17 may 2021 21:29
957

Qoluna girən qəlpə ürəyindən çıxarıldı

Yaşatmaq ifadəsinin fəlsəfi yozumuna yaxından bələd olanlar inanırlar ki, bir ömür yüzlərlə ömürdə yaşadıldığı kimi (buna qəhrəmanlar, şəhidlər qadirdir), bir ömürdə yüzlərlə ömür yaşatmaq da mümkündür (ömrü ölümdən qaytarmağa qadir olan təbiblər, loğmanlar, uzmanlar kimi). Müharibədə əsgər ömrünə belə sayğının, ehtiramın yozumu, mahiyyəti  Vətənə xidmətdir. 

Vətən müharibəsində Vətən sevgisi – Vətənə sevgi hamını əsgərləşdirdi. Döyüşənlər ko­man­dirinin əmrini, döyüşdən iraqlar – uzaqlar ürəyinin hökmünü yerinə yetirirdi; döyüşlər başlayanda bu hökm əmr qüdrətində idi. Vətən müharibəsini ürəyinə köçürənlər bilir ki, dö­yüşənlərə mənəvi dəstək əsgərləşməkdir. Müharibə döyüşlərdi, döyüşlər yaralanma ehtimal­la­rıdır; müharibədə yaralının müalicəsinə, sağalmasına, əməliyyatına cəfakeşlik də əsgərləş­mək­dir. Vətən müharibəsində ürək-damar uzmanı Anar Əmrah belə əsgərləşmişdi...

Vətən müharibəsində yaralananlar da oldu. Döyüşçü ürəyini deşib keçən, deşib ürəyində qalan qəlpələri çıxartmağın mahiyyəti də ağır döyüşdür – cərrahın ölümlə döyüşüdür. Cərrahlar bu döyüşə mənəvi borcödəmə deyirlər. Belə  borcödəmə həm vətəndaşlıq borcu kimi, həm Vətən borcu kimi, həm də bəşəri borc kimi yerinə yetirilir. Bu, yaşatmaq mübarizəsidir (yox, mübarizəsi deyil, döyüşüdür!).

Vətən müharibəsi başlayanda Silahlı Qüvvələrin Mərkəzi Klinik Hospitalıının rəh­bər­li­yinə müraciətlə köməyini təklif edən, savaş müddətində 100-ə qədər əməliyyat aparan, yəni 100-ə qədər hərbi qulluqçumuzu ölümdən geri döndərən ürək-damar uzmanı Anar Əmrahın yaşam fəlsəfəsi belədir: yaşatmaq, ölümə ölüm hökmü kimi cərrahiyyə əməliyyatını öm­rün davamı etmək. Müqəddəs niyyətlilər günümüzə (deməli, sabahlarımıza!) düşən mənəvi işıqdır. Dum-duru niyyətiylə dumduru ömür yaşayan uzman Anar Əmrah cərrahiyyə əməliy­yatından sonra heç zaman təəssüf yaşamayıb...

İndiyəcən apardığı əməliyatların mahiyyətini, çətinliyini, ağırlığını, bəzən mümkünsüz­lü­yün mümkünləşdirildiyini xatırlasaq, Tanrının mərhəmətiylə belə əməliyyatların sonlu­ğu­na – nəticəsinə Anar Əmrahlıq deyərdim. Son illərdə təbabətimizə, cərrahiyyəmizə bələd olanlar, bələd olanlara inananlar bu qənaətimə görə məni qətiyyən suçlamaz. Silahlı Qüvvələrin Mərkəzi Klinik Hospitalında əsgər Cahid İbişovun (güllə ürəyini deşmiş, ürəyin arxa divarında qalmışdı), mayor Kamran Həmidovun (qəlpə ürəyini deşib keçmiş, aorta damarını dağıtmış, ağ ciyərini zədələyərək orda qalmışdı), gizir Ramil Babaşovun, daha yüzə qədər yaralanmış hərbçimizin əməliyyatıdı zəmanətim. Əsgər Fuad Rüstəmovun ürəyində aparılan əməliyyat da belə əməliyyatlardandır...

2016-cı ilin aprel döyüşləri başlayanda Fuad Rüstəmov Azərbaycan İqtisad Univer­si­te­ti­nin tələbəsi idi. O qədər də uzaqda olmayan 2016-nın aprel ayının ovqatı hamımıızın yadda­şın­dadır. Tələbələr döyüşlərə can atırdı – torpaqlarımızın işğaldan azad edilməsi üçün döyüş­mək istəyirdilər. Hamısı zamanı qabaqlayıb hərbi xidmətə getməyə, döyüşən ordumuzun sırasında olmağa niyyətliydilər. Fuad Rüstəmov da onların sırasında; yüksək vətənpərvərlik duyğusu olsa da tələbələrin istəyi yerinə yetirilmədi. Ordumuzun yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olan şəxsi heyəti düşmənin təxribatının qarşısını almağa, Ali Baş Komandanın əmri ilə döyüşləri davam etdirməyə, qələbə qazanmağa qadir olduğuna görə...

Aprel döyüşləri çağırışçıların da, gənclərin də dünyaduyumunun “yolgöstərəni” oldu; yeniyetmələr daha tez böyüməyə, çağırışçılar heç zaman unudulmayan, unudulmayacaq Bağanıs Ayrım, Meşəli, Qaradağlı, Xocalı faciələrini xatırlayıb da hərbi xidmətə tələsirdilər. Hamısı bilirdi ki, Lələtəpənin sağından-solundan keçən yollar Şuşaya aparacaq. Çağırışçılar əsgər kimi bu yollarla döyüşə-döyüşə Cıdır düzünə çatmaq əmri alanların sırasında olmağı arzulayırdı. Fuad da onlar kimi düşünürdü...

Hərbi xidmətdəydilər...

Çağırışçı olanda torpaqlarımızın işğaldan azad edilməsini necə arzulayırdılar! Bunun icraçıları olacaqlarını düşünəndə şükranlıqla bir-birinə, hamısı komandirlərinə baxırdı; Ali Baş Komandanın döyüş əmrini daha dönməzliklə gözləyirdilər, o döyüşlərin iştirakçısı olmaq niyyətiylə, işğalın sonlanacağına inamla...

2020-ci il sentyabrın 27-də düşmən bir neçə istiqamətdən müxtəlif növ silahlardan, ağır artilleriyadan istifadə etməklə təmas xəttindən də,  Ermənistatn ərazisindən də ərazilərimizə hücum etdi. Ordumuzun bölmələri hücumun qarçısını qətiyyətlə aldı. Ali Baş Komandanın əmri ilə ordumuzun əks-hücum əməliyyatı Vətən müharibəsi kimi davam edirildi. Ordumuzun şəxsi heyətinin döyüş əzmi, qələbə ruhu ilk döyüşlərdən ordunun gücünə, qüdrətinə çevrildi.

Fuad Rüstəmovun xidmət etdiyi bölük də döyüşlərə cəlb edildi...

Ağdərə uğrunda döyüşlərdə mərmi qəlpələri əsgər Fuad Rüstəmovun ayaqlarını, sol qolunu yaraladı. Fuad özünü toparlayıb geri çəkilməyə başladı. Getdikcə gücü azalırdı... Əsgər Fuad Rüstəmov Ağdama, ordan Ağcabədiyə təxliyə edildi. Ona ilkin yardım göstərildi... ...Ayaqlarının yaraları qaysaqlamağa başladı...

Baş ağrılarına, ürək nahiyyəsində ağrılara görə müayinəyə gedib. Müayinə edən həkim heyrətlə Fuada baxıb. Onu rentgenə göndərib...

Silahlı Qüvvələrin Mərkəzi Klinik Hospitalında aparılan nəzarət müayinəsi həkimin təxminini təsdiqlədi: əsgər Fuad Rüstəmovun ürəyində qəlpə var. Sol qolundakı qəlpə aylar sonra ürəyinəcən çatıbmış, ürəyindəymiş. Fuad bundan xəbərsiz olub...

Təcili əməliyyat olunmalıydı Fuad.

Əməliyyatı Vətən müharibəsi dövründə apardığı əməliyyatların davamı kimi ürək-damar cərrahı Anar Əmrah apardı...

Döyüşçünün döyüş ərəfəsində düşündükləri ilə cərrahın (həm də ürək-damar cərrahının) da əməliyyatdan əvvəl düşüncələri arasında mətləb eyniliyi olur: Vətən, torpaq, qələbə...

“Az qala üç ay əsgərin damarlarında gəzişən qəlpə ürəyini deşmişdi, ürəyindəydi. Çox qalsa ölümlə də nəticələnə bilərdi. Təcili əməliyyat aparılmalıydı. Əməliyyatdan əvvəl əsgərlə söhbətləşmişdik. Döyüşdən, döyüşənlərdən, yaralananlardan, şəhidlərdən, qələbədən danış­mış­dıq. Ürəyindəki qəlpədən söz açmadım. “Yenidən xidmət edə biləcəksən, əsgər qardaşım” – dedim. İnandığım, inandırmaq istədiyim fikir Fuadın baxışlarına sərilmiş narahatlığı kürüdü...”, – uzman cərrah Anar Əmrah Fuadla əməliyyatqabağı kəlmələşməsini belə xatırlayır...

Bir də döyüşçü ömrünü düşünür cərrah; döyüşçü ömrünü düşünmək, döyüşçünün ömrünün yaxasından yapışmaqda olan ölümü öldürməkdir. Yəni bu, Vətəni, torpağı, qələbəni düşünmək deməkdir. Bu, cərrahın (konkret olaraq Anar Əmrahın) yaşama (yaşatma) fəlsəfəsinin tərkib hissələrindəndir.

“Ürək-damar cərrahı Anar Əmrah haqqında eşitmişdim. Anam onun loğmanlığına, uzmanlığına yaxşı bələdmiş. Anamın “Anar Əmrah ürəyindəki qəlpəni çıxardacaq, oğlum. Tanrının bizə lütfüdü ki, cərrahın Anar Əmrah oldu...” demişdi”. Fuad belə dedi. Baxışlarını pərdələyən şükranlığı düşüncələrimin salavatı bildim: bu kəlmələr təkcə ana təsəllisi olmayıb, təsəlli kimi səslənən gerçəklik, gerçəkliyi qabaqlayan ana duyumu olub, – dedim.

Fuadın ağrıları sovuşub. 

Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Fuad Rüstəmov “Cəsur döyüşçü” medalı ilə təltif edilib...

Rəşid Hüseynov