12 aprel 2021 12:08
1336

SOCAR dünya üzrə sıfır karbon emissiya hədəflərinə çatan ilk neft şirkətidir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elan etdiyi ekoloji siyasət Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) uğurla icra edilir.

“İki sahil” xəbər verir ki, SOCAR Azərbaycan Respublikasında və beynəlxalq miqyasda ətraf mühitin mühafizəsi məsələləri üzrə korporativ “yaşıl” imicini formalaşdırmışdır. Müasir dövrdə qlobal problem olan iqlim dəyişmələri ilə mübarizə sahəsində SOCAR əhəmiyyətli layihələr həyata keçirmişdir.

SOCAR 2021-2030 cu illər üzrə Aşağı Karbonlu İnkişaf Strategiyasını təsdiq etmişdir. Bu sənəd SOCAR-ın upstream, midstream və downstream fəaliyyətləri üçün İEYQ-nin azaldılmasına dair konkret kəmiyyət hədəflərini müəyyən edir və ölkə tərəfindən 2030-cu ilə qədər götürülmüş öhdəliklərin icrasına xidmət edəcəkdir.

Səmt qazının atmosferə atılmasının, yandırılmasının azaldılması üçün 2-ci korporativ proqramını elan etmişdir. 2010-2015, 2017-2022 illəri əhatə edən bu proqramların icrası səmt qazının dövriyyəyə qaytarılması, ətraf mühitin mühafizəsi, iqlim dəyişmələrinə təsirin azaldılması və korporativ mədəniyyət nümayiş etdirmişdir. Belə ki, “Neft Daşları” yatağının quyularında istismar üsulları təkmilləşdirilməklə havaya atılan qazlar sıfıra endirilib. Həmçinin BMT ilə birgə icra olunan NAMA layihəsi çərçivəsində Siyəzənneft NQÇİ-də atmosferə atılan qazlar sıfıra endirilmişdir.

Bununla bağlı 6 aprel 2021-ci il tarixində Vaşinqtonda Dünya Bankının “Səmt Qazının Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq” (GGFR) təşkilatı ilə SOCAR nümayəndələri arasında onlayn formatda texniki komissiyanın görüşü keçirilmişdir.

Səmt qazı emissiyalarının azaldılması istiqamətində SOCAR tərəfindən həyata keçirilən effektiv tədbirlər GGFR nümayəndələri tərəfindən çox yüksək qiymətləndirilmişdir. Qlobal istiləşmə prosesinin aktiv getdiyi bir zamanda SOCAR-ın bu cür effektiv tədbirlərinin ətraf mühitə verdiyi töhfənin digər neft-qaz şirkətləri üçün örnək olması, gələcəkdə SOCAR-ın təcrübəsinin öyrənilməsinin və tətbiq olunmasının vacibliyi Dünya Bankının GGFR təşkilatı tərəfindən xüsusi vurğulanmışdır.

Görüşdə SOCAR-ın əldə etdiyi bu ekoloji naliyyətlər barədə Dünya Bankının rəsmi veb saytında elan edilməsi təsdiq olunmuşdur. SOCAR artıq səmt qazı atılmalarını 2%-ə endirib və 2022-ci ildə bu növ emissiyaları sıfıra endirməyi qarşısına məqsəd qoymuşdur. Bu işlərin reallaşması nəticəsində dünyanın nəhəng neft-qaz şirkətləri arasında SOCAR ön sıraya çıxacaqdır.

Bundan əlavə, Norveçin “Carbon Limits” şirkəti ilə birlikdə metan sızmalarının azaldılması, sertifikatlaşdırılması və karbon kreditləşdirilməsi işləri uğurla icra olunur. Bu layihənin nəticəsi olaraq “Carbon Limits”, “Rosneft” və SOCAR arasında üçtərəfli əməkdaşlıq nəzərdə tutulur.

Həmçinin SOCAR İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının üzvü olaraq İEYQ (İstilik Effekti Yaradan Qazlar) hesablanması üçün hazırladığı korporativ metodiki vəsait Nazirlər Kabinetində baxılmış, yüksək qiymətləndirilmiş və ölkə üzrə tətbiqi məqsədəuyğun hesab edilmişdir.

Bu uğurlar neftin sənaye üsulu ilə hasilatının 175 illik tarixi ərzində formalaşan bütün ekoloji problemlərin həll olunmasına qətiyyətli iradəsini nümayiş etdirmiş və SOCAR-ın prezidenti cənab Rövnəq Abdullayevin ekologiya sahəsinə göstərdiyi xüsusi qayğı nəticəsində qazanılmışdır.

Biz SOCAR ailəsi olaraq xüsusi vurğulamaq istərdik ki, SOCAR davamlı inkişaf məqsədlərinə uyğun olaraq dünyada neft-qaz şirkətləri arasında “sıfır karbon emissiyası” hədəflərinə çatan ilk şirkətlərdən biri olacaqdır və müsbət mənada fərqlənəcəkdir.

Bu naliyyətlər münasibəti ilə bütün SOCAR ailəsini və Azərbaycan xalqını təbrik edirik!

Orxan Vahidoğlu, "İki sahil"