17 dekabr 2025 12:00
120

Təhlükəli minalardan təhlükəsiz gələcəyə... - MÜSAHİBƏ

Humanitar missiyanın daşıyıcısı ANAMA-nın Böyük Qayıdışa töhfəsi

İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq prosesinin əsas şərti insanların rifahının və təhlükəsizliyinin təmin olunmasıdır. Bu baxımdan Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) fəaliyyəti postmünaqişə dövrünün ən vacib və strateji istiqamətlərindən biridir. Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz yaşayış mühitinin yaradılmasına, sosial-iqtisadi inkişafın sürətlənməsinə xidmət edir. ANAMA-nın Metodologiya və təlim şöbəsinin müdiri Adil Aslanovun “İki sahil”ə müsahibəsində Agentliyin əsas prioritetləri, minatəmizləmədə qadın mütəxəssislərin rolu, mövcud risklər və maarifləndirmə fəaliyyəti barədə ətraflı məlumat verilir.

-Bu gün ANAMA-nın əsas fəaliyyət istiqamətləri və prioritetləri nələrdir?

-Agentlik işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Proqramı çərçivəsində illik plana əsasən humanitar minatəmizləmə əməliyyatlarını davat etdirir. İşğaldan azad edilmiş ərazilərdə əsasən yaşayış infrastrukturunun yaradılması, kənd təsərrüfatı sahələri, nəqliyyat, energetika, eləcə də digər prioritet istiqamətlərdə fəaliyyət icra edilir. Başlıca prioritet isə insanları mina və digər partlayıcı sursatların təhlükəsindən qorumaqdan, bərpa-quruculuq işləri üçün təhlükəsiz mühitin yaradılmasından ibarətdir.  

-Minatəmizləmə əməliyyatlarında qadın mütəxəssislər iştirak edirlərmi, əgər iştirak edirlərsə onların rolu nədən ibarətdir?

-2023-cü ildən etibarən qadınlardan ibarət minatəmizləmə qrupları işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunub. Onlar doğma torpaqlarımıza düşmən tərəfindən basdırılan mina və partlamamış hərbi sursatların təmizlənməsinə birbaşa töhfə verirlər. Fəaliyyətə başlamazdan öncə onlar da kişi minaaxtaranlar kimi Humanitar minatəmizləmə və İlk tibbi yardım təlimi daxil olmaqla 3 aya yaxın davam edən təlimlərə cəlb olunurlar. Təlimlərin məqsədi, mina və partlamamış hərbi sursatları tanımaq, aşkar etmək və işarələmək, eləcə də ilk tibbi yardım üçün lazım olan əsas bilik, bacarıq və davranış qaydalarını öyrətməkdən ibarətdir.

Hazırda qadınlardan ibarət minatəmizləmə qrupları Ağdərə rayonunun Talış kəndi ərazisində minatəmizləmə əməliyyatlarında iştirak edirlər. Fəaliyyət müddətində 600 hektardan çox ərazi minalardan təmizlənib, 550 ədəddən artıq mina və partlamamış hərbi sursat aşkar edərək zərərsizləşdirilib.

Qeyd edək ki, minaaxtaran qadınlarla yanaşı, minaaxtaran it bələdçisi kimi fəaliyyət göstərən qadınlarımız da var.

-Minatəmizləmə işlərində qarşıya çıxan əsas çətinliklər və risklər hansılardır? ANAMA onların öhdəsindən gəlmək üçün hansı müasir texnologiya və metodlardan istifadə edir?

-Minatəmizləmə işlərində qarşıya çıxan əsas çətinliklər ərazilərin nizamsız şəkildə minalanması, minalanmış ərazilərin metallarla çirkləndirilməsi, eləcə də mina və partlamamış hərbi sursatlarla yanaşı, ərazilərdə quraşdırılan tələ minaları, əldədüzəltmə partlayıcı qurğulardır. Burada xüsusilə tələ minaları və əldə düzəltmə partlyıcı qurğuların təhlükəsini vurğulamaq istərdim. Çünki bu kimi tələlər adətən minalar kimi gizli yerləşdirilə və ya diqqəti cəlb edən əşyaya bənd edilə bilir.

Ölkəmizdə icra edilən humanitar minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə edilməklə Beynəlxalq Minatəmizləmə Standartlarına uyğun həyata keçirilir. Ərazinin çirklənmə səviyyəsi və relyefinə uyğun olaraq minatəmizləmə üsulları tətbiq edilir. Əməliyyatlar əsasən əl ilə minaaxtarma, mexaniki minatəmizləmə vasitələri və xüsusi təlim keçmiş minaaxtaran itlər vasitəsilə icra edilir.

-Əhalinin, xüsusilə də uşaqların mina təhlükəsinə dair maarifləndirilməsi istiqamətində hansı tədbirlər görülür?

-Mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ANAMA partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə istiqamətində təlim proqramları həyata keçirir. Bu proqramların əsas məqsədi insanların mina və partlamamış hərbi sursatlar, onların törədə biləcəyi fəsadlarla bağlı məlumatlılığını artırmaq, onlara düzgün davranış qaydalarını öyrətmək və baş verə biləcək hadisələrin qarşısını almaqdır. ANAMA tərəfindən 4 istiqamətdə maarifləndirmə fəaliyyəti icra edilir – ümumi maarifləndirmə, təlimçilərin təlimi, icma əsaslı və məktəblərdə maarifləndirmə. Maarifləndirmə işlərinin əsas komponentlərindən biri də məktəblərdə bu istiqamətdə biliklərin artırılmasıdır. Elm və Təhsil Nazirliyi ilə birgə məcburi köçkün məktəblərin müəllimlərinin təlimatlandırılması, müharibədən zərərçəkmiş ərazilərdə fəaliyyət göstərən məktəblərdə və digər təhsil ocaqlarında xüsusi proqram əsasında təlimatların, seminarların keçirilməsi əsas prioritetlərdəndir. 

-ANAMA-nın fəaliyyətinə könüllülər cəlb olunurmu və onların iştirakının qurumun strateji məqsədlərinə töhfəsi hansı sahələrdə özünü göstərir?

-ANAMA Azərbaycan Respublikası Gənclər Fondu, Azərbaycan Könüllü Təşkilatı, ASAN könüllüləri, eləcə də Böyük Qayıdış könüllü təşkilatları ilə faydalı əməkdaşlıq çərçivəsində fəaliyyətinə gəncləri də cəlb edir. Bu, Agentliyin humanitar, maarifləndirici və ictimai fəaliyyət istiqamətlərində mühüm rol oynayır.

Gənclərin minatəmizləmə və partlayıcı sursatlardan qorunma mövzusunda ictimai maarifləndirmə kampaniyalarında iştirakı təhlükəsizlik qaydalarının əhali arasında yayılmasına, məktəblərdə və icmalarda maarifləndirici tədbirlərin təşkilinə, sosial media və ictimai aksiyalar vasitəsilə təhlükəsizlik mədəniyyətinin gücləndirilməsinə töhfə verir. Eyni zamanda, könüllü gənclərin bu kimi fəaliyyətlərdə fəal iştirakı onların təhlükəsizlik, humanitar fəaliyyət və idarəetmə sahəsində təcrübə qazanmasına, vətənpərvərlik və ictimai məsuliyyət hissinin formalaşmasına kömək edir.

-ANAMA QHT-lər və icmalarla əməkdaşlıq zamanı hansı mexanizmlərdən istifadə edir və bu əməkdaşlıq Agentliyin fəaliyyətinin effektivliyinə necə təsir göstərir?

-ANAMA-nın həm yerli, həm də beynəlxalq QHT-lərlə tərəfdaşlıq münasibətləri mövcuddur. Ümumiyyətlə, cəmiyyətin mina təhlükəsi ilə mübarizə prosesində dəstəyinin önəmi böyükdür. Onların dəstəyi yalnız təhlükəsizlik mədəniyyətinin güclənməsinə deyil, həm də işğaldan azad olunmuş ərazilərin daha sürətli bərpasına və mina təhlükəsindən azad, dayanıqlı və təhlükəsiz yaşayış mühitinin qurulmasına xidmət edir.

Yaqut Ağaşahqızı, “İki sahil”