09 aprel 2021 15:21
1368

Dirijor Əyyub Quliyev ustad dərsləri verəcək

Azərbaycanda ilk dəfə Heydər Əliyev Sarayının nəzdində yaradılan “Prodüser mərkəzi”nin proqramı çərçivəsində opera-simfonik dirijorluğu üzrə Respublikanın Əməkdar artisti, Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri Əyyub Quliyevin ustad dərsləri keçiriləcək.

"İki sahil"in məlumatına görə, layihənin məqsədi 16-22 yaş arasında gənc musiqiçilər arasında dirijorluq sənətinin tədrisi və bu sənətə marağı artırmaqdır. Dirijorluqla bərabər “Prodüser mərkəzi” caz, estrada, klassik vokal, instrumental ifaçılıq və rəssamlıq üzrə istedadlı gəncləri seçərək 3 il müddətində öz öhdəliyinə götürəcək.

Müsabiqədə iştirak etmək istəyənlər (050) 493-55-11 (WhatsApp , Telegram) nömrəsinə özü haqqında ətraflı məlumat, şəxsiyyət vəsiqəsinin surəti və bir dəqiqədən artıq olmamaq şərti ilə videomaterialı aprelin 20-dək təqdim etməlidir.

Qeyd edək ki, dirijor Əyyub Quliyev 2009-cu ildən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur. 2015-ci ildən Akademiyanın dosenti seçilən dirijorun tələbələri indi Vyana Dövlət Konservatoriyası və Moskva Dövlət Konservatoriyası kimi ali musiqi təhsil ocaqlarında uğurla təhsilini davam etdirirlər.