Rövnəq Abdullayev: Biz SOCAR ailəsi olaraq artıq hasilatda səmt qazı emissiyalarını 2%-ə qədər azaltmağa nail olmuşuq və 2022-ci ildə sıfır hədəfinə nail olmaq istiqamətində çalışırıq
Aprelin 28-də onlayn formatda “SOCAR – BP “Sıfır tullantı” mövzusunda dəyirmi masa keçirilib. Onlayn formatda keçirilən dəyirmi masada SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Ekologiya üzrə vitse prezident Rəfiqə Hüseynzadə, BP-nin London ofisinin Hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel, BP AGT Bakı ofisindən Qəri Cons, və başqaları iştirak ediblər.
“İki sahil” xəbər verir ki, dəyirmi masada çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev qlobal iqlim dəyişikliyi, qlobal istiləşmə, karbon emissiyalarının yüksəlməsi problemlərindən bəhs edib və deyib: “Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına və müxtəlif Dövlət Proqramlarına uyğun olaraq SOCAR fəaliyyət sahələrində daim ətraf mühitin mühafizəsi məsələlərinə həssaslıqla yanaşır. Biz SOCAR ailəsi olaraq artıq hasilatda səmt qazı emissiyalarını 2%-ə qədər azaltmağa nail olmuşuq və 2022-ci ildə sıfır hədəfinə nail olmaq istiqamətində çalışırıq. SOCAR eyni zamanda BP şirkətinin 12 fevral 2020-ci il tarixində elan etdiyi 2050-ci ilədək və ya daha tez bir müddətdə “sıfır karbon hədəfinə çatmış şirkət” hədəfini yüksək qiymətləndirir və bu istiqamətdə dost şirkətə zəruri dəstək göstərməyə hazır olduğunu bəyan edir.”
SOCAR-ın Ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə öz çıxışında ətraf mühitin mühafizəsi istiqamətində SOCAR-BP işbirliyinin uğurlarından söz açaraq, görülən işlərin, əldə olunan müsbət nəticələrin gələcəkdə də davam etdiriləcəyini, bunun da öz növbəsində ətraf mühitin qorunmasında töhfə verəcəyini bildirib.
Sonra dəyirmi masada SOCAR və BP-nin sıfır tullantı hədəfində əldə etdiyi nailiyyətlər, monitorinq, verifikasiya, həvəsləndirmə metodlarında təcrübə mübadiləsi və əldə olunmuş nəticələrin dayanıqlığının təmin edilməsində texnologiyanın rolundan söhbət açılmışdır. Həmçinin hər iki şirkət tərəfindən emissiyanın azaldılması, sıfır tullantı hədəfi üçün qısa və uzunmüddətli dövrdə planlaşdırılan layihələrdən bəhs edilmişdir. Metanın ölçülməsi, elektrifikasiya və dekarbonizasiya layihələri ətrafında müzakirələr aparılmışdır. Dəyirmi masada vurğulanıb ki, SOCAR-BP tandemi digər beynəlxalq neft qaz şirkətləri ilə birgə həyata keçiriləcək ekoloji layihələrin təkanverici qüvvəsi olacaq.