10 iyun 2021 22:15
1032

Antimilli ünsürlərin dəyişməz siması: Vicdansızlıq

Daxildəki və xaricdəki anti-Azərbaycan qüvvələrin sosial şəbəkələrdəki paylaşımları onların vətəndaşlıq təəssübkeşliyindən nə qədər uzaq, simasız olduqlarını açıqlayır 

44 günlük İkinci Qarabağ müharibəsinin  tariximizə yazdığı Zəfər harada yaşamasından asılı olmayaraq torpaq, Vətən sevgisini hər şeydən üstün tutan azərbaycanlılarda, dost ölkələrdə böyük sevinc, qürur hissi yaratdığı halda «sapı özümüzdən olan baltalar»ın yenə də ənənələrinə sadiqlik nümayiş etdirərək, Qələbəmizə qara eynəkdən baxmaları onların nə qədər simasız, şəxsi ambisiyalarının qulu olduğunu nümayiş etdirir. Hər zaman yazılarımızın mahiyyətində dayanan bir məqamı yenə də təkrarən qeyd etmək istərdik ki, illərdir müxalifətçilik anlayışının mahiyyətini dərk etməyən radikal ünsürlər hələ də reallıqla barışmaq istəmirlər ki, xalq onları siyasi səhnədə görmək istəmir, tarixin zibilliyinə çoxdan atıb.

İkinci Qarabağ müharibəsi zamanı dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasətə 50-dən artıq siyasi partiyanın dəstək olması, bunu öz bəyanatlarında  ifadə etmələri ölkəmizdə vətəndaş həmrəyliyinin,  siyasi dialoq mühitinin mövcudluğunu təsdiqlədi. Bunun ardınca Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulması barədə qərarı da həyata keçirilən siyasətə dəstəyin göstəricisi kimi dəyərləndirildi. Yenə də bu proseslərdən kənarda qalan  radikal ünsürlər və xaricdəki əlaltıları oldu.

Vətənpərvərlik hisslərindən uzaq, şəxsi maraqlarının əsiri olan bu ünsürlər sosial şəbəkələrdə paylaşımları ilə ictimai qınağı birə on qat artırdılar. Bu gün də həmin çirkin ənənələrini davam etdirməkdədirlər.

Yarandığı gündən xaricin layihəsi olduğu açıqlanan, xarici anti-Azərbaycan qüvvələrin göstərişləri əsasında idarə edilən, fürsət düşdükcə Azərbaycanın demokratik imicinə zərbə vurmaq üçün küçə yürüşlərinə, aksiyalara can atan «Milli Şura»çıların rəhbəri  Cəmil Həsənli «ziyalı» adına ləkə gətirən açıqlamaları ilə  gündəmdədir. Tarixçi alimin istər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində  addımların atıldığı, istərsə də 44 günlük Vətən müharibəsi, istərsə də postmüharibə dövründə  Azərbaycan həqiqətlərinin təbliğinə dəstək olmaq əvəzinə uğurlarımıza kölgə salmaq cəhdi ictimaiyyətdə böyük narazılıqlar yaratmaqla yanaşı, belələrinin Azərbaycan xalqı adından danışmağa üzləri olduğunu böyük təəssüf hissi ilə qeyd edirlər. Vətən müharibəsində Zəfərimizdə dövlətimizin başçısı İlham Əliyevin liderliyini, bu gün qalib ölkənin qalib Sərkədəsi kimi dünyada nüfuz qazanmasını qısqanclıqla qarşılayan cəmil həsənlilər  unudurlar ki, bugünkü Azərbaycan, Azərbaycan xalqı Birinci Qarabağ müharibəsi dövrünün Azərbaycanı, Azərbaycan xalqı deyil.  Ötən  müddət ərzində ölkəmiz  ulu öndər Heydər Əliyevin dahiyanə uzaqgörənliklə  müəyyənləşdirdiyi siyasətin və son 17 ildə Prezident İlham Əliyevin bu xətti uğurla davam etdirməsi nəticəsində ən yüksək zirvələri fəth edir. Bütün sahələrdə təcrübəsi nümunə olan Azərbaycanın diplomatik mübarizədə qələbəsi, möhkəm hüquqi bazaya əsaslanan mövqeyi döyüş meydanında Zəfərimizə geniş yol açdı.  Cəmil həsənlilərin bu gün Zəfərimizi böyük qısqanclıqla qarşılamaları başadüşüləndir. Azərbaycan həqiqətlərinin təbliğində, diplomatik mübarizədə qələbəmizdə bir «tarixçi alim» kimi zərrə qədər əməyinin olmamasından utanc hissi keçirir. Amma bu da real görünmür. Əməllərindən utanc hissi keçirən dövlət maraqlarının qorunmasında vətəndaşlıq təəssübkeşliyinin nə qədər böyük rola malik olduğunu dərk edər, cılız hisslərlə yaşamaz, ölkəmizin uğurlarından qürur duyar, gənc nəsilin milli ruhda tərbiyəsinə öz töhfəsini verər. Amma bu gün böyük qürur hissi ilə  qeyd edirik ki, Azərbaycan gəncləri sağlam düşüncəli gənclikdir, belə ünsürlərin apardıqları qərəzli təbliğatlara uymur, Vətən, torpaq sevgisini hər şeydən üstün tutaraq 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı 44 gündə azad etməklə xalqımızın necə yenilməz, məğlubedilməz xalq olduğunu nümayiş etdirdi.

Cəmil həsənlilər hazırkı dövrün informasiya müharibəsi dövrü olduğunu nəzərə alıb illərin erməni sevgisindən yaxa qurtara bilsəydilər, mənfur düşmənin əsl simasının təqdimatında paylarının olmasına səy göstərərdilər. Amma bu da gözlənilən deyil. Əbəs yerə deyilmir ki, «qozbeli qəbir düzəldər.» Şəxsi maraqlarının əsiri olan cəmil həsənlilərə bu  reallığı da xatırlatmaq istərdik ki, milyonlara satdıqları   mənəviyyatlarını bərpa etmək üçün belə vəsaitləri külli miqdarda xərcləsələr də mümkün deyil. Mənəviyyatını, dövlətinin maraqlarını pula satanlar Azərbaycan vətəndaşı ola bilməz. Xalqımızın zəngin tarixi, milli-mənəvi dəyərləri vardır. Cəmil Həsənli kimiləri ancaq və ancaq xaricdən gələn ssenarilərə uyğun olaraq Azərbaycanın, Azərbaycan hakimiyyətinin nüfuzuna xələl gətirmək düşündürür. 

Müsavat Partiyasının başqanı Arif Hacılı  yazdığı statusuna olan münasibətdən danışır. Qaçqınların qaytarılmaması məsələsini qeyd edib.

Arif Hacılı görünür işğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq və bərpa işlərindən, Böyük Qayıdışın reallaşdırılmasına xidmət edən addımlardan «xəbərsizdir».  Hazırda dövlətimizin həyata keçirdiyi siyasətin əsasında  sahibinə qayıdan torpaqlarımızda bərpa və quruculuq işlərinin həyata keçirilməsi,  30 ilə yaxın torpaq həsrəti, niskili ilə yaşayan soydaşlarımızın Böyük Qayıdışının tezləşdirilməsi dayanır. Dövlətimizin başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri yeni sosial obyektlərin təməlinin qoyulması ilə yadda qalır. Hazırda «Ağıllı şəhər» və «Ağıllı kənd» layihələrinin icrasına başlanıb ki, bu da öz növbəsində Böyük Qayıdışın qısa zamanda reallığa çevrilməsinə xidmət edir.

AXCP sədri Əli Kərimli yenə də ictimai fikri çaşdırmaq yolunu tutmaq «bacarığını» nümayiş etdirməyə çalışır. Özünü «vətənpərvər» göstərməyə çalışan əli kərimlilər 44 günlük İkinci Qarabağ müharibəsi dövründə seyrçi mövqedə dayanmağına hansı bəraəti qazandırır? Dövlətimizin  torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən şəhidlərimizin ailələrinə, qazilərimizə diqqət və qayğısı göz önündədir. Cənab İlham Əliyevin Sərəncamı əsasında 27 sentyabr Anım Gününün, 8 noyabr Zəfər Gününün təsis edilməsindən sonra dövlətimizin başçısının  bu günədək imzaladığı sənədlərə diqqət yetirsək böyük əksəriyyətinin bu kateqoriyadan olan vətəndaşlara diqqət və qayğıya həsr olunduğunu görərik. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 10 noyabr üçtərəfli razılaşmasının imzalanmasından sonra dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ilk görüşünin 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan həbçilərlə olması də təsadüfi deyildi. Dövlətimizin başçısı bildirmişdir ki, gəlmişəm ki, şəxsən sizə öz təşəkkürümü bildirim, təbrik edim. Mənim təbrik etdiyim birinci insanlar sizsiniz və sizin simanızda  bütün qəhrəman döyüşçülərimizdir. Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam, mənə arxalana bilərsiniz.    

AXCP üzvü Fuad Qəhrəmanlının statusu Əli Kərimlinin ssenarisinin davamıdır. Bu bədnam status Dövlətimizin başçısının rəhbərliyi ilə tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həllinin dağıdıcı müxalifət düşərgəsində  necə qısqanclıqla qarşıladığını qabarıq şəkildə büruzə verir. Ölkə Prezidentinin tarixi Zəfərinə kölgə salmağa çalışan AXCP təmsilçisi ictimai qınaqla üz-üzədir. 

Siyasi şərhçi Ərəstun Oruclu öz paylaşımı ilə ictimaiyyətin narazılığına və sərt reaksiyasına səbəb olur. Dövlətimizin humanizm siyasətini öz maraqlarına uyğun təhlil edən ərəstunlar həqiqətə həqiqət gözü ilə baxsalar humanizmin mahiyyətini düzgün şərh edərlər.

Bir sözlə, bu ünsürlərin sosial şəbəkələrdə paylaşımları onların xarici himayədarlarından aldıqları sifarişlərin təqdimatıdır. Xalqa deyil, xarici anti-Azərbaycan dairələrə arxalanan, onların ssenariləri əsasında durub oturan belələrindən ölkəmiz haqqında müsbət fikir gözləmək sadəlövhlük olar. Xalq onlara lazım olan dəyəri verib-Tarixin zibilliyi. Bu qiymətdən dərs almaq əvəzinə, daha da anti-Azərbaycan təbliğatı aparmaq  sağalmaz xəstəliklərinə işarədir. Bu xəstəliyin adı xəyanətkarlıq, mənəviyyatın itirilməsi, ən əsası satqınlıqdır.

Yeganə Cəlilqızı, «İki sahil»