Əziz neftçilər və neftçi-veteranlar,
Sizi faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibəti ilə təbrik edir, hamınıza ən xoş arzularımı yetirirəm.
İnsanlıq tarixinin dönüş nöqtəsi olmuş faşizm üzərində parlaq Qələbə bütün dünyada olduğu kimi, Azərbaycanda da hər il mayın 9-da böyük ruh yüksəkliyi, fərəh və sevinc hissi ilə qeyd olunur. Bu da təsadüfi deyildir. Böyük Qələbədə xalqımızın əvəzolunmaz payı vardır. İkinci Dünya müharibəsinin ağır illərində Azərbaycanın mətin övladları həm ön, həm də arxa cəbhədə misilsiz igidlik nümunələri göstərmişlər. Onların rəşadətli döyüş və əmək yolu sonrakı nəsillər üçün ləyaqətli həyat məktəbi olmuşdur. Bəşəriyyətin faşizm bəlasından xilas edilməsində Bakı neftinin və neftçilərinin oynadığı əvəzsiz rol dünya ictimaiyyətinə yaxşı məlumdur. Gecəni gündüzə qataraq yorulmadan çalışmış neft əməkçilərinin döyüşən ordunun vaxtında və fasiləsiz olaraq yüksək keyfiyyətli yanacaq məhsulları ilə təchiz edilməsi naminə göstərdikləri fədakarlıq və mətanət faşizmə qarşı silahlı müqavimət salnaməsinə qızıl hərflərlə həkk olunmuşdur. Müharibə illərində keçmiş Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsinin, aviasiya benzini və yüksək keyfiyyətli yağların isə 85-90 faizinin ön cəbhəyə məhz Bakıdan göndərilməsi faktı Azərbaycan neft-qaz sənayesinin uzun əsrlər boyu xatırlanacaq səhifələrindəndir. Xalqımız hər il Qələbə günündə həyatı bahasına düşmənə sinə gərərək Vətənini qorumuş qəhrəman oğul və qızları ilə birlikdə, həm də müharibənin bütün ağırlığını çiyinlərində daşıyaraq arxa cəbhədə mərdlik göstərmiş sadə əmək adamlarının əziz xatirəsini minnətdarlıq hissi ilə yad edir.
Xalqımızın ümummilli lideri Heydər Əliyev Böyük Vətən müharibəsi veteranlarının fədakarlığını daim yüksək qiymətləndirmiş, onlara hər zaman böyük diqqət və qayğı ilə yanaşmışdır. Ulu Öndər İkinci Dünya müharibəsi iştirakçılarını daim gənclərə nümunə göstərir, Vətənə təmənnasız məhəbbət, qorxmazlıq, dəyanət, cəsarət kimi mühüm insani xüsusiyyətləri öyrənməyi tövsiyə edirdi. Ölkəmizdə gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində görülən tədbirlər əksər hallarda İkinci Dünya müharibəsi veteranlarının şəxsi nümunəsinə əsaslanırdı. Gənclərimiz bu örnəkləri heç vaxt unutmur, Vətən sevgisini, igidliyi, hünəri daim uca tutur və bir böyük amalla - işğal altında qalmış doğma torpaqlarımızın azad edilməsi arzusu ilə yaşayırdılar. Nəhayət, o gün gəlib çatdı.
Sevinirik, fəxr edirik ki, bu gün biz Qələbə gününü Azərbaycan Respublikasının möhtərəm Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının müdrik və qətiyyətli rəhbərliyi altında rəşadətli ordumuzun Zəfər təntənəsi ilə birlikdə qeyd edirik. Artıq Vətənimizin ərazi bütövlüyü təmin edilmiş, əbədi və əzəli torpaqlarımız azad olunmuşdur. 44 günlük İkinci Qarabağ savaşında qazanılmış Böyük Zəfər xalqımızın sarsılmaz birliyinin, ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və bu gün Zati-aliləri Prezident İlham Əliyev cənablarının yorulmadan həyata keçirdiyi müdrik və uzaqgörən siyasətin, xalqımızın öz liderinə olan sonsuz inam və etimadının qələbəsidir. Bu Zəfər ölkəmizin siyasi, iqtisadi və mədəni inkişaf yolunda qazandığı misilsiz nailiyyətlərin labüd nəticəsidir. Bu gün biz Vətən uğrunda canlarından keçən şəhidlərimizi böyük ehtiramla anırıq, ölkəmizin və xalqımızın rifahı və əmin-amanlığı keşiyində ayıq-sayıq duran qəhrəman əsgər və zabitlərimizə uğurlar diləyirik!
Bu ilki Qələbə günü nəsillərin qəhrəmanlıq estafetinin, sələflərlə xələflər arasında möhkəm ruhi-mənəvi bağlılığın təcəssümüdür. Azərbaycan gəncləri öz qəhrəman ata-babalarının qoyduğu yola dərin sədaqətlərini qanları, canları bahasına qazandıqları əbədi Zəfər müjdələri ilə bütün dünyaya bir daha sübut etdilər. Qoy, bu bağlar zaman keçdikcə daha da möhkəmlənsin, doğma Azərbaycanımız daha da inkişaf etsin, çiçəklənsin və qüdrətlənsin. Dövlətimiz, millətimiz dünya durduqca var olsun! Vətən uğrunda döyüşən, Vətən uğrunda çalışan hər bir azərbaycanlının xatirəsi daim ürəklərdə yaşayacaqdır!
Hörmətlə,
Rövnəq Abdullayev, SOCAR-ın prezidenti