09 aprel 2021 17:22
851

Misirdə 3000 yaşı olan - "QIZIL" ŞƏHƏR/FOTO

Arxeoloqlar Misirdə təxminən 3000 il yaşı olan "qızıl" şəhər aşkar ediblər. Bu Luxor şəhərinin qərb sahilindəki ən böyük qədim yaşayış məskənidir.

Bu barədə arxeoloji missiyanın rəhbəri, qədim Misirin tarixçisi və Misirin Qədimlər Şurasının keçmiş baş katibi Zahi Havass"Facebook" səhifəsində açıqlayıb.

Onun sözlərinə görə, şəhərin əsası eramızdan əvvəl 1391 - 1353-cü illərdə Firon III Amenhotepin dövründə qoyulmuşdur. Havassın paylaşdığı məlumata əsasən Misirin Luxor şəhərinin qərb sahilindəki ən böyük inzibati və sənaye məskəni olan bu şəhər Misirdə indiyə qədər tapılan ən böyük məkanlardan biridir.

Baltimordakı Con Hopkins universitetinin Misirşünaslıq üzrə professoru Betsi Brianın sözlərinə görə, illər öncə itirilmiş bu şəhərin tapılması Tutankhamonun türbəsindən sonra ikinci ən vacib arxeoloji kəşfdir.

Arxeoloq qeyd edir ki, buradan Firon III Amenhotepin möhürü olan üzüklər, rəngli keramika qablar və gil kərpiclər də aşkar olunub. Hal-hazırda  işlər davam edir və arxeoloqların əsas missiyalarından biri də qədim məzarların tapılmasıdır.

Samirə Tağıyeva, "İki sahil"