Əziz neftçilər!
Sizi dünya müsəlmanlarının müqəddəs Ramazan bayramı münasibəti ilə ürəkdən təbrik edir, hər birinizə uzun ömür, möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.
Uca Allahın bəşəriyyətə bəxş etdiyi ali dəyərlərin təntənəsini yaşadığımız Ramazan ayı müqəddəs kitabımız olan Qurani-Kərimin nazil olduğu mübarək aydır. Əsrlər boyu bütün müsəlman aləmində böyük ruh yüksəkliyi ilə icra edilən Ramazan ayinləri insanlığın ən gözəl simasını - əxlaqi zənginliyi, mənəvi kamilliyi, xeyirxah əməlləri, şəfqət və mərhəməti özündə əks etdirir. Xalqımız on bir ayın sultanı olan Ramazanı bütün qadağa və məhrumiyyətlərə baxmayaraq, daim könül xoşluğu içində, təntənə ilə bayram etmiş, Uca Allaha ibadəti özünə borc bilmişdir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Ramazan bayramı ölkəmizin hər yerində dövlət səviyyəsində qeyd olunur. Bu əziz günlərdə milli-mənəvi və dini dəyərlərimizi daim uca tutan ulu öndərimiz Heydər Əliyevin xatirəsi dərin hörmət və ehtiramla yad olunur, Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhuna dualar oxunur. İnsanlar bayram namazlarında uca Allahdan ölkəmizin əmin-amanlığının, firavanlığının daimi olmasını diləyirlər.
Bu il xalqımız müqəddəs Ramazanı xüsusi sevinc və qürur hissi ilə bayram edir. Azərbaycan Respublikasının möhtərəm Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi altında qəhrəman ordumuzun doğma Qarabağ torpaqlarını işğaldan azad etməsi, düşməni diz çökdürməsi, soydaşlarımızın Vətən həsrətinə son qoyması sayəsində uzun illərdən sonra müqəddəs Ramazan doğma Qarabağda bayram ediləcək. Bu, Uca Allahın Azərbaycan xalqına böyük lütfüdür. Vətən sevgisini imandan bilən, ən yüksək dəyərlərdən biri kimi daim uca tutan xalqımız öz müstəqil dövləti və onun müdrik rəhbəri ətrafında sarsılmaz həmrəyliyini, yenilməzliyini bütün dünyaya sübut etmişdir. Bu bayram günlərində də xalqımız tarixi Qələbəmizin şəksiz və şəriksiz müəllifi olan möhtərəm Prezidentimizə sonsuz minnətdarlıq duyğularını bayram duaları ilə ifadə edir.
Əziz neftçilər!
Qələbələrimizin təməl daşlarından biri ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən qalibiyyətli enerji strategiyasıdır. Mahiyyətcə Azərbaycanın davamlı inkişaf və tərəqqi konsepsiyası olan enerji strategiyamız ölkəmizin iqtisadi qüdrətinin gündən-günə möhkəmlənməsində, xalqımızın rifah halının durmadan yüksəlişində müstəsna rol oynayır, bizi daha parlaq, xoşbəxt gələcəyə doğru aparır. Sevinirik, qürur duyuruq ki, Azərbaycanın qəhrəman neftçiləri daim bu böyük zəfər yürüşünün ön sıralarında addımlamışlar. Həyata keçirdiyimiz regional və qlobal əhəmiyyətli enerji layihələri möhtəşəm iqtisadi nəticələri ilə birlikdə dövlətimizin beynəlxalq nüfuzunun yüksəlməsində mühüm rol oynamışdır. Bu gün Azərbaycan regionumuzun ən qüdrətli dövləti kimi dünya birliyində layiqli yer tutur, qlobal enerji təhlükəsizliyinin təminatına ciddi töhfələr verir. Enerji strategiyamız uğurla davam edir. Qarşımızda yeni-yeni əzəmətli layihələr durur. Əminəm ki, qədim və şərəfli tarixə malik Azərbaycan neftçilərinin bugünkü nəsli də sələflərinin şanlı ənənələrinə sadiq qalaraq, Vətənimizin çiçəklənməsi naminə əzmlə çalışacaq, Azərbaycanın sosial-iqtisadi cəhətdən daha yüksək zirvələrə ucalması işinə neçə-neçə yeni töhfələr verəcəkdir. Bu bayram günlərində də əmək növbəsində olan həmkarlarımızı salamlayır, onlara təbriklərimi və ən xoş arzularımı çatdırmaq istəyirəm. Onlar bilirlər ki, Azərbaycanda neftçi əməyi daim dövlətimizin diqqət mərkəzindədir. Neftçilərimizin həmişə olduğu kimi, bundan sonra da göstərilən qayğı və etimada öz layiqli işləri ilə cavab verərək, qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən vaxtında və layiqincə gələcəyinə əminəm.
Əziz həmkarlar!
Bu mübarək gündə bir daha hamınızı səmimi qəlbdən təbrik edir, hər birinizə səadət dolu günlər, ailələrinizə firavanlıq, süfrələrinizə xeyir-bərəkət, ölkəmizə sülh və əmin-amanlıq arzulayıram.
Hörmətlə,
Rövnəq Abdullayev, SOCAR-ın prezidenti