqsədi daşıyır. Buna baxmayaraq hazırda quruculuq tədbirləri həyata keçirilir, infrastruktur layihələri reallaşdırılır. Ziyanın hesablanması aparılır, şəhərlərin baş planları tərtib olunur. İlk növbədə, Ağdam şəhərinin və bu rayonun bütövlükdə baş planı hazırlanır. Bütün bunlardan sonra isə sosial obyektlərin, inzibati binaların inşası, nəhayət, məskunlaşmaya başlanılması nəzərdə tutulur”.

AMİP sədri qeyd edib ki, Prezident İlham Əliyev bərpa olunacaq yaşayış sahələrində müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqini xüsusi diqqət mərkəzində saxlayır: “ Bu baxımdan “Ağıllı kənd", "Ağıllı şəhər" layihəsinin işğaldan azad edilmiş ərazilərimizdə tətbiq edilməsi təqdirə layiqdir. Çünki müasir texnologiyalarla təchiz olunmuş müasir tipli kənd və qəsəbələrin salınması orada məskunlaşacaq insanların həyat şəraitinin, fəaliyyətinin də müasir texnologiyalara uyğunlaşmasına rəvac verəcək. İnşa ediləcək “Ağıllı kənd”lərdə sakinlərin enerjiyə tələbatı yalnız alternativ enerji mənbələri hesabına ödəniləcək. Eyni zamanda, texnoloji innovasiyanın tətbiqi istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji kimi sahələrin inkişafını sürətləndirəcək”.

A.Əlizadə vurğulayıb ki, bir müddət bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də qlobal iqlim dəyişikliklərinin miqyasının azaldılması, təmiz ətraf mühitin təmin olunması və Azərbaycanın “yaşıl artım” ölkəsinə çevrilməsi kimi məsələlər yaxın onilliyin əsas strateji istiqaməti kimi göstərilib.

Beləliklə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, işğaldan azad edilmiş bölgələrdə vətəndaşlarımızın layiqli yaşayışı təmin olunacaq. Görülən işlərin, həyata keçirilən tədbirlərin sürətlə aparılması bunu deməyə əsas verir.

Nigar Orucova, “İki sahil”