15 aprel 2021 08:08
478

11 şəhər və rayonda buraxılış imtahanları keçiriləcək

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır

Bu gün Gəncə şəhərinin Kəpəz rayonunda, Ağdam, Hacıqabul, İsmayıllı, Qax, Qazax, Siyəzən, Tərtər, Xızı, rayonlarında, Lənkəran və Şirvan şəhərlərində Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

"İki sahil" DİM-ə istinadən xəbər verir ki, imtahan saat 11:00-da başlanacaq. 

İmtahanın başlanmasına 15 dəqiqə qalmış, saat 10:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar. 

Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. 

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

-      İmtahana buraxılış vərəqəsi;

-     Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

-      Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a)   Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b)   əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

-      Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahana buraxılış vərəqəsi şagirdin (abituriyentin) özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.

İmtahanda 8124  şagirdin iştirakı nəzərdə tutulur. 

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 36 imtahan binası, 634 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 36 ümumi imtahan rəhbəri, 107 imtahan rəhbəri, 763 nəzarətçi–müəllim, 72 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 36 bina nümayəndəsi ayrılıb.