07 aprel 2021 19:38
565

Slovakiyalı müdafiəçi millimizlə oyundan danışdı

"Bizi seçmə mərhələdə 2 vacib oyun gözləyir. Bunlar həlledici qarşılaşmalardır".

"İki sahil" xəbər verir ki, bu fikirləri Slovakiya yığmasının futzalçısı Voytex Turek federasiyanın rəsmi saytına açıqlamasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə keçirəcəkləri oyun barədə danışarkən deyib.

24 yaşlı müdafiəçi bildirib ki, final mərhələsinə ikinci vəsiqənin taleyi sabahkı matçda həll oluna bilər: "Bunun üçün Moldova yığması büdrəməlidir. Bu baş verməsə, hər şey son tura qalacaq. Görək, vəziyyət necə inkişaf edəcək".

Turek Azərbaycan millisinin Slovakiyaya tam heyətlə gəlmədiyini vurğulayıb: "Bizdə olan məlumata görə, rəqibin heyətində bəzi itkilər var. Qonaqlardan rahat oyun gözləyirəm. Çünki onlar üçün itiriləsi heç nə yoxdur. Amma matçın sürətli keçəcəyini düşünürəm".

Qeyd edək ki, aprelin 8-də keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 4 turdan sonra III qrupda 12 xalla liderdir və Avropa çempionatına vəsiqəni vaxtından əvvəl təmin edib.