30 aprel 2021 15:04
2061

Laçınlı gənc kimi ən böyük arzum Ali Baş Komandanımızı kəndimizdə qarşılamaqdır- ŞƏRH

Ata-babalarımın yaşadığı doğma yurdumu heç vaxt görməmişəm

“Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyət, iradə, əzm, milli ruh, yüksək idarəçilik bacarığı və rəhbərliyi, xalqımızın vətənpərvərlik duyğularının birgə həmrəyliyi ilə Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın qürur simvolu olan Şuşanın işğaldan azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi, UNEC-in İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri  Yusif Cəfərbəyli söyləyib.

Y.Cəfərbəyli qeyd edib ki, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar: "Ölkə başçısının hər dəfə işğaldan azad olunmuş ərazilərə səfərini böyük qürur və sevinc hissi ilə izləyirik. İlk öncə dövlətimizin başçısı, birinci xanım və qızları Cəbrayıl rayonunun girişində “Cəbrayıla xoş gəlmişsiniz!” sözləri yazılmış lövhənin qarşısına gəldilər və ölkə başçısı bu sözləri söylədi: “Cəbrayıl rayonuna gəlmişik. Vaxtilə Cəbrayıl rayonunun girişində ucaldılmış lövhəni biz indi yenidən qurduq və eyni formada, eyni dizaynla. Biz “Cəbrayıla xoş gəlmişsiniz!” lövhəsini bərpa etdik. Sovet vaxtında bu abidə, - əgər belə demək mümkündürsə, - qoyulmuşdur, ucaldılmışdır və işğal dövründə tamamilə sökülmüş, paslanmışdır. Bunun paslanmış görüntüləri artıq mətbuatda da var. Ona görə tarixi ədaləti bərpa edərək, Cəbrayıl rayonunun girişində yerləşən bu “Xoş gəlmişsiniz!” lövhəsini, abidəni biz yenidən bərpa etdik. Azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bütün şəhərləri, kəndləri bərpa edəcəyik”.

Aprel döyüşləri ilə başlayıb Böyük Zəfərlə yekunlaşan Şanlı Qələbə

Həmsöhbətimiz vurğulayıb ki, bu gün Qarabağ ellərinə uzanan yol hələ 2016-cı ilin Şanlı Aprel döyüşləri zamanı igid oğullarımızın qanı bahasına düşmən tapdağından azad olunan böyük qayıdışın başlanğıcı sayılan Cocuq Mərcanlıdan başladı. Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü göstərməklə yanaşı, həm də Prezident İlham Əliyevin uzun illərdir Silahlı Qüvvələrimizə göstərdiyi diqqəti, ordu-xalq birliyini və xalq-iqtidar birliyini nümayiş etdirdi. Həmin vaxt məhz ordumuzun müasir silahlarla təchiz olunması, peşəkar hazırlığı sayəsində erməni təxribatının qarşısı yüksək peşəkarlıqla alındı və minlərlə hektar ərazi işğaldan azad edildi: “Azərbaycan Ordusunun sarsıdıcı zərbə endirməsi nəticəsində Ermənistan yüzlərlə hərbçisini itirdi, çoxsaylı texnikadan məhrum oldu. Bundan başqa, Aprel döyüşləri hərbi-strateji baxımdan böyük üstünlüklər verməklə yanaşı, həm də Azərbaycanın çox mühüm psixoloji qələbə qazanmasında da önəmli rol oynadı. Düşmənə sarsıdıcı zərbələr endirməklə, ordumuz dünyaya nümayiş etdirdi ki, Azərbaycan işğal altında olan torpaqları azad etmək potensialına malik ölkədir. Aprel döyüşləri həm də ermənilərin ideoloji əsaslarını da sıfırladı. Aprel döyüşləri ilə başlayıb Böyük Zəfərlə yekunlaşan Şanlı Qələbəmiz nəticəsində nəinki Cocuq Mərcanlı, bütövlükdə Cəbrayıl, işğal altında olan bütün ərazilərimiz düşmən tapdağından azad oldu və cənab Prezident məhz Cəbrayıldan Ermənistanın hakim dairələrinə bir daha səslənərək bildirdi ki, “Ermənistanda baş qaldıran revanşist qüvvələr yenə də bizə qarşı ittihamlarla çıxış edərək, bizə qarşı ərazi iddiası irəli sürürlər. Onlara, bax, buradan xəbərdarlıq etmək istəyirəm ki, bu çirkin əməllərdən əl çəksinlər, yoxsa onların axırı pis olacaq. Biz Vətən müharibəsi dövründə kimin kim olduğunu göstərdik”.

Erməni vəhşiliyi dünya ictimaiyyəti tərəfindən qınanmalıdır

Müsahibimiz bildirib ki, uzun illərdir işğal altında olan Azərbaycan ərazilərindəki məscidlər, dini, tarixi, mədəni abidələr erməni vandalları tərəfindən dağıdılıb. Təbii ki, bu, onların dini, mədəni və tarixi dəyərlərə olan nifrətindən irəli gəlir. Fakt kimi işğal altında olan torpaqlarımızdakı məscidlərdən ermənilərin tövlə kimi istifadə etməsini deyə bilərik. Əgər, Ermənistan dini abidələrə, məscidlərə sayğı ilə yanaşmış olsaydı, işğal etdiyi Azərbaycan ərazilərindəki abidələri dağıtmazdı. Yürütdüyü işğalçılıq siyasəti azmış kimi, tarixi-dini dəyərlərə qarşı vandallıq edən Ermənistanın bu vəhşiliyi dünya ictimaiyyəti tərəfindən də qınanmalıdır. İşğal olunmuş Azərbaycan ərazilərində Ermənistanın maddi-mədəni irsimizi məhv etməsi təkcə Azərbaycana qarşı deyil, həm də bəşəriyyətə qarşı törədilən vəhşilik və vandalizm aktıdır.

Y.Cəfərbəyli vurğulayıb  ki, ölkə başçısı səfər zamanı Zəngilanda bir qrup zəngilanlı ilə görüşdü. Görüş zamanı Prezidentin zəngilanlı gənclə olan dialoqu diqqətimi çəkdi. Dövlətimizin başçısı sakinlərlə söhbət zamanı bir gəncin dediyi sözləri xatırladıb: “Bu gəncin sözlərinə qulaq asaraq bir daha görürük ki, Azərbaycan xalqının nə qədər güclü iradəsi və öz doğma torpağına bağlılığı var. Ermənilərin aləmində əsas ümidverici amil o idi ki, bizim camaat bu yerləri unudacaq, yaşlı camaat unudacaq, sonra vaxt keçəcək yaşlı camaat təbii olaraq həyatdan gedəcək. Gənclər, başqa şəraitdə böyüyüb başa çatan insanlar isə heç vaxt buraya qayıtmaq istəməyəcəklər. Bax, bu, onların böyük səhvi idi. Çünki biz qəlbində güclü Vətən sevgisi olan bir gənc nəsil tərbiyə edib yetişdirdik. Hətta buranı görməyən hər bir gənc, - indi sən görməmisən buraları, sən də görməmisən, - bir arzu ilə yaşayıb ki, qayıtsın öz doğma torpağına, ədalət bərpa olunsun və artıq biz bunu görürük”.

Hər zaman inamım olub ki, nə vaxtsa o torpaqlarda yenidən yurd salacağıq

Həmsöhbətimiz əlavə edib ki, laçınlı gənc kimi ən böyük arzusu Müzəffər Ali Baş Komandanımızı öz doğma kəndimizdə qarşılamaq və Ali Baş Komandanımızla tarixi kəndləri və qədim tarixi abidələri birgə ziyarət etməkdir: "Mən Azərbaycanımızın dilbər guşəsi olan Laçın rayonunun Hüsülü (Sultanlar) kəndindənəm. Amma buna baxmayaraq öz ata-babalarımın doğulub boya-başa çatdığı doğma yurdumuzu heç zaman görməmişəm. Kəndimizdə bəy babalarımın tarixi mülkü olan XVIII əsrə aid Həmzə Sultan sarayı və erməni vandalları tərəfindən dağıdılan kənd qəbirsanlığında adını daşıdığım II Dünya müharibəsi veteranı olan babam Yusif bəyin məzarını ziyarət etmək ən böyük arzum olub. Ancaq uşaqlıqdan hər zaman bir ümidim, bir inamım olub ki, nə vaxtsa bu doğma torpaqları görəcəyəm, o yerlərdə yenidən yurd salacağıq. Bu ümidi, bu inamı bir gənc kimi mənə və mənim kimi o torpaqlardan olan minlərlə gəncə verən Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu dövlət siyasətinin, müasir tələblərə uyğun ordu quruculuğunun və düzgün diplomatik səylərinin nəticəsi idi.”

Yaqut Ağaşahqızı, "İki sahil"