Fəxri ad almış mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim olunub

02 mart 2016 00:53
99

Martın 1-də Muzey Mərkəzində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təltif edilmiş mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim olunub.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mədəniyyət və incəsənətin inkişafında xidmətləri olan şəxslərə göstərilən dövlət qayğısından söhbət açıb, onların əməyinə verilən qiymətin yaradıcılıq prosesinə müsbət təsir göstərdiyini bildirib. Vurğulanıb ki, ulu öndər Heydər Əliyev tərəfindən mədəniyyət və incəsənət xadimlərinə göstərilən diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Mədəniyyətimizin dünyada tanıdılması və təbliği istiqamətində görülən işlərdən bəhs edən nazir Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu sahədə xidmətlərini xüsusi qeyd edib.

Bildirilib ki, ölkə rəhbərliyi bu ilin əvvəlindən müxtəlif sahələrdə çalışan insanların əməyini yüksək qiymətləndirərək onları mükafatlandırıb. Ölkə həyatının digər sahələrindən fərqli olaraq, mədəniyyət sahəsində təltif olunanların sayı daha çoxdur. Bu da özlüyündə mədəniyyət aləmində əldə olunan nailiyyətləri əks etdirir. Bu gün incəsənət ustalarımız müxtəlif ölkələrdə Azərbaycanı layiqincə təmsil edirlər. Dünyanın dörd bir tərəfindən mədəniyyətimizin əks-sədası gəlir, Azərbaycan mədəniyyətinə dünya xalqlarının marağı gündən-günə artmaqdadır. Ölkəmiz dünya səviyyəsində daha geniş tanınır. Buna səbəb aparılan düzgün siyasət və ölkə rəhbərinin bu siyasətini dəstəkləyən insanlardır. Mədəniyyət və incəsənət ustalarının əldə etdikləri nailiyyətlər, onların əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Bu siyasəti dəstəkləyərək mədəniyyət sahəsində çalışan hər bir kəs daha da böyük layihələrə imza atmalı, mədəniyyətimizin tanıdılması üçün yaradıcı potensialını əsirgəməməlidir.

Sonra ölkə başçısının müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Şöhrət” ordeni, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ”, “Tərəqqi medalı”, “Dövlət qulluğunda fərqlənməyə görə”, “Xalq Artisti”, “Xalq Rəssamı”, “Əməkdar Mədəniyyət İşçisi”, “Əməkdar Artist”, “Əməkdar İncəsənət Xadimi”, “Əməkdar Rəssam”, “Əməkdar Jurnalist” fəxri adlarına layiq görülmüş şəxslərə fəxri adların vəsiqə və medalları təqdim olunub.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Xalq Artisti Aftandil İsrafilov və digərləri çıxış edərək fəaliyyətlərinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər.