Hələ işğaldan əvvəl turizm-rekreasiya sahəsindəki geniş inkişaf potensialına görə fərqlənən Qarabağ və ətraf rayonlarımızda hazırkı dövrdə erməni işğalı nəticəsində təhlükəsizliyin təminatında yaranan problemlər, infrastrukturun dağıdılması səbəbindən turizmin təşkili hələlik mümkünsüzdür.
Təbii ki, Qarabağ və ətraf rayonların turizm imkanlarından tam istifadə üç əsas amil təmin edildikdən sonra mümkün olacaq. Bunlar ərazilərdə təhlükəsizliyin təminatı, əhalinin oraya qayıdışı və infrastrukturun yaradılmasıdır. Yaxın gələcəkdə bütün bu məsələlər həll edildikdən sonra Qarabağın Azərbaycanın turizmində öz hegemonluğu ilə seçiləcəyi heç kimdə şübhə doğurmur. Hətta inamla söyləmək olar ki, Qarabağ regional əhəmiyyətli, daha sonra dünya əhəmiyyətli ekoturizm mərkəzinə çevriləcək. Azad edilmiş torpaqlarda həyat yenidən dirçələcək və bölgə qısa zamanda regionun cəlbedici turizm istiqamətlərindən birinə çevriləcək.
Artıq işğaldan azad edilən ərazilərimizdə infrastrukturun qurulması işlərinə start verilib. Bununla paralel şəkildə Qarabağın turizm potensialının dünyaya tanıdılması istiqamətində maarifləndirici işlərə, bölgənin turizm imkanlarından faydalanmaq üçün ilkin araşdırmalara da başlanılıb. Qarabağda turizm sektorunun inkişafı bu bölgənin iqtisadi baxımdan tez bir zamanda dirçəlməsinə müsbət təsir göstərəcək.
Ərazilərdə təhlükəsizliyin təminatı, əhalinin oraya qayıdışı və infrastrukturun yaradılması təmin olunduqdan sonra Qarabağ və ətraf rayonlarda yeni turizm məhsulları yaradılaraq turistlərə təqdim ediləcək. Həmin zonada ilk mərhələdə daxili turizmin təşkili əsas istiqamət olacaq. Bu bölgələrdə ilk mərhələdə daha çox ziyarət tipli turizmin təşkili, infrastruktur tam bərpa edildikdən sonra isə istirahət turizminin təşkili nəzərdə tutulur.
Bəs Qarabağda hansı turizm növləri üçün imkanlar var? Qarabağda turizmin çox növləri – eko, dağ, qış, ov, sağlamlıq turizminin inkişafı üçün böyük imkanlar var. Azərbaycanın bu qədim tarixə malik olan bölgəsi özünün flora və faunası, mətbəxi, tarixi mədəni-dini abidələri, qədim qalaları, körpüləri, meşələri, bulaqları və s. görməli məkanları ilə turistləri cəlb edəcək. Təbii ehtiyatlarla zəngin olan Qarabağda həm də müxtəlif növ ekstremal turizm, aqroturizm, yaşıl turizm təşkil etmək olar. Bütün bunlar turizmin inkişafı üçün geniş perspektivlər yaradır. Kəlbəcər rayonu qış turizmi üçün ideal məkandır. İşğaldan azad olunmuş ərazilərimizdə turizm infrastrukturunun qarşılıqlı əlaqə şəklində qurulması vacibdir. Şuşa Azərbaycan turizminin simvol şəhərlərindən biri olacaq. Azərbaycan mədəniyyətinin incisi olan Şuşanın tarixi abidələri, özünəməxsus arxitekturası yeni turizm marşrutlarının yaradılmasına imkan verəcək. Şuşa mülayim iqlim şəraitinə, mineral suları isə müalicəvi xüsusiyyətlərə malikdir. Bunlar da turizm üçün çox yararlı istiqamətlərdir. Burada tanınmış bəstəkarlar, muğam ustadları, incəsənət xadimləri yetişib. Bütün bunlar imkan verir ki, Şuşada maraqlı turizm xidmətləri marşrutları yaradaraq onları turistlərimizə təqdim edək.
Kifayət qədər geniş rekreasiya imkanlarına malik olan Laçındakı İlıqsu müalicəvi əhəmiyyətli mineral bulağı, zəngin flora və faunaya sahib, sahəsi 21 min hektardan çox olan Laçın yasaqlığı bu ərazilərin turizm imkanlarını genişləndirəcək. Hələ işğaldan əvvəl Kəlbəcərin İstisu qəsəbəsində Ümumittifaq əhəmiyyətli 2 böyük sanatoriya fəaliyyət göstərirdi. Hər il orada 50 min nəfər müalicə olunur və istirahət edirdi. Buradakı “İstisu” mineral suları ilə insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkün idi. Hətta orada kurort və mineral sudoldurma zavodu da tikilmişdi. Deməli, Kəlbəcərin turizm potensilı hətta Gürcüstanın turizm mərkəzlərinə əsaslı rəqib ola biləcək bir potensiala malikdir.
Mütəxəssislərin fikrincə, Kəlbəcərin relyefi dünyanın ən heyrətamiz kanatlarının inşasına, ən maraqlı turizm xidmətlərinin qurulmasına imkan verir. Potensialından düzgün istifadə edilərsə, burada Qafqazın ən böyük turizm mərkəzini yaratmaq, Gürcüstana olan turist axınının istiqamətini dəyişmək mümkündür.
Cavid Əkbərov, “İki sahil”