Azərbaycan maddi-mədəniyyət abidələri ilə yanaşı, flora və faunasının zənginliyinə görə də fərqlənir. Bu baxımdan ölkəmizin diqqəti cəlb edən bölgələrindən biri də Zəngilandır. XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilan bölgəsi hələ qədim zamanlardan sıx meşələri, münbit vadiləri, yaşıl bitki örtüyü, gur sulu çayları ilə diqqəti cəlb edib. Çinar meşəsi təkcə Zəngilan rayonunun deyil, bütün Azərbaycanın flora-faunasının zənginliyində mühüm yer tutur. Mənbələr sübut edir ki, Azərbaycan Respublikasının Zəngilan rayonunda, Bəsitçay hövzəsində yerləşən təbii çinar meşəsi sahəsinə, ağacların fiziki sağlamlığına, görünüşünə görə dünyada bəlkə də birinci meşədir.
Çinar (Platanus) - çinar fəsiləsinin bitki cinsindən olmaqla tarixi çox qədim olan Kaynazoy erasının üçüncü dövr relikt florasının yadigarı sayılır. Mezozoyun tabaşir dövrünün süxurlarında bu ağacların qalıqları tapılmışdır. Çinar çiçəkli bitkilərin ən qədim növlərindən biridir. Gözəlliyinə, görkəminə və nadir bioekoloji əlamətlərinə görə onu Şərqin ağac florasının mirvarisi, möhtəşəm gövdəsi, əzəmətli, yaraşıqlı çətirinə görə isə Cənubun nəhəng ağacı adlandırırlar. Çinar tez böyüyən və uzun ömürlü ağaclardandır. Ağacların 80 faizi kök pöhrələrdən cücərir. Çinar 10-15 yaşından meyvə verməyə başlayır, ən məhsuldar dövrü 150-200 yaşındadır. Çinarlar 2000-2300 ilə qədər yaşaya bilir. Q.Ş.Məmmədov, M.Y.Xəlilovun "Azərbaycanın meşələri” kitabında göstərilir ki, "Dünyada yayılmış çinarın 8 növündən Qafqazda yabanı və ya yabanılaşmış halda bir növü - Şərq çinarı bitir. Şərq çinarı boyu 30 (45), diametri isə 1,5-3 (5) m-ə çatan geniş dəyirmi çətirli ağacdır”.
Respublikamızda yayılan çinar növü Şərq çinarı və ya barmaqyarpaqlı çinar adlanır. Şərq çinarı Yunanıstanda dağ ətəklərində, Aralıq və Egey dənizləri sahillərində, Kipr, Krit və Rodos adalarında, Kiçik və Orta Asiyada, Cənubi Qafqazda geniş yayılmışdır. Çinar ağacının Azərbaycanda mədəni mənşəli, yabanılaşmış, təbii halda bitdiyi barədə müxtəlif fikirlər vardır. Lakin əksər dəlillər onun yabanı (təbii) olmasını təsdiq edir. B.H.Təhməzov, E.F.Yusifov, K.S.Əsədov göstərir ki, "Azərbaycanda çinarların ən qədim və geniş təbii meşəsi Zəngilan rayonu ərazisində qalmışdır. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına qədər Bəsitçay vadisində müxtəlif yaşlı ağacların sayı 4500-5000 ədədə yaxın olmuşdur”.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920-ci illər) sahəsi 120 hektara yaxın olan Zəngilandakı çinar meşəsi tamamilə Azərbaycana məxsus idi. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanın Zəngəzur torpaqlarının bir hissəsi indiki Ermənistana verilmişdir. Bunun nəticəsində Bəsitçay vadisindəki çinar meşəsinin müəyyən hissəsi Bəsitçayın qolları olan Xaçınçay və Şixavuzçay vadiləri boyunca yayılan çinar ağacları seyrək şəkildə indiki Ermənistanın Qafan rayonunun Nerkin-Hand, Sav və Şixavuz (Şikaxox) kəndləri ərazisində qalmışdır. Şixavuz kəndindən bir qədər yuxarı "Almalıq bağı” və ona yaxın olan ərazilər Boğazyurd (bəzən Pirçivanyurd) adlanırdı. Zəngilanlılar son dövrlərə qədər bura yaylağa istirahətə gəlirdilər.
Tanınmış təbiətşünas alim, akademik Həsən Əliyevin təşəbbüsü ilə nadir təbiət abidəsi olan çinar meşəsini qorumaq məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 4 iyul 1974-cü il tarixli qərarı ilə Zəngilan rayonu ərazisində 117 hektar sahəni əhatə edən Bəsitçay Dövlət Təbiət Qoruğu yaradılmışdır. Çox təəssüf ki, 1980-ci ildə çinar meşəsinin ümumi sahəsi 10 hektar azalaraq 107 hektar təşkil edib. Ermənistanın 30 ilə yaxın bir müddətdə davam edən təcavüzü nəticəsində digər tarixi və mədəni abidələrimiz kimi Zəngilan çinar meşəsi də mənfur qonşularımız tərəfindən vəhşicəsinə talan edilib.
Sentyabrın 27-dən Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzündən sonra ordumuz əks-hücum əməliyyatlarına başlayaraq Dağlıq Qarabağ bölgəsində bir sıra əraziləri, o cümlədən Zəngilan şəhərini, rayonun bir sıra kəndlərini, Mincivan və Ağbənd qəsəbələrini, o cümlədən çinar meşəsini erməni işğalından azad etdi. Qoruğun mövcud vəziyyətinin qiymətləndirilməsi üçün işğaldan azad olunmuş ərazilərə ezam olunmuş monitorinq qrupunun verdiyi məlumatlara əsasən Qoruğa aid olan 85 hektar meşə ilə örtülü sahəsinin 42 hektardan çox hissəsinin tamamilə məhv edilmişdir. Çoxyaşlı qiymətli Şərq çinarı ağacları kəsilmiş, köklərinin itirilməsi üçün müxtəlif partladıcı maddələrdən istifadə edilmiş, ərazidə yanğınlar törədilmiş və Qoruğun inzibati binası dağıdılmışdır.
"Qarabağ Azərbaycandır" şüarı ilə başladığımız yolda indi əsas hədəf erməni vandalları tərəfindən dağıdılan şəhərləri, yerlə-yeksan edilən rayon və kəndləri, eləcə də məhv edilmiş təbiəti bərpa etmək, oraya yenidən həyatı qaytarmaqdır. Əminik ki, işğaldan azad olunmuş ərazilərimiz dövlətimiz tərəfindən abad və dilbər guşələrə çevriləcək. Həmçinin çinar meşəsinin əvvəlki vəziyyəti, füsunkarlığı özünə qaytarılacaq və yenidən dünyanın diqqət mərkəzində olacaq.
Sevinc Azadi, “İki sahil”