04 may 2021 15:19
907

Almaniyada yerli təbii qaz hasilatı 16 % azalıb

Almaniyada yerli təbii qaz hasilatı əvvəlki il ilə müqayisədə 2020-ci ildə 16 % azalıb. Federal Təbii Qaz, Neft və Geo-enerji Birliyi (BVEG) tərəfindən verilən məlumatda belə deyilir. BVEG, hasilatın 6.1 milyard kubmetrdən  5.2 milyard kubmetrə düşdüyünü açıqlayıb. BVEG-ə görə qaz hasilatının azalması, ölkənin ən böyük təbii qaz emalı zavodunda bir neçə ay davam edən təmir işləri ilə əlaqədardır. Yerli xam neft istehsalı əvvəlki il səviyyəsində qalaraq, 1,9 milyon ton təşkil edib.

Xatırladaq ki, Almaniya yanacaq idxalından çox asılıdır. Almaniya dünyanın ən böyük təbii qaz idxalçıları arasındadır və qaz istehlakının 94 %-i idxal hesabına təmin edilir. Geoloqların fikrincə, alman enerji yataqları tükənmək üzrədir. Yerli təbii qaz istehsalı 2004-cü ildən bəri azalır və get-gedə tamamilə dayandırılacaqdır. Yenilənə bilən enerji istehsalı və istehlakı isə artmaqdadır. Almaniyada enerji istehsalı baxımından, bərpa olunan enerji mənbələri, ilk dəfə 2020-ci ildə fosil yanacaqları geridə qoydu (BNetzA federal şəbəkə agentliyi). Almaniyada elektrik enerjisinin təxminən 45 %-i keçən il külək, günəş və digər bərpa olunan mənbələrdən əldə edilmişdir.

Nubar Süleymanova, “İki sahil”