Ümummilli lider Heydər Əliyev: Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır
Hər il dünyada 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Qeyd etdiyimiz günü bir neçə tarixi hadisə ilə əlaqələndirirlər. Belə ki, bəzi mənbələrə görə, bu tarix 1 iyun 1925-ci ildə İsveçrənin Cenevrə şəhərində baş tutan beynəlxalq konfransla əlaqədar seçildiyi düşünülür. Həmin iclasda mütəxəssislər yetkinlik yaşına çatmayanların rifah səviyyəsini yaxşılaşdırmaq və normallaşdırmaq yollarını müzakirə edib. Çinin San-Fransiskodakı o zamankı baş konsulu Uşaqların Hüquqlarının Müdafiəsi Gününün təşəbbüskarlarından biri kimi qeyd olunur. Elə qeyd olunan ildə də valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün “Duan-u-tsze” xeyriyyə festivalı təşkil edildi. Uşaqların qarşılaşdıqları problemlər sözügedən festival nəticəsində daha da qabardıldı və ictimaiyyətin diqqətinə çatdırıldı.
Artıq 1949-cu ilin noyabrında Parisdə Beynəlxalq Demokratik Qadınlar Federasiyası tərəfindən xüsusi iclasda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qəbul edildi. Növbəti ilin, 1 iyun tarixində dünya ilk dəfə bu günü rəsmi şəkildə qeyd etdi. Yeri gəlmişkən xatırladaq ki, o dövrdə II Dünya müharibəsi zamanı valideynsiz və sığınacaqsız qalan uşaqların vəziyyəti olduqca ağır idi.
Göründüyü kimi, yayın birinci ayının ilk gününə təsadüf edən Uşaqların Beynəlxalq Müdafiəsi Günü 1950-ci ildən bəri dünyada qeyd olunan ən ünlü beynəlxalq bayramlardan biridir. Hələ o zaman BMT öz növbəsində bu təşəbbüsü dəstəklədi və uşaqların hüquqlarının, həyatının və sağlamlığının qorunmasını prioritet sahələrdən biri elan etdi. Uşaqların Beynəlxalq Müdafiəsi Günü, hər şeydən əvvəl, yetkinlərə uşaqların yaşamaq, fikir və din azadlığı, təhsil, istirahət və asudə vaxtlarına, hobbilərinə, hüquqlarına hörmət etməyi xatırladır. Eyni zamanda, onları fiziki və psixoloji zorakılıqlardan, istismardan qorumaq ehtiyacını da aşılayır. Əlbəttə, humanist və ədalətli cəmiyyətin formalaşması üçün yuxarıda qeyd edilənlərin hər biri zəruri şərtlərdir.
Bir neçə il sonra - 1959-cu ildə BMT Uşaq Hüquqları Bəyannaməsini qəbul etdi. Həmin sənəddə BMT valideynləri, dövlət qurumlarını, yerli hakimiyyət orqanlarını, hökumət və qeyri-hökumət təşkilatlarını uşaqların göstərilən hüquq və azadlıqları tanımağa, onlara riayət etməyə çağırırdı.
Uşaqlar hər bir ölkədə əhalinin təxminən 20-25% -ni təşkil edir. Onlar fərqli ölkələrdə yaşasalar da müxtəlif təhlükələrə məruz qalırlar. Məsələn, bugünkü statistikaya görə inkişaf etmiş ölkələrdə uşaqlar televiziya və kompüter asılılığının mənfi nəticələrinin qurbanı olurlar. XXI əsrdə hər mənbədən məlumat əldə edilə bilər və bu “əlçatan” informasiyalar heç də həmişə övladlarımız üçün fayda gətirmir. Digər narahatedici məqam isə Qərbi Avropada uşaqların çox erkən cinsi inkişafı ilə bağlıdır. Yaponiyada əsas təhlükə kimi ənənəvi tərbiyə metodlarının get-gedə sıradan çıxması, əvəzində Qərb vərdişlərinin və davranış formalarının getdikcə daha çox yayılması göstərilir. Afrika və Asiyanın az inkişaf etmiş ölkələrinin uşaqları aclıq, QİÇS, savadsızlıq və hərbi qarşıdurmalarla üzləşirlər.
Qonşu Rusiya Federasiyasında 2010-cu ildə nəşr olunan “Rusiyadakı uşaqlar” statistik məcmuəsinə görə, ölkədə 26 milyondan çox azyaşlı var idi. Yenə statistikaya görə hər il Rusiyanın uşaq əhalisi 1 milyon nəfər azalır və valideyn himayəsi və uşaq evlərində qalan uşaqların sayı ildə 4-6 min nəfər artır.
Uşaqlar mənsub olduqları torpağın, ölkənin ümidi, gələcəyidir. Qayğı, diqqət, yüksək həssaslıq tələb edən uşaqlar, eyni zamanda, Azərbaycanda da dövlət siyasətinin ən vacib prioritetidir. Ulu öndər Heydər Əliyevin : “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” sözləri gələcəyimiz olan körpələrin ehtiyaclarına, inkişafına və tərbiyəsinə olan dövlət qayğısının bariz nümunəsidir. Əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu dövlət uşaq siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bəzən biz böyüklər uşaqların hələ az şey başa düşdüklərini zənn edirik. Çox zaman onların söylədiklərinə səthi yanaşırıq. Lakin uşaq neçə yaşında olursa olsun, hər şeyi bir yetkin kimi dərk edir. Bu səbəbdən, uşaqları qayğı və sevgi ilə əhatə etmək vacibdir. Onlara yalnız maddi deyil, həm də mənəvi qida verilməlidir. Uşaqlar valideynləri tərəfindən dəstəklənən, təqdir edilən zaman özlərini xoşbəxt və təhlükəsiz hiss edirlər.
Günel Eyyubova, “İki sahil”