10 iyun 2021 10:12
737

Qəhrəmanlığı dillərdə dastan olan Saməddin FOTO

İkinci Qarabağ  müharibəsinin qəhrəman şəhidi  Saməddin Mehman oğlu Fərziyev  Lerik rayonunun  Xanagah kəndində dünyaya göz açmışdı. Bu Vətən sevdalısı 19 yaşında Azərbaycanın  şərəfini uca tutmaqla ölməzliyə qovuşdu.  Torpaq uğrunda 44 günlük haqq  savaşımızda tarixi zəfərin qazanmasında  Saməddinin    yaşının çərçivəsinə  sığmayan  qəhrəmanlığı indi insanların dilindən düşmür.  Qorxmaz, cəsur Vətən oğlunun keçdiyi şərəfli ömür yoluna  Lerik camaatı örnək kimi baxır. Dövlət tərəfindən ölümündən sonra layiq görüldüyü  “Vətən uğrunda” medalı  şəhid Saməddinin  şöhrətini  bir qədər də ucaldır, yüksəklikdə saxlayır.

Saməddin Fərziyev xalqa fayda vermək, doğma yurdunun hər bir işinə gərək olmaq arzusu ilə  müstəqil həyata başlayır. Elə xoşbəxtliyi də  məhz  bunda görür.  Gözəl daxili hisslərə malik  gəncin düzlüyü, təmizliyi, mənəvi saflığı, xeyirxahlığı yaşadığı cəmiyyətdə özünü yaxşı göstərir. Etimad, hörmət sahibi olaraq 2019-ci ildə  ordu sırasına yollanır.

Vətənini canında artıq sevən Saməddin cəbhə  xəttində  layiqli, sədaqətli  bir övlad təki  Azərbaycana xidmət edir. Şəxsi keyfiyyətləri ilə  əsgər yoldaşların, komandirlərin yanında hörmət qazanır. Vətən torpaqların tezliklə düşmən tapdağından qurtulması  əsas amalı olur. Və məqamı gələndə yağıya layiqli  cavab vermək üçün hərbin  sirlərini həvəslə  öyrənir, qatıldığı təlimlərdə  əla döyüşçü  keyfiyyətləri nümayiş edir.  Vətənpərvər, hünərvər oğlunun  hər an  halal torpağı uğrunda canında keçmək  istəyi başqalarına da qürur verir.

Ötən ilin 27 sentyabrda başlanan   Qarabağ  müharibəsində  bütün igid oğullarımız kimi, Saməddin də  Vətən torpaqlarının müdafiəsinə qalxır. Cəbrayıl, Füzuli, Xocavənd döyüşlərində  mərdliklə vuruşur,  30 il işğal altında qalan torpaqları  geri qaytarmaq niyyəti ilə  bir-birindən çətin əməliyyatlarda  düşmənin başına od ələyir.  Düşmənin texnikasını, canlı qüvvəsini məhv etməklə bərabər, neçə-neçə  yaralı silahdaşını  atəş zonasından uzaqlaşdırır.  21 oktyabrda yağı gülləsi Saməddindən yan keçmir. Torpaq igid əsgərin   müqəddəs qanına boyanır.  Elə bu qanlar hesabına yağı basılır, Qarabağ azad olunur.

Bəli, Saməddin  can verdi yurdunu  yaşatmaq üçün. Odur ki, müdriklər beşiyi, qəhrəmanlar diyarı Azərbaycan var olduqca, o da ürəklərə yaşayacaq.  

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü