"Tək Millət, Tək Ürək” Humanitar Platforması çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının dəstəyi, eyni zamanda Ucar Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə “Şəhid ailələrinə qayğı” aksiyasının davamı olaraq Ucar rayonunun 22 şəhid ailəsi ziyarət olunub.
YAP Səbail rayon təşkilatının sədri professor Şəmsəddin Hacıyev, Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Milli Məclisin deputatı Ramil Həsən, YAP Səbail rayon təşkilatının üzvləri, partiya fəalları, Ucar RİH-nin əməkdaşları və gənclər şəhid ailələri ilə səmimi söhbət ediblər, onların gündəlik qayğıları ilə maraqlanıblar, ailələrə Ramazan sovqatı çatdırıblar və maddi köməklik göstərilib. Ziyarət olunan hər bir Şəhid ailəsinə Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu tərəfindən Şəhidin adına özəl olaraq hazırlanmış Qurani-Kərim və Azərbaycan-Türkiyə bayraqları suvenir dəsti hədiyyə olunub.
Şəhid ailələri ilə görüşlər zamanı bir daha qeyd olunub ki, Azərbaycan xalqının möhtəşəm tarixi Qarabağ Zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsi müstəqil Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunan Şanlı Qələbə səhifəsidir. Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşərək həlak olan Şəhidlərimizin əbədiyaşar əziz xatirəsi daima yaşayacaq və gələcək nəsillər də bu igidlərimizin şərəfli həyat və döyüş yolunu araşdıracaq, öyrənəcək və örnək götürəcəklər. Xüsusi vurğulanıb ki, möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bilavasitə göstərişi əsasında Şəhid və qazi ailələrinə yüksək səviyyədə xüsusi diqqət və qayğı göstərilir, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində kompleks və davamlı tədbirlər həyata keçirilir. Bu kontekstdə Ucarda Rayon İcra Hakimiyyəti tərəfindən görülən işlər, şəhid və qazi ailələrinin daim xüsusi diqqət mərkəzində saxlanılması, hər bir şəhidin adının əbədiləşdirilməsi üçün doğulub boya-başa çatdıqları küçədə, kənddə inşa olunan və şəhidlərimizin adını daşıyan bulaqlar və xatirə lövhələri ziyarətçilərdə yüksək təəssüratlar yaradıb.
Ziyarət zamanı əsas diqqət çəkən məqamlardan biri bu oldu ki, şəhid ailələrinin əksəriyyətinin həyətində yeni tikinti işləri aparılır, evlər, həyətlər abadlaşdırılır, bu istiqamətdə Rayon İcra Hakimiyyəti tərəfindən bütün bu məsələlərə xüsusi həssaslıqla yanaşılır, ailələrə lazımi köməklik və dəstək göstərilir.
Ucar rayonuna və ətraf kəndlərə ziyarət zamanı əslən Ucarın Məlikballı kəndindən olan, kənd qəbirstanlığında dəfn olunan və Vətən müharibəsinə Səbail rayon Hərbi Komissarlığından çağırılan şəhid İsmayılov Orxan Zöhrab oğlunun ailəsinə də baş çəkilib. Şəhidin kənd qəbirstanlığındakı məzarı ziyarət olunub, ruhuna dualar oxunub. Sonra ziyarətçilər şəhid ailəsi ilə Məlikballı kəndindəki evlərində görüşdülər və ailəyə bir daha yüksək hörmət və ehtiram bildiriblər.
Ziyarət olunan bütün şəhid ailələri onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə Prezidenti, müzəffər Ali Baş Komandan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Orxan Vahidoğlu, “İki sahil”