15 may 2021 14:37
1721

Mənalı ömrünü elmin və təhsilin tərəqqisinə həsr edən cəfakeş insan

Naxçıvan Muxtar Respublikasında təhsilin və elmin inkişafında ictimai-siyasi xadim Vasif Talıbovun xidmətləri ümmansızdır. Əmək fəaliyyətinə Xalq Maarifi Şöbəsindən başlayan Vasif Talıbov elmi fəaliyyətdə mənalı və şərəfli həyat yolu keçmiş, qəlbinin odunu və hərarətini, ömrünün qaynar və coşğun illərini millətin gələcəyi olan gəncliyin elm və tərbiyəsinə həsr etmişdir. Xalq arasında xüsusi hörmət qazanmış Vasif Talıbov həyatını naxçıvanlılara, vətəninə təmənnasız xidmətə həsr etmiş, yaşanan çətin keçid illərində belə yüzlərlə insana mənəvi dayaq olmuşdur. Bu dərin təfəkkürlü, aydın zəkalı insanla azca ünsiyyət onu nurlu bir şəxsiyyət kimi səciyyələndirməyə əsas verir. Vasif müəllimin əməli fəaliyyətinin mühüm sahələrindən biri də təhsil və elmi-pedaqoji kadr hazırlığı sahəsində göstərdiyi xidmətlərdir. Vasif Talıbovun təhsillə bağlı imzaladığı Sərəncamlarda və ya keçirdiyi müşavirələrdə önə sürdüyü məsələlər tərbiyənin məqsəd və vəzifələri, tərbiyə və təhsil metodikası, ümumi və politexnik təhsilin məzmunu, təhsilin məhsuldar əməklə əlaqəsi, estetik tərbiyənin, fiziki və əxlaq tərbiyəsinin mahiyyəti və vəzifəsi məsələləridir.

Azərbaycan mədəniyyətini, ədəbiyyatını və tarixini dərindən bilən, böyük məhəbbətlə sevən, onu uca tutan və yüksək qiymətləndirən Vasif Talıbov deyir: “Təhsil hər bir ölkənin, hər bir xalqın aparıcı qüvvəsidir. Əgər bütün sahələrdə inkişafı təmin etmək, yaxşı mütəxəssis hazırlamaq istəyiriksə, onda gənc nəslə yaxşı təhsil verməliyik”.

Təhsilin, mədəniyyətin inkişaf etdirilməsi, ümumtəhsil məktəblərinin komputer texnologiyası ilə təchizi proqramının hazırlanıb həyata keçirilməsi, sağlamlıq imkanları məhdud uşaqlar üçün rayonlar üzrə məktəb, internat - məktəbi, texniki peşə məktəblərinin yaradılması, bu müəssisələrin ixtisaslı pedaqoji kadrlarla təminatı üçün məqsədli yenidən hazırlanma kurslarının təşkili, orta ümumtəhsil məktəbləri şagirdləri arasında sahibkarlıq fəaliyyəti ilə bağlı olimpiadaların, viktorinaların, məşğulluq problemləri ilə bağlı dəyirmi masaların və konfransların keçirilməsi, gənclərin işsizlik problemləri ilə bağlı sosioloji tədqiqat işlərinin aparılması dediklərimizə əyani sübutdur.

Bildiyimiz kimi, təhsilin keyfiyyətinə bilavasitə təsir edən mühüm amillərdən biri də orta ümumtəhsil məktəblərində maddi-texniki bazanın gücləndirilməsidir. Bu gün, Naxçıvanda təhsil sistemində irimiqyaslı islahatlar prosesi artıq dönməz xarakter almışdır. Cənab Vasif Talıbovun təhsil sisteminə diqqət və qayğısı sayəsində milli təhsil sisteminin aydın sabahını təmin edəcək inkişaf proqramları təsdiq olunaraq reallaşdırılmağa başlanmış, təhsilin davamlı inkişafına yönəlmiş əsaslı addımlar atılmışdır.

Ulu öndər Heydər Əliyev deyirdi ki, “Təhsil həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O milli məqsədlər, mənafelər əsasında qurulmalıdır”. Bu tendensiyasını rəhbər tutan, cənab Vasif Talıbov çıxışlarında daim vurğulayır ki, təhsil əhalinin həyat səviyyəsinin yüksəldilməsinin, insan inkişaf indeksinin mühüm amillərindən biri olmaqla, sosial-iqtisadi inkişafın sürətlənməsinə hərtərəfli təsir göstərir. Bu amil indiki bazar iqtisadiyyatı şəraitində təhsilin səviyyəsinin artırılmasına xüsusi diqqət yetirilməsi zəruriliyini qarşıya qoyur. Bu gün Naxçıvanın hər hansı bir ucqar kənd məktəbində belə sürətli internet çıxışı olmayan məktəb təsəvvür etmək mümkünsüzdür. Statistika göstərir ki, 200-dən artıq tikilən və ya əsaslı şəkildə yenidən qurulan hər bir ümumtəhsil məktəblərində sürətli internətə çıxışı olan 5337 kompüter və 600-dən artıq elektron lövhə quraşdırılmış, zəngin fonda malik kitabxanalar, yeni avadanlıqlarla təchiz olunmuş laboratoriyalar və fənn kabinələri müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Bu da Vasif Talıbovun elmin keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət yetirməsi deməkdir.

Psixopedaqogikada daha çox istifadə olunan üsullardan biri də rəğbətləndirmə üsuludur. Humanist insan Vasif Talıbov hər il ali məktəb ocaqlarına sənəd verərək yüksək bal toplayan məzunlarla özü şəxsən görüşür və onlara öz xeyir-duasını verir, gənclərə vətənə xidmət, həm də layiqincə xidmət etməyi nəsihət edir. Naxçıvan Dövlət Universitetində Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsi və Pedaqoji fakültələrin açılışında iştirak edən Vasif Talıbov çıxışında belə bir müdrikanə fikir səsləndirdi: Qarşıdakı illəri düşünürsünüzsə arpa əkin, buğda əkin; onillikləri düşünürsünüzsə ağac əkin, yüzillikləri düşünürsünüzsə uşaq tərbiyə edin və təhsil verin. Göründüyü kimi, böyük şəxsiyyət hər zaman, hər vaxt ümumtəhsil və ali təhsil müəssisələrində şəxsiyyətyönümlü təlim mühitinin yaradılmasını daim diqqətdə saxlayır.

Hamıya məlumdur ki, Vasif Talıbovun tapşırığı və göstərişi ilə Naxçıvanda fəaliyyət göstərən ali məktəb ocaqları ilə ümumtəsil məktəbləri arasında bir əlaqə körpüsü yaradılıb. Hər hansı bir kənddə, qəsəbədə, rayonda və şəhərdə doğulub boya-başa çatan, bu gün isə akademik, professor və dosent olan hər bir müəllim hər ayın son həftəsinin bir günündə maraq və həvəslə məktəbə gedir, şagirdlərin vətənpərvərlik və milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyəsində mühazirələr oxuyur və şagirdlərin ali məktəblərə yol tutmasına maraq, həvəs yaradırlar.

Vasif Talıbovun diqqət və qayğısı nəticəsində Naxçıvan Muxtar Respublikasında, artıq müasir təhsil modeli formalaşıb. Belə ki, Naxçıvan Dövlət Universiteti və qabaqcıl ümumtəhsil məktəblərində körpü rolunu oynayan distant təhsil kursları işlənib hazırlanmışdır. Artıq dünyanın bir çox inteqrasiya etmiş ali və ümumtəhsil məktəbləri ilə canlı bağlantılar qurulur, professor və dosentlər prestij ixtisaslardan mühazirələr oxuyur və ya seminarlar aparırlar.

Cənab sədr tərəfindən həyata keçirilmiş tədbirlər proqramı içərisində məktəbəqədər təhsil sahəsində də böyük perspektivlər öz əksini tapmaqdadır. Belə ki, məktəbəqədər təhsillə əhatə səviyyəsinin yüksəldilməsi; müasir tələblərə cavab verən yeni kurikulumun hazırlanması və s. bu perspektivlər daxilindədir.

Təhsildə inkişaf strategiyasını uğurla gerçəkləşdirən cənab Vasif Talıbov peşə məktəbi və peşə liseylərini də elmi-texniki tərəqqinin inkişafı və müasir texnologiyaların tətbiqi ilə əlaqədar daha geniş profilli, yüksək intellektə malik olan ixtisaslı kadrlar hazırlayan təhsil müəssisəsinə çevirmişdir. Buna görə də, peşə məktəbi və peşə liseylərində təlim-tərbiyə prosesinin səmərəliliyini yüksəltmək, şagirdlərin peşə və fənlərə olan maraq və meyillərini artırmaq, istedadlı şagirdləri üzə çıxarmaq, onlarla işin forma və metodlarını təkmilləşdirmək məqsədilə fənn olimpiada və peşə müsabiqələrinin keçirilməsinə diqqət xeyli artırılmışdır.

Vasif Talıbov Naxçıvan Muxtar Respublikasında  istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi və səmərəli təhsil almaları üçün lazımi şəraitin yaradılması məqsədi ilə də bağlı Sərəncam imzalamışdır (30 may 2006). Bu Sərəncama əsasən, istedadlı, fenomen şagirdləri müəyyənləşdirmək üçün sinifdənxaric və məktəbdənkənar tədbirlər, olimpiadalar, yarış və müsabiqələr, fənn gecələri, ədəbi-bədii, elmi-tədqiqat kimi tədbirlərin həyata keçirilməsi cənab sədrin diqqət mərkəzindədir.

Bütün bunlarla yanaşı, Vasif Talıbov digər sahələrdə olduğu kimi, qədim Naxçıvanın zəngin elmi-mədəni irsinin layiqincə araşdırılmasında da məqsədyönlü addımlar atmışdır. Həmçinin, alimləri və elmi idarələrin rəhbərlərini elmin ən müasir sahələri üzrə elmi tədqiqat işlərinin aparılmasına yönəldir. Vasif Talıbov nitqlərinin birində belə deyir: “Bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikası özünün böyük tarixi keçmişinə və milli dəyərlərinə sahibdir. Qədim tarixi abidələrimiz, gələcəyimiz olan gənc nəsil himayə olunur, milli adət və ənənələrin qorunması üçün tədbirlər görülür. Görülən işlərin nəticəsidir ki, Naxçıvan artıq beynəlxalq elm, mədəniyyət və idman tədbirlərinə də ev sahibliyi edir, elmi konfrans və simpoziumlar, rəsm festivalları keçirilir”. Vasif Talıbov Naxçıvanda fəaliyyət göstərən alimlərin beynəlxalq əlaqələrinin genişləndirilməsinə münbit şərait yaradır və əzmlə çalışır. Bilavasitə, onun sayəsində alimlər beynəlxalq elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış edir, Azərbaycan elmini dünyaya tanıdır və xalqı ləyaqətlə təmsil edirlər.

Ədəbiyyatı dərindən bilən, böyük məhəbbətlə sevən, onu uca tutan və yüksək qiymətləndirən Vasif Talıbov Əkmələddin Naxçıvaninin, Baba Nemətullah Naxçıvaninin, Məhəmməd ağa Şahtaxtlının, Behbud ağa Şahtaxtlının, Məhəmməd Tağı Sidqinin, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Əliqulu Qəmküsarın, Ərtoğrol Cavidin, Məmməd Səid Ordubadinin, İslam Səfərlinin, Məmməd Arazın və başqalarının həyatı və yaradıcılığının öyrənilməsi ilə bağlı Sərəncam imzalamışdır. Vasif Talıbovun fəaliyyəti yuxarıda qeyd etdiyimiz fikirlərlə də məhdudlaşmır. Yenə də, zəngin tarixi-mədəni irsə malik olan Naxçıvanla bağlı mühüm işlərin, o cümlədən Naxçıvan ensiklopediyası (III cilddə), Naxçıvan abidələri ensiklopediyası, Naxçıvan tarixi atlası, Naxçıvan folklor antologiyası, Naxçıvan tarixi (II cilddə), Naxçıvanın Qırmızı kitabı, Naxçıvanın təbii sərvətləri, Naxçıvan teatrının salnaməsi kimi fundamental əsərlər hazırlanması yönündə öz müvafiq tapşırıqlarını vermişdir. Vasif Talıbov belə hesab edir ki, hər bir naxçıvanlı tarixi kökünü bilməli, xatırlamalı, elm və mədəniyyətdən ayrılmamalıdır.

Siyasi dəyərlərin zamanla harmoniyasını vaxtında duymaq bacarığı, milli-mənəvi dəyərlərə bağlılıq, yüksək mədəniyyət, alicənablıq və müdriklik kimi keyfiyyətlər ictimai-siyasi xadim Vasif Talıbovun ictimai portretinə ştrixlərdir. Xeyirxahlıq, insanlara sevgi, yaşının erkən çağlarından tanınmış elm fədaisinin həyat amalına çevrilmişdir. Vasif Talıbovun insanlarla ünsiyyət bacarığı, ulu öndər təmkini, yüksək mədəniyyəti, tələbkarlığı, gələcəyə inam eşqi gənclərə böyük örnəkdir. Onun bu insani keyfiyyətlərinə təvazökarlığı, sadəliyi də əlavə olunmalıdır. Vətənpərvərlik, mərdlik, doğruluq, saflıq, sözünə sadiqlik, zəhmətsevərlik ulu öndər Heydər Əliyev kimi, Vasif Talıbovun da aurasını daha cəlbedici edir. Vasif Talıbov həm də aydın fikrə, güclü məntiqə, geniş erudisiyaya, qibtəedici hafizəyə və tədqiqatçı səliqə-səhmanına malik bir insandır. Məzmunlu-maraqlı çıxış və ya söhbətləri ilə dinləyicilərini ovsunlayan həm qəlb adamı, həm də müəllimdir. Vasif Talıbovda əlavə cəhətləri belə vurğulamaq olar:

•   az vaxt ərzində çox səmərəli işlər görüb;

•   yaşadığı ömürdə yaradıcı fəaliyyəti olub;

•   iş yeri sanki ali və ümumtəhsil məktəbləri olub;

•   həyat amalı elmi yaradıcılıq və humanizmdir;

•   Ulu Tanrı Vasif Talıbovdan iti zəkanı, sadəlik və təvazökarlıq kimi

keyfiyyətləri əsirgəməyib;

•   Gördüyü işlər, apardığı islahatlar özünə əbədiyaşarlıq gətirib;

•   Vasif Talıbov ədalətlidir, mərddir, yüksək ünsiyyət mədəniyyətinə malikdir.

Vasif Talıbov haqq və ədalət adamıdır. Böyük yunan filosofu Aristotel ədalət anlamını belə izah edir: “...Ədalət hər kəsin layiq olduğu haqqın ona verilməsidir”. Vasif Talıbov yaxşılıq etməyi özünün həyat amalı hesab edir və bununla da özünü xoşbəxt hesab edir. Klassik psixopedaqoji fikir tarixində də belə şəxsləri xoşbəxt insan hesab edirlər. Böyük Azərbaycan alimi və mütəfəkkiri Nəsirəddin Tusi xoşbəxtliyi belə səiyyələndirir: “...Xoşbəxtlik insan həyatında fəzilətlərin vərdiş halına keçməsidir”. Müdriklərdən biri isə deyir ki, “Xoşbəxtlik taleyin özünü ram etməkdir”. Vasif Talıbov da Naxçıvanda həyata keçirdiyi hər bir işin inkişafından, tərəqqisindən özünü xoşbəxt sayır.

Ulu öndər Heydər Əliyevin maarifçilik məktəbini bitirən və cənab İlham Əliyev kursunu davam etdirən Vasif Talıbova Ulu Tanrıdan bəşəri nemət olan can sağlığı, xoşbəxtlik, intibah işlərində yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

KAMAL CAMALOV

Naxçıvan Müəllimlər İnstitutunun dosenti

Pedaqogika elmləri doktoru

Azərbaycan Respublikasının Əməkdar müəllimi