12 aprel 2021 21:25
971

Vətən müharibəsi jurnalistikanın da müharibəsi idi

Müharibə qan-qada, ölüm-itim olsa da, ocaqlar söndürsə də, talelər udsa da, evlər çökdürsə də harada yaşamasından asılı olmayaraq “mən azərbaycanlıyam!” deyənlər Vətən naminə, torpaqlarımızın işğaldan qurtuluşu naminə döyüş arzulayırdı, müharibə istəyirdi. İstəyirdi ki, Ali Baş Komandan döyüş əmri versin, Azərbaycan əsgəri torpaqlarımızı işğaldan azad etsin. Bu istək müharibəyə çağırış deyildi, müharibədən qurtuluş niyyətiydi. 28 il bu müharibənin mənəvi sıxıntıları Vətənini sevənlərin ürəyinə yük oldu, işğal sıxılcımları vətənsevərlərin gündüzlər düşüncələrinə, gecələr yuxularına sarıldı.

Vətən müharibəsindən əvvəl

Ötən il yayın son ayında ön xətdə ezamiyyətdəydim. Səngərdə əsgərlərlə səmimiyyətlə kəlmələşirdik. Əsgərlər torpaqlarımızın işğaldan azad edilməsi ilə tamamlanacaq döyüşlərdən danışırdılar. Danışa-danışa gözləri yol çəkən əsgərin qəhərini qəhərim bilmişdim. “Atam Şuşadan çıxanda mən yaşda olub, indi yaşı 50-ni haqlayıb. Yəni onun Şuşasız illəri Şuşalı illərindən çox olduğu üçün qəhəri sevincindən çoxdu. Qaçqınlıq ağrıları yaşayan atamın dünyadan yeganə istəyi Şuşadı. Qaçqınların ruhunu sıxıntılardan biz qurtaracağıq”, – əsgərin dodağında közə dönən kəlmələr and kimi səslənmişdi. Kaş ki, biz də Ali Baş Komandanın əmri ilə başlayacaq döyüşlərdə iştirak edəydik”. Əsgər Eldar Quliyev belə demişdi. Əsgər Kamran Bəşirovun dedikləri onun fikirlərinə söykək olmuşdu: “Birinci Qarabağ müharibəsində iştirak etmiş babalarımızın xatirələrini eşidə-eşidə böyümüşük. Şəhidliyin də, müqəddəsliyin də nə olduğunu bu xatirələri dinlədikdən sonra daha əhatəli dərk etmişik. Hərbi xidmətə belə başlamışıq. Vətən müqəddəsdi. Müqəddəsliyə xidmət də müqəddəslikdi, yəni hərbi xidmət də müqəddəsdi. Bu müqəddəsliyə görə döyüşmək də müqəddəslikdi, həlak olmaq da...”.

Vətən müharibəsində

Vətən müharibəsinin ilk döyüşlərində məlum oldu ki, Azərbaycan əsgəri qəhrəman olmaq üçün döyüşmür, qəhrəmanlıqla döyüşür. Azərbaycan əsgəri hər döyüş əmrini qəhrəmanlıq döyüşü kimi yerinə yetirir. Azərbaycan əsgəri qələbə döyüşlərindəydi. Bu döyüşləri hamı ruhuyla izləyirdi, döyüşləri güllə-güllə, mərmi-mərmi yaşayırdı, döyüş-döyüş Füzuliyə, Ağdama, Cəbrayıla, Qubadlıya, Laçına, Zəngilana, Cıdır düzünə, Şuşaya yaxınlaşan əsgərlərin səngərdaşıydı.

Vətən müharibəsi başlamışdı.

Kəlbəcər istiqamətində gedən döyüşlərdə komandiri, leytenant Elvin Şükürlü olan taqım da qətiyyətlə döyüşürdü. Komandir döyüş bir nəfəs dərimi müddətincə səngiyəndə alnını ovuşdurub əsgərlərinə baxıb. Əsgərlərinə “Siz qalib gələcəksiniz!” deyib və kimsəyə hiss etdirmədən Mübariz İbrahimovun qəhrəmanlığının mahiyyətini təkrarlayıb – düşmənin ciddi müqavimət göstərən, döyüşçülərimizin qələbə yolunda maneə olan mövqesinə gedib. Güman ki, şəraitə görə atışmağa imkanı olmayıb. Dörd düşmənlə əlbəyaxa döyüşüb, dördünü də öldürüb. Düşmənin səngərində şəhid olub. Əsgərlərimiz döyüşü taqım komandirlərinin şəhidliyinin ruhu ilə davam etdirib...

Bir az əvvəl döyüş olub, döyüş qələbə ilə tamamlanıb, gözəl bir ovqat yaşanılıb. Mövqe qələbəsindən sonra döyüş bir qədər ara verib (buna “nəfəs dərmə” də deyilir).  "Azərbaycan əsgərinin atacağı sonuncu güllə son yüz ilin ən möhtəşəm günlərindən birini tarixləşdirəcək", – dedim. Döyüşçülər gözaltı qarşı tərəfə, zabit Elçin Quliyev gözdolusu döyüşçülərə baxırdı, mən döyüşün təəssüratlarını öyrənmək niyyəti ilə zabitə baxırdım.

"Döyüş əmri yerinə yetirilib. Düşmənin hərbi sursat dolu yük maşını, canlı qüvvəsi məhv edilib. Döyüşənlərimiz zərrəcə yorğunluq hiss etmir. Bu, qələbə ruhunun qüdrətidi", – baxışlarım baxışlarıyla qoşalaşmış zabit Elçin Quliyev qarşıdakı yüksəkliyin o üzünü göstərib,   qətiyyətlə, "Yaxın vaxtlarda söhbətimizi orada davam etdirərik", – dedi.

Onda "Azərbaycan əsgərinin atacağı sonuncu güllə son yüz ilin ən möhtəşəm günlərindən birini tarixləşdirəcək", – dedim.  

Səhər dan yeri bölüyün döyüşçülərini zabir Elçin Quliyevin göstərdiyi mövqedə salamladı. Orda bayrağımız qürurla dalğalanırdı.

Vətən müharibəsində qazanılan ilkin qələbələrin coşqusu ictimaiyyəti də əsgərləşdirmişdi. Əsgər və zabitlərin döyüş əzmi, qələbə ruhu Müzəffər Ali Baş Komandanın döyüş əmri ilə başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun qələbə zəmanəti idi. Döyüşçülər sərkərdənin döyüş əmrini həm də tərxis olunmuş dostlarını da sıralarında bilib yerinə yetirirdi; dünya gördü ki, bu zəmanət Azərbaycanın torpaqlarını işğaldan azad edəcək döyüşlərdi, bu döyüşlər dövlətçiliyə sədaqət andıdı. 44 günlük döyüşlər azərbaycançılıq ruhunun qələbəsiylə nəticələndi. Neçə-neçə döyüşçü yaralandığını döyüşün sonuna kimi gizlətdi, döyüşü davam etdirdi. Döyüşdən sonra qınanacağını bilsə də döyüşdü. Bu, Vətən sevgisini ululuq mərtəbəsində yaşatma amalı olub. Komandirinə qətiyyətlə "Vətən müharibəsinin sonuna kimi döyüşmək, qələbə sevincini qaliblərin sırasında yaşamaq istəyirəm, komandir", – deyib...

Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev Vətən müharibısindəı xalqa müraciətində dedi: “Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!". Bu müqəddəs savaş Zəfərlə tamamlandı...

Mövqe qələbələri də, rayonlarımızın işğaldan azad edilməsi də, Şuşanın qurtuluşu da Azərbaycan əsgərinin qətiyyəti ilə, Vətənə sevgisi ilə yazılan tarix oldu.

Vətən müharibəsindən sonra

qazanılan Zəfər böyük coşqu ilə yaşanıldı. Bu coşqu aylara sığmazdı, indi də sığmır. Bu coşqunun ovqatı tarixin ovqatıdı...

Bu coşqu nəyin coşqusu olduğunu, necə coşqu olduğunu dekabrın 10-da Azadlıq meydanında keçirilən Zəfər paradı bildirdi.

Zəfər paradında bir bayraq ovqatı görürdük: Dövlət bayrağımız da ucalıqlardan enməyəcək, bu ovqat da. Zəfər paradı bayraq-ovqatın, ovqat- bayrağın paradı idi...

Paradın möhtəşəmliyini iki azyaşlı uşağını Meydana aparan atanın niyyətində, əl əsası özündən qabağa can atan döyüşçünün yerişini yeyinlədən istəyin çılğınlığında, dünyaya ata çiyinlərindən baxan, boyu bərabərində olan bayrağı boyundan yuxarı dalğalandıran uşağın dünyaya sığışmayan marağının cazibəsində görürdüm...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərlərində dediyi fikirlərin işığında dünya ictimaiyyəti inandı ki, ermənilərin uçurub-dağıtdığı, deməyə adamın dili də gəlmir, xarabalığa çevirdiyi şəhərlər, kəndlər ev-ev, bina-bina dikəldiləcək, yenidən qurulacaq. Xalq həmişə ölkə başçısının hər çağırışının əsgəri olub. Vətən müharibəsi cəbhə idi, xalq bu cəbhədə əsl fədakarlıq göstərdi, Ali Baş Komandanın döyüş əmri ilə döyüşənlərin sırasında oldu. Vətən müharibəsindən sonra ölkə başçıısının quruculuq işlərinə başlama çağırışının da əsəgəri məsuliyyətlə icraçısı olmağı mənəvi borc biləcək.

Rəşid Faxralı