08 aprel 2021 14:09
1609

"SOCAR AQŞ" Xəzər hövzəsində ilk çoxşaxəli quyusunu qazıb

"SOCAR AQŞ" ilk dəfə olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyi (İB) üçün çoxşaxəli quyunun layihələndirilməsi və qazma işlərini uğurla həyata keçirib.

Şirkətdən "İki sahil" verilən məlumatda bildirilir ki, "SOCAR AQŞ" "Qərbi Abşeron" yatağında qazma işlərinin aparılması zamanı yatağın tam potensialının aşkara çıxarılması istiqamətində bir sıra ilklərə imza atıb, quyu lüləsi boyu bütün intervallar üzrə geoloji-geofiziki tədqiqat işləri aparıb.

"SOCAR AQŞ"nin Baş direktoru Samir Mollayev bildirib ki, şirkətin "Qərbi Abşeron" yatağında apardığı geoloji-geofiziki tədqiqat işləri nəticəsində qazılmış quyularda quma qarşı nəzarət sistemi tətbiq edilib, süzgəclərin ölçüləri dəqiqləşdirilib və açıq lüləyə süzgəclər buraxılmaqla sifarişçi hasilatın 4-5 dəfə artırılmasına nail olub: “Əldə edilən uğurlu nəticələrə əsasən, yatağın potensialı nəzərə alınmaqla, çoxşaxəli quyuların qazılması mümkünlüyünə baxılıb. Çoxşaxəli quyunun layihələndirilməsi müddətində, "SOCAR AQŞ" sifarişçi "Azneft" İB ilə birgə komanda şəkilində işləyib, Cənubi Xəzər hövzəsində ilk dəfə pilot layihə kimi həyata keçirilməsinə öz töhfəsini verib."

"SOCAR AQŞ"nin Baş geoloqu İftixar Qasımovun sözlərinə görə, çoxşaxəli horizontal istismar quyularının qazılması texnologiyası quyunun hasilatını artırır və ən əsası qazma prosesinə çəkilən xərcləri əhəmiyyətli dərəcədə aşağı salmağa imkan yaradır.

Qeyd edilib ki, şirkət SOCAR tarixində çoxşaxəli quyunun qazılmasını və tamamlanmasını yekunlaşdıraraq sifarişçiyə vaxtından əvvəl təhvil verib. Hazırda quyuda hasilat rejiminə çıxma əməliyyatı aparılmaqla, mənimsəmə işləri davam etdirilir. 

Orxan Vahidoğlu, "İki sahil"