16 aprel 2021 12:04
771

ADA Universitetində keçirilən konfransda Azərbaycan Prezidenti dünyaya mühüm mesajlar verdi

ADA Universitetində yüksək səviyyədə təşkil olunan “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans Azərbaycanın regionda yaratdığı yeni şəraitdə baş tutun ilk genişformatlı beynəlxalq tədbir idi. Hər şeydən əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bu konfrans vasitəsilə dünyaya iki mühüm mesaj verdi.

Bunu "İki sahil"ə açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlunun sözlərinə görə, bu mesajlardan biri artıq müharibənin və münaqişənin bitməsi, digəri isə Azərbaycanın yeni dövrü inkişaf və əməkdaşlıq mərhələsi kimi görməsinin bəyan edilməsi idi. Şübhəsiz ki, bunların konfransda ifadə edilən çoxsaylı və mühüm fikirlərdən yalnız ikisi olduğunu qeyd edən deputat bildirib: “Prezident İlham Əliyev dünyanın müxtəlif beyin mərkəzlərinin təmsilçilərinin suallarını cavablandırarkən keçmiş münaqişənin tarixindən, onun həlli ilə bağlı aparılan uzunmüddətli və səmərəsiz danışıqlardan tutmuş erməni vandadliziminin ifşasına, Azərbaycan Ordusunun qəhrəmanlığına, dost ölkələrin beynəlxalq hüququ və ədaləti dəstəkləməsindən başlamış Ermənistanın təcavüzkarlıq siyasətini və faşist əməllərini dəstəkləyənlərə qədər çox geniş məsələlərə toxundu. Dövlətimizin başçısı Azərbaycan xalqının tarixi keçmişi, ermənilərin Cənubi Qafqazda necə dövlət qurmaları ilə bağlı da obyektiv tarixi məlumatları əsaslandırılmış şəkildə beynəlxalq ictimaiyyətin və qlobal informasiya məkanının diqqətinə çatdırdı. Prezident İlham Əliyev Azərbaycanın yeni reallıqda əməkdaşlığın və inkişafın bərqərar olmasının, regionun kommunikasiya və iqtisadi bütövlüyünün təmin edilməsinin tərəfdarı olduğunu bildirdi və bu prosesdə diqqəti səmərəli əməkdaşlıq platformasının yaradılmasının vacibliyinə yönəltdi. Dövlətimizin başçısı bunun üçün, ilk növbədə, Ermənistanın prosesə qoşulması və “azərbaycanofobiyadan”, “türkofobiyadan” qurtula, yaranmış yeni reallığı obyektiv əsaslarda dərk edə və qiymətləndirə bilməsinin lazım olduğunu qeyd etdi”.

Deputat vurğulayıb ki, Qafqaz kimi çətin bir regionda yaradılmış ən mürəkkəb münaqişə ocaqlarından birini Azərbaycan güclü Ordusu sayəsində söndürə bilib. Bu, Azərbaycana qalib ölkə statusu qazandırıb. Bütün dünya bu yeni reallığı düzgün qiymətləndirməli, Azərbaycanın əməkdaşlıq və tərəfdaşlıqla bağlı təşəbbüslərini tarixi fürsət kimi dəyərləndirməlidir. Ancaq hər şeydən əvvəl Ermənistan öz mövcudluğu üçün bu tarixi fürsəti əldən verməməlidir. Çünki Azərbaycan bütövlükdə regionumuzun tarixində geri qaytarılması mümkün olmayan mühüm strateji reallıq yaradıb və gec- tez hamı bununla hesablaşmalı olacaq”.