05 may 2021 13:07
1020

Salyanda 15 min abonentin qaz təchizatı yaxşılaşdırılır - FOTO

“Azəriqaz” İstehsalat Birliyi 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq işlərini davam etdirir. Salyan rayonunun Çuxanlı kəndindən başlayaraq Kür çayını keçməklə Kürkənd kəndinədək korroziyaya uğrayan qaz xəttinin yenilənməsi işləri həyata keçirilir. İstismar müddəti başa çatmış diametri 530 mm olan polad boru ilə çəkilən qaz xətti, diametri 315 mm olan polietilen boru ilə əvəzlənir. Qaz xəttinin Kür çayından keçən hissəsi relyef baxımından çətin olduğundan maşın-mexanizmlərin çalışması mümkün deyil. Məhz buna görə bu hissədə görüləcək işlər Birliyin işçi qrupları tərəfindən əl əməyi ilə həyata keçirilir. İşlər yekunlaşdıqdan sonra şəhər ərazisində 15 minədək əhali abonenti və sənaye obyektlərinin qaz təchizatı xeyli yaxşılaşdırılacaq.

Onu da qeyd edək ki, Ucar rayonunda yerləşən SOCAR yanacaqdoldurma məntəqəsində CNG (sıxılmış təbii qaz) yanacaq növündən istifadəni təmin etmək üçün qaz xəttinin çəkilişi işləri də həyata keçirilir. Diametri 160 mm, uzunluğu 24 km olan yeni qaz xətti başlanğıcını Ucar Qaz Paylayıcı Stansiyasından götürərək Müsüslü kəndində başa çatacaq. İşin həcmi böyük olduğundan əraziyə maşın-mexanizmlər və işçi qüvvəsi cəlb olunub. Qaz xəttinin 13 km-dən çox hissəsinin çəkilişi artıq yekunlaşıb. Görülən işlərin 2-3 ay ərzində başa çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, görülən işləri “Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsi həyata keçirir.

Orxan Vahidoğlu, "İki sahil"