26 may 2026 20:12
141

Biz artıq bütün dünyaya sübut etmişik ki, müstəqil həyat yaşaya bilərik, uğurla yaşaya bilərik - TƏHLİL

Dövlətimizin başçısı İlham Əliyev bu əminliyi də ifadə edir ki, biz gələcəkdə də bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq

28 May-Müstəqillik Gününü qeyd edirik. Dövlətimizin başçısı İlham Əliyevə bu münasibətlə təbrik məktublarında Azərbaycanın 108 ildə keçdiyi şərəfli yolun uğurları öz əksini tapır. Bu gün müstəqil siyasəti ilə dünya birliyində layiqli yer tutan ölkəmiz inkişaf modeli ilə dünyaya nümunədir. Bütün təbrik məktublarında diqqət göstərilən əsas məqamlardan biri 30 il işğal altında qalan torpaqlarımızın  sakinlərinə qovuşması, Böyük Qayıdış Proqramının uğurlu icrası, yeni reallıqların regionda və dünya siyasətində yeniliklərə yol açmasıdır. Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan cənab İlham Əliyevin   liderliyi və uzaqgörən siyasəti sayəsində  Azərbaycanın davamlı şəkildə güclənməsindən, regionda və beynəlxalq miqyasda nüfuzunun artmasından böyük qürur və iftixar hissi keçirdiyini bildirərək onu da vurğulayır ki, Türkiyə ilə Azərbaycan arasında öz gücünü tarixdən alan dərin köklü qardaşlıq və həmrəylik əlaqələri Ümummilli Lider Heydər Əliyevin bizə mirası olan “Bir millət, iki dövlət” prinsipi əsasında hər gün daha da güclənir.

Türkiyə olaraq, güclü əlaqələrimiz əsasında qardaş Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın və həmrəyliyimizin inkişafına davam edəcəyik. Bu əminlik də ifadə edilir ki,  güclü həmrəyliyimiz, əməkdaşlığımız və birgə layihələrimiz qarşıdakı dövrdə də xalqlarımızın rifahına, həmçinin regionumuzda sülhə, sabitliyə və inkişafa əhəmiyyətli töhfələr verməyə davam edəcək. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq və həmrəylik ruhunun bütün Türk dünyasında, xüsusən də Türk Dövlətləri Təşkilatının çətiri altında əməkdaşlığımızın və həmrəyliyimizin inkişafına müsbət təsirini və töhfəsini görmək də xoşdur. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə təbrikində vurğulayır ki, cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə  Azərbaycanda bütün sahələrdə mühüm dəyişikliklər və genişmiqyaslı islahatlar həyata keçirilir, xalqın rifahı və həyat səviyyəsi yüksəlir, regionlarda böyük quruculuq və abadlıq işləri aparılır. Bakıda   Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının  olduqca yüksək səviyyədə və uğurla təşkil edildiyini önə çəkən Şavkat Mirziyoyev bildirir ki, bu, Azərbaycanın beynəlxalq aləmdə nüfuz və mövqeyinin getdikcə daha da möhkəmləndiyinin növbəti parlaq göstəricisidir. Son illərdə birgə və qətiyyətli səylərimiz nəticəsində ölkələrimiz arasında siyasi, iqtisadi-ticari, mədəni-humanitar və digər prioritet sahələrdə əməkdaşlığın sürətlə inkişaf etməsi, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin tamamilə yeni mərhələyə yüksəlməsi bizə böyük məmnunluq bəxş edir. İtaliya  Prezidenti Sercio Mattarella təbrikində  vurğulayır ki, dostluğun və səmərəli əməkdaşlığın çoxsaylı nümunələri, o cümlədən son zamanlardakı əlaqələrimiz Bakı ilə Roma arasında strateji tərəfdaşlığa olduqca konkret və müstəsna dəyər qazandırır. Bu tərəfdaşlıq son illərdə davamlı şəkildə inkişaf edib və başda enerji sahəsi olmaqla, qarşılıqlı maraq doğuran bir çox istiqamətləri əhatə edib. Beynəlxalq vəziyyətin mürəkkəb çağırışlarının konstruktiv şəkildə həlli üçün dövlətlər arasında dialoqun və dinc əməkdaşlığın əhəmiyyətinə qətiyyətlə inanan və bunun vacib olduğunu hesab edən İtaliya Azərbaycan, Avropa İttifaqı və region ölkələri arasında sabitliyin, mehriban qonşuluq münasibətlərinin və qarşılıqlı etimadın təşviqinə yönəlmiş bütün təşəbbüsləri dəstəkləməyə davam edir.

Bu fikirləri xeyli sayda sadalamaq olar. Bütün bunların hamısı Azərbaycanın möhkəm təmələ, ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin nəticəsidir. Qeyd etdiklərimizin fonunda Azərbaycanın həm Türk dünyası, həm də Avropa İttifaqı və bu quruma  üzv olan dövlətlərlə əlaqələrinin yüksələn xətlə inkişafını aydın şəkildə görürük. Ümummilli Lider Heydər Əliyev müstəqillik yollarında ilk addımlarını atan ölkələrin qarşısında dayanan vəzifələrdən bəhs edərkən xarici siyasətin prioritetliyini, ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrin uğurlu inkişafının, diaspor quruculuğunun  vacibliyini xüsusi qeyd edirdi. Bu gün böyük əminliklə qeyd edirik ki, Azərbaycan böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurur.

Uğurlarımız hər zaman keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. Azərbaycanın bugününü müstəqilliyinin bərpasının ilk illəri ilə müqayisə etdikdə ölkədə sabitliyin uğurların davamlılığında əsas faktorlardan biri olduğunu aydın şəkildə görürük. Ölkəmizin 1993-cü ildən bugünədək böyük investisiyalar məkanına çevrilməsində də bu amil əsas rol oynayır. Əminliklə qeyd edirik ki, Azərbaycan xarici investorlar üçün çox cəlbedici ölkədir. Təbii ki, təkcə yaxşı investisiya iqliminin olması şərt deyil. Bunun üçün müstəqilliyimizin ilk ilində mövcud duruma diqqət yetirək. O zaman Azərbaycandakı ictimai-siyasi durumun gərginliyi ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olurdu. Bu fakt da hər kəsə məlumdur ki, Azərbaycan daim yerləşdiyi coğrafi məkana və malik olduğu təbii resurslara görə dünyanın diqqətində olub. Bu marağın müxtəlif dövrlərdə fərqli olması da inkaredilməzdir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə sabitliyin yaradılması, həyata keçirilən «açıq qapı» siyasəti investorlarda bu tərəddüdlərin aradan qalxmasında əhəmiyyətli rol oynadı. Ümummilli Lider bildirirdi ki, ölkəmizin qapısı bura xoş niyyətlə ayaq basan hər bir xarici iş adamının üzünə açıqdır. Bu çağırış da edilirdi ki, investorlar qoyacaqları vəsaitin təhlükəsizliyinə tam əmin ola bilərlər.

Bunları yenidən təhlil etməyimizin səbəbi müstəqilliyimizin bərpasının ilk illərində ictimai-siyasi vəziyyətin gərginliyinin hansı problemlərə yol açdığını bir daha təsdiqləməkdir. Azərbaycan bu gün sabitlik məkanıdır və investorlar ancaq sabitlik olan yerlərə sərmayə qoyurlar. Bu inam da səsləndirilir ki, gələcəkdə daha çox xarici sərmayədar Azərbaycana investisiya qoymaq üçün bizə müraciət edəcək. Təbii ki, bunu şərtləndirən amillər var. Azərbaycanın işğal altında olan torpaqları azadlığa qovuşub. Hər bir ərazimiz özünəməxsus potensiala malikdir. Onlardan səmərəli istifadə etmək məqsədilə həm Prezidentin müvafiq Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü həyata keçirildi, həm də «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqləndi. Artıq işğaldan azad edilmiş ərazilərimizin malik olduqları potensialdan istifadə etmək imkanlarına malikik. Tezliklə Qarabağımız və Şərqi Zəngəzurumuz böyük investisiyalar məkanına çevriləcək.  

Dövlət başçısı İlham Əliyev mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bütün bu məqamlara xüsusi diqqət yönəltdi. Qeyd etdi ki,  bu gün bizim beynəlxalq əlaqələrimiz çox genişdir. Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı ildən-ilə artır. Bizim dünya miqyasında çox yüksək reputasiyamız, çox müsbət imicimiz var. Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır və bir çox ölkələrin şirkətləri müxtəlif sahələrdə bizimlə əməkdaşlıq etmək istəyirlər: “Biz, əlbəttə ki, bütün şirkətlərə, o cümlədən xarici investorlara qanun çərçivəsində lazımi şərait yaradırıq. Ancaq, eyni zamanda, biz xarici şirkətləri bizə lazım olan sahələrə cəlb etməliyik. Ona görə burada səsləndirəcəyim rəqəmlər həm yerli, həm xarici investorlara bir mesajdır.”

İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi hesabına davamlı və sabit iqtisadi inkişafa nail olunması, ÜDM-nin və dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması, bütün bölgələrin sosial-iqtisadi vəziyyətinin müasir tələblər səviyyəsinə çatdırılması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və yerli məhsulların dünya bazarlarına ixrac imkanlarının artırılması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili və rifah halının durmadan yaxşılaşdırılması, orta təbəqənin formalaşdırılması və cəmiyyət həyatında rolunun artırılması bir məqsədə yönəldilir ki, insan amilinə artan diqqətin əsasını təşkil edən göstəricilər daha böyük rəqəmlərlə ifadə olunsun, sosial-iqtisadi sahədə davamlı inkişaf gerçəkləşdirilsin. Ən əsası isə qeyri-neft sektorunun inkişafına investisiya qoyuluşuna, sahibkarlığa əngəl olan halların aradan qaldırılmasına diqqət artırılır. Sənaye və aqrar sahənin inkişafına yönələn islahatların tətbiqi sürətləndirilir. Prezident İlham Əliyevin çıxışlarında daim vurğuladığı kimi, müstəqillik, iqtisadi inkişaf yolu ilə irəliləyən Azərbaycanın iqtisadi böhrandan ən az itki ilə çıxması üçün yerli resurslardan istifadə imkanları və daxili potensialı tükənməzdir: «Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar. Ölkəmizdə böyük ruh yüksəkliyi var, xüsusilə kənd təsərrüfatı, emal və sənaye sektorlarında. Bakıda, böyük şəhərlərdə, bütün şəhər və rayonlarımızda çox böyük fəallıq müşahidə olunur. Bu da əlbəttə ki, həm bizim siyasətimizin təzahürüdür, - çünki özəl sektor sahibkarlığının inkişafı üçün çox ciddi addımlar atılıb, - eyni zamanda, bizim sahibkarlarımızın da məsuliyyətini göstərir. Sahibkar qazandığı vəsaiti ölkə iqtisadiyyatına qoymalıdır.»

  Azərbaycanda hökm sürən sabitlik və proqnozlaşdırılan vəziyyət, eyni zamanda, Azərbaycan dövlətinin güclənməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa edilməsi xarici investorların ölkəmizə  olan münasibətini təbii olaraq daha da yaxşılaşdırıb. Baxmayaraq ki, Azərbaycanda çox müsbət sərmayə iqlimi uzun illərdir hökm sürür. İnvestisiyaların adambaşına düşən həcminə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır, son illər ərzində və xüsusilə antiterror əməliyyatından sonra dövlət suverenliyimizin tam bərpa edilməsi təbii olaraq bütün investorlara ciddi müsbət mesaj göndərmişdir ki,  bunun bəhrəsini  görürük. Ənənəvi sənaye mərkəzlərimizdə, - Bakıda, Sumqayıtda  sənaye parkları, yeni müəssisələr açılır. Eyni zamanda, azad edilmiş torpaqlarda yeni sənaye parklarının yaradılması çox müsbət hal kimi qiymətləndirilməlidir.

Daxili investisiyaların həcmi artmaqdadır. Bu, sözsüz ki, dövlətimizin sahibkarlığın inkişafına diqqət və qayğısından irəli gəlir. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi ötən 22 ildən artıq dövrdə  minlərlə yeni iş yerinin açılması işsizlik, məşğulluq probleminin həllinə öz müsbət təsirini göstərir. Hazırda Azərbaycan kredit reytinqinin səviyyəsinə görə MDB məkanında ən irəlidə gedən ölkələrdəndir. Dünya İqtisadi Forumu inkişafın Azərbaycan modelinin mövcudluğunu təsdiqləməklə yanaşı, bu reallığı da diqqətə çatdırır ki, uzunmüddətli iqtisadi uğurlara nail olmaq üçün əməkdaşlıq zəruridir. Hər bir ölkənin öz inkişaf strategiyası olduğunu nəzərə alsaq səylərin birləşdirilməsinin, təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyinin daha qabarıq şəkildə özünü büruzə verdiyini görərik. Azərbaycanın iqtisadi inkişafın istiqamətini enerji sektorundan qeyri-enerji sektoruna yönəltməsi beynəlxalq səviyyədə  yüksək dəyərləndirilir, gələcək üçün uğurlu addım kimi önə çəkilir. Dövlətimizin başçısı İlham Əliyev dünyanın biznes icmasına özümüzü nəinki mühüm coğrafi mövqeyə və təbii sərvətlərə malik, o cümlədən islahatlara, dəyişikliklərə və şaxələndirməyə sadiq ölkə kimi təqdim etməyin vacibliyini bildirir.

Cənubi Qafqaz regionunun iqtisadiyyatının 85 faizinə sahib olan  Azərbaycan dövlət büdcəsi ilə də regionun ən güclü iqtisadiyyata malik olduğunu nümayiş etdirir. Bu fikir hər zaman qeyd olunur ki, əgər biz doğrudan da inkişaf etmiş ölkəyə çevrilmək istəyiriksə, hər sahədə şəffaflığın yüksək səviyyədə qorunmasına nail olmalıyıq. O da məlumdur ki, ölkəmiz 2011-ci ildə şəffaflığın artırılması və açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin mübadiləsi və beynəlxalq səylərə öz töhfəsini verməsi üçün Açıq Hökumət Tərəfdaşlığına qoşulmuşdur. Bu inam ifadə olunur ki, müəyyən bürokratik əngəllərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar biznes cədvəlində Azərbaycanı daha da yüksək pilləyə çıxaracaq. Cənab İlham Əliyev hər zaman bildirir ki, atılan addımlar Azərbaycanın inkişafının hərtərəfli və sürətli olmasına xidmət edir.

Cənab İlham Əliyev çıxışlarında daim bu çağırışı da edir ki, artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib. Biz öz resurslarımıza arxalanaraq güclü iqtisadiyyat qurmuşuq, müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır ki, Azərbaycan uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət apara bilsin. Necə ki, aparmışıq və aparacağıq.

Ölkəmizdə iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması Azərbaycanın qarşısında geniş imkanlar açır. Şaxələndirmə siyasətinin uğurlu nəticələri göz önündədir. Dövlətimiz sahibkarlığın inkişafına xüsusi diqqət göstərərək bütün zəruri olan şəraiti yaradır. Atılan addımlar qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağı təmin edir. Bir sözlə, Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında da liderliyini qoruyur. Dünya Bankı Azərbaycanı ən islahatçı ölkələr sırasında qeyd edir. Qarşıdakı dövrdə ölkəmiz daha möhtəşəm uğurları, iqtisadi göstəriciləri ilə diqqətdə olacaq. «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»dən irəli gələn vəzifələrin uğurlu icrası müəyyənləşdirilən hədəflərə zamanında nail olacağımızı təmin edəcək.

Azərbaycanın iqtisadi inkişafından bəhs etməyimiz səbəbsiz deyil. Çünki iqtisadi müstəqillik siyasi müstəqillik üçün əsasdır. Azərbaycanın Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində davamlı uğurlara imza atması hazırda ayrı-ayrı dövlətlərlə  ikitərəfli əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayır. Azərbaycan yeni dostlar, tərəfdaşlar qazanır, yeni əməkdaşlıq formatlarının müəllifi kimi çıxış edir. Bütün bu uğurlarımızın əsasında müstəqil siyasətimiz dayanır. Təbii ki, müstəqillik yalnız atributları ilə ölçülmür. Müstəqillik müstəqil siyasət aparmaq, dünya birliyində layiqli yer tutmaq, iqtisadi müstəqilliyə nail olmaqdır. Bu gün dünya Azərbaycanın timsalında müstəqil dövlətin mühüm modelini təqdim edir. Məhz bu siyasət nəticəsində Azərbaycan tarixi Zəfərinə qovuşdu. ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi, dünyaya sülh təcrübəsini təqdim etdi. Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözləyir. Bu uğurların bələdçisi müstəqil siyasətimizdir. “Biz artıq bütün dünyaya sübut etmişik ki, müstəqil həyat yaşaya bilərik, uğurla yaşaya bilərik” söyləyən cənab İlham Əliyev bildirir ki, biz gələcəkdə bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq. Xalqın iradəsi əsasında irəli gedəcəyik. Müstəqilliyimiz dönməzdir, əbədidir! 

Yeganə Əliyeva, “İki sahil”